12 iyun 2019 11:07
110

Uzaq Polşanı Ələt Beynəlxalq Limanı ilə hansı tellər birləşdirəcək?

Paytaxtımızın yaxınlığında yerləşən Ələt Beynəlxalq Dəniz Ticarət Limanının imkanları getdicə genişlənir. Limanın yük qəbuletmə, saxlama və yolasalma şəraiti hətta xarici ölkələrin də diqqətini cəlb edib. Bu diqqəti səciyyələndirən ən başlıca amil isə  limanın Avrasiyanın qovuşuğunda yerləşməsidir. Dəniz limanının belə strateji mövqeyə malik olması dünya ölkələri üçün  çox əlverişlidir. Ona görə də nəqliyyat qovşağına maraq göstərənlərin sayı getdikcə artmaqdadır.

Bir neçə gün əvvəl  Bakıda səfərdə olan Polşa Prezidenti Andjey Duda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında bu barədə belə deyib: “Hazırda mən səbirsizliklə gözləyirəm ki, hər iki ölkənin biznes icması görüşsün. Hesab edirəm ki, Sizin ölkənizdəki Ələt Beynəlxalq Dəniz Ticarət Limanında yaradılan azad sənaye zonasında Polşa şirkətlərinin də nümayəndəliyi olmalıdır. Sizin ölkəniz artıq bir qovşağa çevrilməkdədir və istərdik ki, Polşa şirkətləri buraya gəlməklə, fəaliyyət göstərməklə bizim mübadilələrimizə böyük töhfə versinlər. Biz Bakının yaxınlığında yerləşən Ələt Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından istifadə etmək istəyirik. Ümidvarıq ki, Polşa şirkətləri bu imkanlardan yararlanacaq”.

Qeyd edək ki, Polşa-Azərbaycan münasibətləri  siyasi baxımdan yüksək səviyyədə olsa da, ticarət dövriyyəsi elə də böyük deyil. Bu səbəbdən hazırda iki ölkə arasındakı əlaqələrin inkişafında başlıca məqsəd istisadi əlaqələri yüksək səviyyəyə çatdırmaq, ortaq layihələri hərəkətə gətirməkdir. Polşa prezidenti çıxışı zamanı təklif etdi ki, bu limanda yaradılan azad sənaye zonasında Polşa şirkətlərinin də nümayəndəliyi olsun. Nəzərə almaq lazımdır ki, Ələt Beynəlxalq Dəniz Ticarət Limanına təkcə  Polşa deyil, digər xarici ölkələr də maraq göstərirlər. Polşanın Ələt limanında nümayəndəliyinin açılması Azərbaycan iqtisadiyyatına müsbət təsir edər. Polşa Azərbaycanla Avropa İttifaqı arasında strateji sazişin qısa müddətdə imzalanmasında və Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olmasında  maraqlıdır. Hər iki məsələnin müsbət həlli Azərbaycan-Polşa strateji münasibətlərini  daha yüksək səviyyəyə qaldıracaq.

Yada salaq ki, yaxın keçmişdə -sovetlər dönəmində biz Polşa mallarını böyük həvəslə alırdıq. O zaman polyakların istehsal etdikləri yaraşıqlı  kostyumlar, köynəklər, ayaqqabılar, mebellər, billur  qablar Azərbaycanda “defisit” sayılırdı və biz o malları baha qiymətə və çətinliklə alırdıq. Ancaq indi elə şərait yaranır ki,  biz bu ölkənin mallarını ucuz qiymətlərlə ala biləcəyik.

Vurğulamaq lazımdır ki, Polşa digər Avropa ölkələrindən fərqlənir.  Çünki bu ölkədə 1990-cı illərdə geniş iqtisadi islahatlar aparıldı. Həmin islahatlar özünü müsbət şəkildə doğrultdu. Polşa iqtisadiyyatı hazırda yeni  inkişaf mərhələsindədir. Qərbi Avropa ölkələri bu ölkəyə külli miqdarda  investisiya yatırırlar. Bu səbəbdən adıçəkilən ölkə öz iqtisadiyyatını genişləndirmək üçün nəqliyyat yolları axtarır. Məlumdur ki, nəqliyyat xərcləri istehsal olunan məhsulun rəqabət qabiliyyətinə təsir edir. Ələt Beynəlxalq Ticarət  Dəniz Limanı Polşa üçün hazırda əlverişli nəqliyyat yolu sayılır. Polşanın əksər Avropa ölkələri ilə, eyni zamanda, Azərbaycanla münasibəti yaxşıdır. Fərəhli  faktdır ki, artıq Azərbaycan ticarət mərkəzi kimi dünyada tanınır. Azərbaycanın həm dənizə çıxışı, həm də avtonəqliyyat və dəmir yolu xəttinə malik olması xarici ölkələrin diqqətini cəlb edir. Bu qəbildən olan Polşa ilə ticarət və nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi hər iki ölkənin xeyrinə olacaq.

Vəli İlyasov, “İki sahil”