12 noyabr 2019 14:31
178

UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb

Parisdə UNESKO-nun Baş Konfransının 40-cı sessiyası işə başlayıb.

AZƏRTAC xəbər verir ki, sessiyada qurumun 193 üzv və 10 assosiativ üzv ölkəsinin nümayəndələri iştirak edir.

Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi, xüsusi tapşırıqlar üzrə səfir Elnur Sultanov, UNESKO yanında daimi nümayəndəliyin rəhbəri, səfir Anar Kərimov, eləcə də daimi nümayəndəliyin diplomatları Baş Konfransda təmsil olunur.

Noyabrın 12-dən 27-dək davam edəcək Baş Konfrans ali təhsildən süni intellektə qədər aktual məsələlərlə bağlı yeni çoxtərəfli yanaşmalara dair beynəlxalq ideyalar müzakirə ediləcək.

Baş Konfrans çərçivəsində bir çox yadda qalan siyasi tədbirlər keçiriləcək. “(Yeni nəsil dəyişikliyin gənc aktorları ilə çoxtərəfli münasibətləri yenidən nəzərdən keçirmək” adlı yüksək səviyyəli tədbirə bir çox dövlət və hökumət rəhbərləri qatılacaq. Noyabrın 13-də keçiriləcək inklüzivlik və mobilliyə dair nazirlər iclasında 100-dən çox ölkənin təhsil naziri iştirak edəcək.

Noyabrın 19-da isə 107 ölkənin mədəniyyət naziri “dövlət siyasəti və davamlı inkişafda mədəniyyətin yeri” adlı mövzu ətrafında müzakirələr aparacaqlar.

Baş Konfrans çərçivəsində noyabrın 18-də UNESKO-nun 11-ci Gənclər Forumu keçiriləcək. Forumda gənclərin UNESKO-nun fəaliyyətində iştirak etməsi üçün yaxşı təcrübələr diqqətə çatdırılacaq. Forum bilik və təcrübələrin bölüşdürülməsi, dəyişikliyin gənc aktorları arasında əməkdaşlıq məsələlərini müzakirə etmək üçün UNESKO və üzv dövlətrlər arasında dialoq platforması yaradacaq. Həmin gün “Gəncliyin səsi və süni intellektin gələcəyi” adlı mövzusuna dair iclas keçiriləcək.

Noyabrın 22-də Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü ərəfəsində “Qadınlara qarşı zorakılığa dair məlumat kitabçası” jurnalistlərə təqdim olunacaq. Məqsəd bu mövzu ilə bağlı jurnalistləri maarifləndirməkdir.

İlk dəfə olaraq noyabrın 15-də Konvensiya Günü münasibəti ilə bütün üzv dövlətlər qurumun hazırladığı konvensiyaları imzalamağa və ratifikasiya mexanizmlərini Baş direktora təqdim etməyə dəvət olunacaqlar.

Azərbaycan Respublikasının Təhsil və Mədəniyyət nazirləri də iclaslarda iştirak edəcək və müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirəcəklər.