18 sentyabr 2019 11:34
269

Ucalarda ucalığı qoruyursunuz - Ön xətdən reportaj

Vətəni - ucalığı, müqəddəsliyi ucalardan qoruyanların əhatəsində sən də özünü əsgər sanırsan. Əslində, bu düşüncə müharibə dövrünün mahiyyətindən sıyrılan düşüncədir. Bu düşüncə cəbrən müharibəyə cəlb olunmuş bir xalqın qələbə ruhunu müəyyənləşdirir. Bu ruh yüksəkliklərdə, ucalıqlarda daha ötkəm olur...

Təbiətə bələd olanlar yaxşı bilir ki, dağlar yelsiz olmur. Bu payız günündə dağlarda könül küsdürməyən xırdaca yel əsir. Haradan hara əsdiyini duymaq çətin deyil. Hamımızın yumruqları düyünlənib...

Ucalıqdan hər tərəf “ovuc içi kimi” görünür. Gördüklərimizi gözlərimizə köçürməkdəyik. Hələ ki, xırdaca yel əsir...

Yamacla zirvənin qovuşacağında iri bir daş görünür. Diqqətimizi daşın yan-yörəsində bir-birinə söykəkli daşlar da çəkir. “Burada arxadı daş-daşa...”, - düşünürəm. Təbiətlə cəmiyyət arasında həmişə bir mütənasiblik, bir uyğunluq, hərdən də bir eynilik görürük. Bu ucalıqda qaya misallı daşın yan-yörəsində daşların belə düzülüşünün fəlsəfəsi deyir ki, cəmiyyətdə də belədi. Daşların düzülüşünü, düzülüşünün nizamını Vətəni ucalıqlarda qoruyanların qətiyyətinin, dönməzliyinin maddiləşmiş ifadəsinə yozmaq suç deyil...

Bu ucalıqda uca ruhlara siz bizlərdən bir ömür qədərincə yaxınsınız. Məmləkətin ehtiram ünvanı olan o ruhların ömrünü də, niyyət, muraz, döyüş yolunu da siz davam etdirirsiniz. Onların müqəddəs yolunu siz tamamlayacaqsınız. Böyük Qələbəni qazananların sırasında siz də olacaqsınız. Xəyallardan gerçəkliyə aparacaq yolun başlanğıcında zamanın ləng ötüşməsindən gileyli olduğunuzu hiss etmək çətin deyil, - əsgərlərə belə deyirəm. Əsgərlərin baxışlarını bürüyən doğmalıq dağların boyu bərabərindədi.

Bu doğmalığın cazibəsində zabit Aqil Hüseynovun baxışlarının sorğusu sezilən, hiss edilən, duyulan sorğudu, əsgərlərə ünvanlanıb: nə deyirsiniz? Əsgərlərin zabitdən üzülməyən baxışlarından da eyni mətləb oxunur. Əslində, sorğuların ikisinin də cavabı eynidi: “Elədi. Elə bil zaman ləng ötüşür...”....

Hamımızın diqqətini bir qədər aralıda qanadları yeri kölgələndirən bir qartal çəkir. Ecazkar uçuşdu. Baxdıqca baxmaq istəyirsən.

Göylərin sultanıdı gözlərimiz bərabərində uçur. Adama elə gəlir ki, bir az da belə getsə qartalın qanadlarının cazibəsi torpağı dikəldəcək.

Hələ ki, xırdaca yel əsir...

Dağlara yaxından bələd olanlar bilir ki, dağlar qartalsız sınıxar, sıxılar...

Qartal dağlarsız qartallığını itirər - yaşaya bilməz...

Deyəsən, dediklərim əsgərlərin könlünə yatır - ucalıqda ucalığı qoruyanlar məmnunluqla gülümsünür. Könül xoşluğu bildiyimiz bu məqamlarda düşüncələrim əsgərlərin düşüncələrindən kəlmələr umur:

Bayaqdan bəri gözlərimizi çəkə bilmədiyimiz o heyrətləndirici uçuş deyir ki, mən bu dağların şəriksiz sultanıyam. Siz varsınız deyə sultanlıq edə bilirəm. Siz buradasınız deyə mən göyləri qanadlarım altına yığıb uçuram. Bu dağların o üzünün də sizin ayaq səsinizdən oyanacağı günə az qalıb. O uçuş deyir ki, Ali Baş Komandanın döyüş əmrini siz qələbəylə tamamlayacaqsınız. Zabit də, əsgərlər də baxışlarını “göylərin sultanından” üzmədən, “Bu, bizim hərbçi borcumuzdu, xidmətimizin mahiyyəti budur: Qələbə, torpaqlarımızın işğaldan azad edilməsi. Qazanacağımız qələbə 2016-cı ilin aprelində qazanılmış qələbələri tamamlayacaq,” - deyirlər. Hər kəlmədə inam var, hərbi anddan, dövlətçiliyə sədaqətdən güc alan inamdı, ucalıqda ucalığı qoruyanların sırasına ucalan inamdı.

Bu qələbə azərbaycançılığın qələbəsi olacaq, ruhumuzun qələbəsi olacaq, - qürurum həmin inamın səyyarəsidir.

İşğalın son nəfəsi ərəfəsindəyik, - zabit Aqil Hüseynov belə deyir. - Azərbaycan Ordusunun yaranmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm paradları xatırlayıram. O paradlar Azərbaycan Ordusunun qüdrətin paradlarıydı. O paradlar da, paradlardan sonra keçirilən irimiqyaslı təlimlər də təsdiqlədi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir...

Qartal başımız üstündə dövrə vurur. Bunu harasa həmlədən, hücumdan əvvəlki uçuş - dövrə bilirik: Uğur uçuşudu bu uçuş...

Ömrümüzə yazılan dəqiqələrdi...

Əsgər Nurlan Şərifov maraqlı, maraqlı olduğu qədər də düşündürücü bir mətləbə toxunur. Əsgərin sevgilərlə dediklərini ucalıq kəlməsinin mahiyyətinə yeni bir çalar, yeni bir məzmun bilirəm və səngərin nə olduğunu dərk edənlərin də mənim kimi düşündüklərinə əminəm. Mənə elə gəlir ki, ucalıq ifadəsi bundan məzmunlu, bundan əhatəli açılmayıb:

Dövlətin sərhədləri daxilində əsgər harada dayansa, harada döyüş növbətçiliyi aparsa, həmin yer ucalıqdı.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Vüqar Ağayev əsgərin fikrinə incə, həssas, gərəkli bir əlavə deyir:

- Həm də dövlət sərhədlərizdə.

Əsgər Nurlan Şərifov dediyi ucalıq dağların ucalığıyla müqayisə olunası ucalıqdı, - deyirəm.

Düşüncələri rəvan, səlis olan əsgər fikrini bizim də arzuladığımız kəlmələrlə tamamlayır:

- Səngər də Vətən torpağıdı. Vətənin hər qarışı müqəddəsdi. Biz də Vətəni buradan, bu yüksəklikdən, bu müqəddəs ucalıqdan məsuliyyətlə, sevgilərlə qoruyuruq...

Bu səviyyədə duyğusal, bu səviyyədə gərəkli, bu səviyyədə pedaqoji mahiyyətli söhbətin “qırılacağından” ehtiyatlandığıma görə əsgər Nurlan Şərifovu indi yox, səngərli söhbətimiz yekunlaşanda bağrıma basmağı qərara alıram. Təkcə öz əvəzimdən deyil, məmləkət boyu bütün vətənsevərlərin adından xəyalən zamanında tanıdığım şəhid qəhrəmanlarımızın ruhuna xitabən deyirəm ki, sizin yolunuzu belə əsgərlər davam etdirir, qardaş. “Haqq nazilər, üzülməz” - deyilib. Onlar haqqı nazilməyə də qoymayacaqlar. Ruhunuza gözaydınlığı verəcəyimiz günə az qalıb...

Ucalıqda söhbətimiz dönməz bir inamla davam edir. Əsgər Valeh Bayramov deyir:

- 2016-cı ilin aprel döyüşləri, döyüşlərdə qazanılan böyük qələbələri bu ucalığı ucalıqda yaşatma məsuliyyətinin, yaşatma vəzifəsinin nəticəsi bilirik...

Əsgər Ruslan Şərifov deyir:

- Ali Baş Komandanın döyüş əmriylə qazanılacaq Böyük Qələbə bu qələbələri möhtəşəmliklə tamamlayacaq...

Zabit Aqil Hüseynov Azərbaycan Ordusunun yaradılmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm paradları xatırladaraq deyir ki, bu və ya digər görüntü reallığa əsaslananda daha təsirli olur. Bu paradlarda Azərbaycan Ordusunun silahlanmasına daxil edilən ən müasir hərbi texnikalar, qurğular, aparatlar ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının yüksək səviyyəsi ilə yanaşı, onun gücünün nəyə söykəndiyini də göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev qürurla deyib ki, Azərbaycan Ordusu Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək.

Zabitin xatırladıqları bu ucalıqda daha əzəmətlə səslənir. Əsgərlərə xitabən “Ali Baş Komandanın bu kəlamı sizin xidmətinizin mahiyyətinin ifadəsidir”, - deyirəm. Fikrimə əsgər Əzim Almasov münasibət bildirir: “Əsgər yoldaşlarım adından deyirəm ki, bayaq xatırladılan ucalıq, ucalıqda xidmət bu kəlamı yaxın vaxtlarda gerçəkləşdirmək üçündü. Ali Baş Komandanın döyüş əmrinə biz də hazırıq...

Dağlara baxıram - əzəməti könlümə köçürürəm...

Uçuşu heyrətamiz olan bayaqkı qartal görünmür...

Dağ vüqarlı əsgərlərə baxıram - ürəyim dağa dönür, “Ucalarda ucalığı qoruyursunuz!” - deyirəm...

Xırdaca-xırdaca yel əsir...

Rəşid Faxralı