16 fevral 2026 14:45
323

Türkiyənin gücü, “Çağrı Bey”in YENİ MİSSİYASI

Türkiyənin enerji donanmasına daxil edilən ən yeni qazma gəmisi “Çağrı Bey” qitələrarası ilk missiyasını icra etmək üçün səfərə yola düşüb. Gəmi Mersin vilayətinin Silifke rayonunda yerləşən Taşucu limanından yola düşərək Somaliyə doğru hərəkətə başlayıb. Səfər başa çatdıqdan sonra “Çağrı Bey” dərin dənizdə qazma fəaliyyətlərinə start verəcək.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar gəminin ilk fəaliyyət məntəqəsi olan Somaliyə yola salınması münasibətilə Taşucu limanında təşkil olunan mərasimdən əvvəl Somali neft və mineral resurslar naziri Dahir Şire Mohamed və Somali limanlar və dəniz nəqliyyatı naziri Abdulkadir Məhəmməd Nurla birlikdə gəmini ziyarət ediblər.

Alparslan Bayraktar çıxışında bildirib ki, ilk dəfə olaraq “Çağrı Bey” dərin dəniz qazma gəmisi ölkə hüdudlarından kənarda bir missiyaya çıxır: “Donanmamıza yeni qoşulan ‘Çağrı Bey’i Mersin Taşucu Limanından Somaliyə yola salırıq”.

Somali ilə strateji tərəfdaşlıq yeni mərhələdə

A.Bayraktar xatırladıb ki, Türkiyə Prezidenti Recep Tayyip Erdoğan 2011-ci ildə Somalidə yaşanan quraqlıq fəlakətindən sonra bu ölkəyə mühüm səfər edib və bununla beynəlxalq həmrəyliyin formalaşmasına töhfə verib. Onun sözlərinə görə, Türkiyə Somali xalqının rifahı və sabitliyi üçün bir sıra layihələr həyata keçirib.

Nazir vurğulayıb ki, xüsusilə son illərdə əldə olunan irəliləyişlər fonunda Somali Türkiyənin mühüm strateji tərəfdaşına çevrilib və enerji əməkdaşlığı bu tərəfdaşlığın əsas sütunlarından biridir.

Dəniz layihələri hüquqi mərhələdən praktik icraya keçir

A.Bayraktar bildirib ki, 7 mart 2024-cü ildə Somali ərazisində quruda və  dəniz bloklarında neft-qaz sahəsində əməkdaşlıq üzrə hökumətlərarası saziş imzalanıb, həmin ilin iyulunda isə üç dəniz sahəsi üzrə hasilatın pay bölgüsü haqqında razılaşmalar əldə olunub: “Beləliklə, açıq dənizlərdə neft və qaz kəşfiyyatı layihəmizi artıq hüquqi sənədlərdən faktiki icra mərhələsinə keçirmişik. 2024-cü ilin oktyabrında Türkiyənin seysmik tədqiqat gəmisi “Oruç Reis” Somali sularında üç sahədə araşdırmalar apararaq qitələrarası missiyasını uğurla başa vurub. Bundan başqa, 2025-ci ildə enerji donanmasına iki yeni ultra dərin dəniz qazma gəmisi əlavə olunub. Bu gəmilərin uzunluğu 228 metr, eni 42 metr, hündürlüyü isə 114 metrdir və 12 min metr dərinliyə qədər qazma imkanına malikdir. Yeni gəmilərdən biri artıq Qara dənizdə fəaliyyətə hazırlaşır və tezliklə axtarış işlərinə qoşulacaq.”

Qlobal enerji əməkdaşlıqları genişlənir

Türkiyəli nazir qeyd edib ki, Türkiyə enerji sahəsində beynəlxalq tərəfdaşlıqları da gücləndirir. Bu il ərzində “ExxonMobil”, “Chevron” və BP ilə strateji razılaşmalar imzalanıb.

Bundan əlavə, Türkiyənin milli neft şirkəti TPAO İspaniyanın “Repsol” şirkəti ilə birlikdə Libyada iki sahədə neft və qaz kəşfiyyatı hüququ əldə edib.

Nazirin sözlərinə görə, məqsəd 2028-ci ilə qədər gündəlik hasilatı 500 min barrelə, gələcəkdə isə 1 milyon barrel səviyyəsinə çatdırmaqdır.

Səfər marşrutu

Hündürlüyünə görə “Çağrı Bey” Süveyş Kanalından keçə bilməyəcək. Gəmi Aralıq dənizini tam keçdikdən sonra Cebelitarık Boğazı vasitəsilə Atlantik okeanına çıxacaq, Qərbi Afrika sahilləri boyunca hərəkət edərək Ümid Burnunu dolanacaq və nəhayət Mogadişu limanına çatacaq. Gəmini Türkiyə Hərbi Dəniz Qüvvələrinin bir neçə gəmisi, eləcə də enerji donanmasına məxsus dəstək gəmiləri müşayiət edəcək. Məqsəd qazma əməliyyatlarının təhlükəsiz, fasiləsiz və səmərəli şəkildə həyata keçirilməsidir.

Beləliklə, “Çağrı Bey”in qitələrarası missiyası Türkiyənin enerji strategiyasında yeni mərhələnin rəmzinə çevrilir.

Orxan Vahidoğlu, “İki sahil”