05 iyun 2020 20:10
3358

Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü

SOCAR neft-qaz əməliyyatları həyata keçirdiyi bütün quru və dəniz akvatoriyası boyu daimi olaraq, SOCAR-ın Ekologiya idarəsi tərəfindən kompleks ekoloji monitorinqlər aparılaraq, ətraf mühitə antropogen təsirlər araşdırılır, aşkar olunan kənar təsirlərin minumuma endirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1972-ci il 5 iyun tarixində Stokholm şəhərində keçirilən iclasında ətraf mühit məsələləri diqqət mərkəzində olmuşdur. Problemin kəskinliyini, əhali arasında ekoloji şüurun genişləndirilməsi, ətraf mühitin mühafizəsi problemlərinə diqqət yönəldilməsi vacibliyini nəzərə alan iştirakçılar tərəfindən 5 iyunun «Ümumdünya Ətraf Mühit Günü» kimi qeyd olunmasına qərar verildi və növbəti ildən başlayaraq həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlandı. Ölkəmizdə ətraf mühitin mühafizəsi məsələsi Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda istər birinci istərsə də ikinci hakimiyyəti dövründə ön sıralarda olmuşdur. Belə ki, 1969-1982 – ci illərdə ekologiya, ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə sahəsində 8 qanun, 32 qərar qəbul olunmuş, xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi genişləndirilmiş, yeni – yeni parklar, yaşıllıqlar, meşəliklər salınmış bu sahədə fənlərin tədrisinə diqqət artırılmışdır. Sonralar Ümummilli Liderimiz bu barədə belə deyirdi: “1970 – ci ildə mən ilk dəfə Bakıda yaşıllıq işlərinin aparılması təklifini irəli sürdüm, böyük bir proqram hazırladıq və Bakını sürətlə, ilbəil yaşıllaşdırmağa başladıq... Mən bunlar üçün fəxr edirəm. Ancaq bunlar arasında ən çox fəxr etdiyim odur ki, mən Bakının geniş mənada yaşıllaşdırılmasının bünövrəsini qoymuşam”.

Ümummilli Liderin 1993 – cü ildə ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanda ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunması, təbii sərvətlərdən xalqın rifahı naminə səmərəli istifadə edilməsinə dair bir sıra qanun və qərarlar qəbul olunmuş, qanunvericilik bazası təkmilləşdirilmiş, ölkəmiz bir sıra beynəlxalq konvensiyalara qoşulmuşdur. 1999-cu il 8 iyun tarixində “Ətraf mühitin mühafizəsi haqqında”, 1997 – ci il 30 dekabr tarixində “Azərbaycan Respublikasının Meşə Məcəlləsinin təsdiq edilməsi haqqında”, 1999 – cu il 4 iyun tarixində “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası qanunları, 2003-cü ildə “Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı Sosial—iqtisadi inkişafa dair Milli Proqram” və “Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram”lar qəbul olunmuşdur. O dövrdə ətraf  mühitin mühafizəsi məsələlərinə bütün insanların cəlb edilməsi üçün onların ekoloji biliklərinin artırılmasına ciddi ehtiyac var idi. Əhaliyə yaşıllıqların digər mühüm əhəmiyyətinin aşılanması günün ən vacib məsələlərindən idi. Bunu nəzərə alan üzaqgörən rəhbər Heydər Əliyev 2002 – ci il 10 dekabr tarixində “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul etdi. İnkişafın müasir mərhələsində elmi texniki tərəqqinin son nailiyyətləri olan tullantısız texnologiyanın tətbiqi, ətraf mühitə təsirin minimuma yendirilməsi SOCAR-ın əsas prioritetlərindəndir. Möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarının sözləri ilə desək: “Ekologiyanın qorunması xalqımızın sağlamlığının, milli genefondumuzun qorunması deməkdir”.

Heydər Əliyev strategiyasının uğurla davamı nəticəsində Respublikamız digər sahələrlə yanaşı ətraf mühitin mühafizəsi vəziyyətinə görə də hər zaman öndə gedir. Hesab edirik ki, birgə tədbirlər nəticəsində bu sahədə nailiyyətlər daha da artıq olacaq. ARDNŞ-nin tərkibinə daxil olan idarə və müəssiələrdə mütəmadi olaraq, ətraf mühitin mühafizəsi məqsədilə kompleks tədbirlər planı həyata keçirilir. Bu baxımdan SOCAR neft-qaz əməliyyatları həyata keçirdiyi bütün quru və dəniz akvatoriyası boyu daimi olaraq, SOCAR-ın Ekologiya idarəsi tərəfindən kompleks ekoloji monitorinqlər aparılaraq, ətraf mühitə antropogen təsirlər araşdırılır, aşkar olunan kənar təsirlərin minumuma endirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bundan əlavə Ekologiya İdarəsinin Biomüxtəliflik Departamenti tərəfindən idarə və müəssisələrinin ərazilərində yaşıllıq sahələrinin salınması, mövcud yaşıllıqlara müvafiq qaydada aqrotexniki qulluq işlərinin aparılması məqsədilə mütəmadi olaraq,  məsləhət xidmətləri həyata keçirilir. Ətraf mühitin mühafizəsi məqsədilə, “SOCAR-ın 2025-ci ilə kimi strateji inkişafına dair Kompleks Planı”na müvafiq olaraq və Ekologiya İdarəsinin “İllik İş Planı”na əsasən SOCAR-ın bir neçə ərazisində yaşıllıqların salınması, Neftçilər parklarının yaradılması məqsədilə sifarişə uyğun olaraq Biomüxtəliflik Departamentin mütəxəssisləri tərəfindən yaşıllıq zolağının salınması layihələri hazırlanmış və həyata keçirilmişdir. SOCAR-ın idarə və müəssisələrində 2019-cu il 20 sentyabr Neftçilər Günü peşə bayramı və "Əsrin müqaviləsi"nin 25-ci ildönümü ilə bağlı həyata   keçirilən iməciliklərdə 19141 ədəd ağac-kol və 9650 ədəd gül bitkiləri əkilmişdir. 2019-cu ilin “Nəsimi ili” elan olunmağı ilə əlaqədar olaraq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 650 min ağacın əkilməsi planlaşdırılmışdır. Bu təşəbbüsə qoşularaq SOCAR «Nəsimi ili» çərçivəsində ümumilikdə 100 min ədəd ağacın əkilməsini öhdəlik götürmüşdür. Bu məqsədlə SOCAR-ın ərazilərində meşə massivlərinin salınması layihəsi hazırlanmışdır. Hazırlanmış layihəyə əsasən 100 mindən artıq ağac, kol, gül bitkiləri əkilmişdir.
Ekologiya İdarəsi tərəfindən isə Qaradağ Tullantıların İdarə olunması Mərkəzinin 1,5 ha ərazisində 3000 ədəd zeytun və şam ağaclarının əkini həyata keçirmişdir. Beləliklə, yerinə yetirilən işlərin əsas məqsədi SOCAR-ın fəaliyyət sahələrində ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsi, həmçinin biomüxtəlifliyin qorunması və bərpası rolunu oynayan yeni meşə massivlərinin salınması ilə iqlim dəyişmələrinə, eləcə də Abşeron yarımadasında mövcud təbii komplekslərə antropogen təsirlərin yumşaldılmasına nail olmaqla, ətraf mühitin ekoloji vəziyyətinin yaxşılaşdırılmasından ibarətdir. Hal-hazırda COVİD-19 pandemiyası ilə bağlı bütün sahələrdə olduğu kimi SOCAR-ın Ətraf mühitin mühafizəsi istiqamətində tədbirlərin həyata kecirilməsində müəyyən məhdudiyyətlər yaranmışdır.

Anar Hüseynov

SOCAR-ın Ekologiya İdarəsinin şöbə rəisi