29 oktyabr 2019 17:08
1305

Türkiyə-Rusiya münasibətləri: qlobal geosiyasətdə qüvvələr nisbəti və Soçi razılaşması

Prezident Rəcəb Tayyib Ərdoğanın Soçiyə səfəri ciddi geosiyasi əhəmiyyət daşıyır. Ekspertlər Putin-Ərdoğan görüşünü bir sıra aspektlərdə dünya siyasətində qüvvələr nisbətini dəyişə biləcək hadisə kimi təqdim etməyə çalışırdılar. Bu proqnoz maraqlı tərzdə öz təsdiqini tapdı. Soçidə iki Prezident qlobal geosiyasət və Yaxın Şərqin gələcəyi aspektlərində əhəmiyyətli müzakirələr apardı. Əldə edilən razılaşmalar Suriyada vəziyyətin normallaşmasında ciddi rol oynayacaq. Dünya ictimaiyyətinin də bu hadisəyə reaksiyası vurğulanan tezisin əsaslı olduğunu təsdiq edir. ABŞ və Avropa Soçi sənədini müsbət qiymətləndiriblər. Hesab edilir ki, razılığa əməl edilərsə, münaqişə, ümumiyyətlə, tam olaraq aradan qalxa bilər. Bunun fonunda Türkiyənin dünya miqyasında mövqeyinin möhkəmlənməsi çox önəmli məsələdir.

Reallığa uyğun yanaşma: Moskva və Ankara nümunə göstərirlər

Dünya səbirsizliklə V.Putin-R.T.Ərdoğan görüşünü gözləyirdi. Soçidə nəzərdə tutulmuş bu görüşdə Suriya ilə bağlı mühüm qərarlar alınmalı idi. Bu ümid bütövlükdə özünü doğruldub. İndi KİV-lər qlobal qüvvələr nisbətinə belə təsir edə biləcək hadisənin baş verdiyindən bəhs edirlər. Doğrudan da, məsələnin miqyası o dərəcədə böyükdür ki, onun təsirinin uzunmüddətli olacağına şübhə yoxdur. Bu bağlılıqda bir sıra maraqlı məqamlar mövcuddur ki, onların geosiyasi qiymətləndirilməsi lazım gəlir.

Hər şeydən öncə, bir sıra dairələrin Yaxın Şərqdə region xalqlarına düşmən ola biləcək terror dövlətinin yaradılması cəhdlərinin qarşısı alındı. Bəzi KİV-lər bu dövlətin kürdlərə aid olacağını yazırdı, lakin reallıqda o, qondarma qurumdan başqa bir şey olmayacaqdı. Üstəlik, regionda Türkiyəyə, İrana, Suriyaya və İraqa düşmən kəsiləcək, Rusiya və Çinlə mübarizəyə girişəcəkdi. Ancaq, açıq deyək ki, Türkiyənin fədakarlığı və Donald Trampla V.Putinin dəstəyi sayəsində bu gizli plan puç oldu.

ABŞ Prezidentinin bu planı pozanların arasında olması təəccüblü deyil – o, çoxdandır ki, özündən əvvəlki Prezidentin düzgün addımlar atmadığını deyirdi. Konkret olaraq Suriyada və İraqda PKK ilə ABŞ-ın müttəfiqliyini üzqarası adlandırırdı. Deməli, D.Tramp da imkanı daxilində bu cür məkrli planların pozulmasına yol açıb.

Ancaq əsas ağırlıq Türkiyənin üzərinə düşdü. Ankara həm siyasi iradə, həm də dövlətin gücünü ortaya qoydu. Açıq-aşkar görünürdü ki, Türkiyə dövlət olaraq dünya miqyasında sözünü deyib, onu qəbul etdirə bilən qlobal güc halına gəlməkdədir. Bizcə, bu, qlobal geosiyasi proseslərin gələcəyi aspektində çox mühüm amildir.

Suriyanın gələcək taleyində bu hadisə ciddi rol oynadı. Faktiki olaraq, Türkiyə Suriyanın ərazi bütövlüyünü suriyalılara yenidən qazandırdı. Təbii ki, bunda Rusiyanın çox böyük dəstəyi mühüm rol oynadı. Bəşər Əsəd bir şəxs olaraq başqa məsələdir. Onun siyasi gələcəyi itirilmiş kimi görünür. B.Əsəd indi rahat İdlibə gedə bilirsə, bunda ruslarla türklərə çox borcludur. Deyəsən, hələlik o, bunu tam dərk etməyib və ya reallığı qəbul etməkdə çətinlik çəkir. Hər bir halda, artıq Dəməşq ərazisinin böyük bir qismini Türkiyə və Rusiyanın hesabına terrorçulardan qan tökülmədən qurtara bildi.

Bu prosesdə İran da qazananlar sırasındadır. Tehran Türkiyəyə qarşı bir qədər qeyri-müəyyən mövqe tutmasına baxmayaraq, Soçi memorandumunu dəstəklədiyini və onun Suriya üçün sabitləşdirici amil olduğunu bildirib. Bu mərhələdə də Türkiyə bir dövlət olaraq regionda mənəvi-əxlaqi zirvədə dayandığını nümayiş etdirdi.

Avropa ölkələri də mövqelərinə düzəlişlər edirlər. Türkiyənin ABŞ və Rusiya ilə problemləri böyük güc kimi yoluna qoyması onları silkələyib. Fransa, Almaniya və Böyük Britaniya indi hədə dili ilə deyil, Türkiyə-Suriya istiqamətində əməkdaşlıqdan danışırlar. Hətta bir yerdə Türkiyə rəhbərliyi ilə görüşməyi planlaşdırırlar. Məsələ ondan ibarətdir ki, artıq Ankara Suriyada birgə layihələr həyata keçirməyə imkan verəcək prosesə başladığını bəyan edib. Xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, dünya ictimaiyyəti "əlini daşın altına qoymalıdır". Konkret olaraq, ABŞ, Avropa, Rusiya, İran, Çin və başqa böyük dövlətlər Suriyaya 3 milyon qaçqının qayıtmasına və orada yerləşdirilməsinə yardım etməlidirlər. Türkiyə təkbaşına bunu etməli deyil. Maraqlıdır ki, layihələrdə iştirak etmək arzusunda olanlar az deyil.

Yeni geosiyasi konfiqurasiya: çoxqütblü modelə doğru

Bunların fonunda ABŞ-ın mövqeyi maraqlı görünür. Yenə də D.Tramp Türkiyə-Rusiya razılaşmasına müsbət reaksiya verib. O deyib ki, "Suriyanın şimalından yaxşı xəbərlər alınır". Türkiyə ordusu hərbi əməliyyatları dayandırdığını bəyan edib. Çünki Soçi sənədinə görə, 150 saat ərzində terrorçular nəzərdə tutulan əraziləri tərk etməlidirlər. Əks təqdirdə, türk silahlı qüvvələri yenidən hərəkətə keçəcək. Bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov açıq deyib. O söyləyib ki, "YPG çəkilməsə, Rusiya hərbi polisi və Dəməşqə bağlı olan güclər geri çəkiləcəklər və türk ordusu terrorçuları əzib keçəcək". Amerikalılardan fərqli olaraq, ruslar ciddi olduqlarını, əldə olunan sazişə sadiq qaldıqlarını göstərdilər. Əlbəttə, hər kəs bundan öz nəticəsini çıxarmaqdadır.

Əslində, 10 maddədən ibarət olan sazişdə hər şey aydın yazılıb. Suriyanın ərazi bütövlüyünə hörmət konkret ifadə edilib. Türkiyənin sərhədi yaxınlığında terrorun olması anormal sayılıb. 30 kilometrlik təhlükəsizlik zonası yaradılır (bəzi yerlərdə 10 kilometrdən bəhs edilir, lakin bu da həmin əraziyə ortaq rus-türk nəzarətinin həyata keçirilməsi kontekstində verilir). Türkiyə ilə sərhədin bütün məntəqələrindən YPG (və deməli, SDG) hərbi birləşmələrini 32 kilometr uzaqlaşdırır. Onlar silahları təhvil verib, vətəndaş kimi qalırlar. Deməli, faktiki olaraq, Suriyanın federallaşması və muxtar qurumlara ayrılması təhlükəsi aradan qalxır. Buna Rusiya və Türkiyə qarant dururlar.

Həmin faktı əsas tutan bəzi ekspertlər Amerikanın Türkiyə ilə hərbi toqquşmaya gedəcəyini yazırdılar. Hətta Maykl Pompeo belə bir variantı istisna etməmişdi. Ancaq müdafiə naziri Mark Esper açıq bəyan edib ki, Türkiyə kimi önəmli bir strateji tərəfdaşla ABŞ müharibə etməz və bunu heç düşünmür də. Türkiyə uzun illərdir ki, dünyanın hər yerində ABŞ-la birgə antiterror əməliyyatlarında iştirak edir. D.Trampın yuxarıda vurğuladığımız fikrini də buraya əlavə etsək, məlum olur ki, bütövlükdə Vaşinqton məmnundur. Onun artıq Suriyada radikal qrupları müdafiə etmək kimi bir həvəsi qalmayıb.

Təbii ki, bütün bunlar çox vacib məqamlardır. Türkiyə, faktiki olaraq, dünyanın iki böyük gücünü Suriyada ortaq mövqeyə gətirə bilib. İndi Suriyanın gələcəyi ilə bağlı növbəti addımları atmaq lazım gəlir. Bundan başqa, Türkiyə üçün Rusiyanın verdiyi sözə əməl etməsi çox vacibdir. Jurnalistlərin bununla bağlı verdiyi suala cavabında Türkiyə Prezidenti açıq deyib ki, əgər vədlər yerinə yetirilməzsə, Türkiyə hərbi əməliyyatları bərpa edəcək. Ancaq V.Putin qətiyyətlə terrorçuları oradan uzaqlaşdıracaqlarını və onların Suriya ordusu sıralarına qatılmasına imkan verməyəcəklərini ifadə edib.

Belə görünür ki, Türkiyənin fəallığı qısa bir zamanda qlobal və regional geosiyasi dinamikada qüvvələr nisbətini əhəmiyyətli dərəcədə dəyişib. İndi Yaxın Şərq məsələsində Türkiyə əsas söz sahibidir. Ankaranın ABŞ-la Rusiya arasında manevr imkanlarının tükəndirildiyindən dəm vuranlar susurlar. Və yaxud müxtəlif əsassız arqumentlərlə Türkiyənin bu və ya digər böyük gücün yanında durmağa çalışdığını deyənlər yanıldıqlarını gördülər. Türkiyə dünya miqyasında öz mövqeyini ortaya qoyub, onu qəbul etdirən güclü bir dövlətdir. Bu proses getdikcə daha da sürətlənəcək.

Vurğulanan məqamların başqa geosiyasi əhəmiyyəti Türkiyənin çoxqütblü dünyanın yaradılmasına ciddi töhfələr verməsinin dərk olunmasındadır. Rusiya ilə bu istiqamətdə birgə fəaliyyətin mühüm nəticələrindən biri də iqtisadi sahədə əməkdaşlıqda ifadə olunub. İki ölkə ticarət dövriyyəsini 100 milyard ABŞ dolları həcminə çatdırmaqla bağlı razılığa gəlib və bu istiqamətdə konkret sənədlər imzalayıblar. Türkiyə və Rusiya ticarəti milli valyutalarla aparmaqla bağlı da razılıq əldə ediblər. Bu da maliyyə aspektində iki böyük dövlətin alternativ addımlar atdıqlarını göstərir.

Beləliklə, R.T.Ərdoğanın Soçi səfəri tarixi əhəmiyyətə malikdir. Bu səfərdə həm Türkiyənin geosiyasi nüfuzu yüksəldi, həm də Yaxın Şərqdə illərdir təhlükə yaradan bir münaqişənin həlli istiqamətində konkret addım atıldı. Bu iki aspektin həmahəng şəkildə həyata keçməsi isə türk diplomatiyasının tarixi uğurudur. Şübhə yoxdur ki, Türkiyənin bu irəliləyişindən region xalqları ancaq qazanacaq, bütün sferalarda faydalana biləcəklər.

Bunların fonunda Ermənistan kimi qeyri-konstruktiv siyasət yürüdən ölkələrin də tədricən ram edilməsi prosesi başlaya bilər. İndi İrəvandan səs çıxmır. Burada Türkiyəni bütün dünyaya qarşı qoymağa cəhd göstərirdilər. Lakin ABŞ və Rusiya konkret məsələdə sübut etdilər ki, Türkiyə onlar üçün böyük güc və etibarlı tərəfdaşdır. Erməni xislətinin tarixi iflasına az qalır. Bu, Soçidən də yaxşı görünür!

Newtimes.az