19 may 2019 19:52
824

Türkiyənin gənclik və idman bayramı Gəncədə də qeyd edilib

Gəncədə 19 may - Atatürkü anma, Gənclər və İdman Bayramı Günü qeyd edilib.

Tədbirdə Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk, Gəncə Şəhər İcra Hakimiyyətinin təmsilçiləri, idman ictimaiyyətinin nümayəndələri və şəhər sakinləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları Türkiyənin Gəncədəki Baş Konsulluğunun binası önündən Xan Bağına yürüş ediblər.

Parkda günün mahiyyətini simvolizə edən çinar ağaçı əkilib.

Tədbir iki dövlətin himnlərinin səsləndirilməsi ilə başlayıb.

Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk hər il 19 may tarixində qeyd olunan bu əlamətdar günün əhəmiyyətindən danışıb.

Qeyd edilib ki, 19 may 1919-cu ildə Mustafa Kamal Atatürk Bandırma (İstanbuldan hərəkət edən) gəmisi ilə Samsuna gəlib. Antanta dövlətlərinin işğalına qarşı olan Qurtuluş Müharibəsinin Başlanğıcı olaraq qəbul edilən bu günü Atatürk gənclərə hədiyyə edib. Həmçinin, 19 may 1919-cü il, Türkiyə tarixində qurtuluş savaşının başlanğıcı hesab edilir.

Tədbirdə çıxış edənlər iki dövlət arasında tarixi əlaqələrdən, qardaşlıq münasibətlərindən söz açıb, bu əlaqələrin günü-günüdən möhkəmləndiyini vurğulayıblar.

Tədbirdə Gəncə Dövlət Filarmoniyasının solistiləri və Gəncə Dövlət Dram Teatrı aktyorları çıxış ediblər. Şəhərdə fəaliyyət göstərən Uşaq-Gənclər İdman-Şahmat Məktəblərinin idmançılarının nümunəvi çıxışları izlənilib.

Həmçinin Gəncə Uşaq Evinin, Musiqi Kollecinin “Buta” Vokal İnstrumental Ansamblının, Gəncə Uşaq Gənclər İnkişaf Mərkəzinin “Azərin” qəqs qrupunun çıxışları alqışlarla qarşılanıb.