10 iyul 2019 20:21
3771

“Wi-fi” haqqında bilmədiklərimiz

Sağlamlığımıza təsirsiz ötüşməyən texnoloji vasitə

Modern  dövrdə “Wi-fi” texnologiyası interneti xeyli sayda istifadəçi üçün daha əlçatan və  yaxın edib.  Belə ki, internet olan hər evdə kabelsiz bağlantı (Wi-Fi)  demək olar  ki, standart halını alıb. “Wi-fi” kəşf olunanda çoxlarımız bunu sevinclə qarşılasaq da, alimlərin araşdırmaları göstərdi ki, simsiz rabitə vasitəsinin üstün tərəfləri qədər, cana ziyanı da varmış. Hər birimizin  evində “Wi-fi” əsas daşıyıcısı olan  modem  qurğuları var. Hətta  internet  sürətinin  daha sürətli və tez  ötürülməsi  məqsədilə imkanları geniş olan  2 və ya  3  antenalı modemlərdən istifadə  edirik. Bəzən  isə həcmi  böyük olan idarə  və təşkilatlarda çoxlu  modemlər yerləşdirilir. Bu  isə həmin  elektromaqnit  dalğalarının  əsas daşıyıcıların  insan orqanizmi  üçün yaratdığı riski  daha da artırmış olur.

“Milli.az”da yer alan araşdırmaya əsasən 5 yaşlı uşağın bədəninə ətrafdakı elektromaqnit dalğaları böyüklərdən 60 faiz çox hopur. Hətta şüalanma səbəbi ilə uşaqların sümük iliyi xəstəliyinə tutulması da böyüklərdən 10 dəfə çoxdur. Beynəlxalq Xərçəng Xəstəliyi Araşdırmaları Agentliyi də elan edib ki, mobil rabitə vasitələrində istifadə olunan radiotezliklər insan bədəni üçün xərçəng xəstəliyini əmələ gətirən potensial vasitədir.

“Wi-fi” insan sağlamlığı üçün potensial təhlükədir:  istifadə edilməyəndə modemi söndürmək məsləhətdir. Çünki  açıq qalan modem evdə elektromaqnit dalğaların yaranmasına səbəb olur. Alimlərin apardığı araşdırmalara görə, “Wi-fi” yuxu problemi, ürək döyünməsi, miqren, ümumi zəiflik yaradır. Hətta bu xəstəliklərin hamısının bir arada olmasına da səbəb olur. Elektromaqnit şüaları şişlərin yaranmasına, yaddaş pozğunluğuna və beyinə zədə vuracaq digər nəticələrə də gətirib çıxarır. Bu şüalar insanın təbii enerji sahəsinə ziyan vurur, stresə səbəb olur, ürək bulanması, baş ağrısı, yorğunluq yaradır.

“Wi-fi”dan müntəzəm olaraq istifadə edən insanlarda bu kimi pozulmaların   mümkün olduğunu qeyd edirlər:

Baş beyini- kəllədaxili təzyiqin qalxması, trombların və digər təhlükəli patologiyaların inkişafı.

Sinir sistemi- halsızlıq, yuxululuq, iş qabiliyyətinin azalması.

Uşaqlar- inkişafda olan orqanizmi üçün bu şüalar daha ziyanlı sayılır.

Hamilə qadınlar- “Wi-fi” şüalarından uzaq olmağı, internetdən az istifadə etməyi tövsiyə edirlər.

Bu şüaların təsirinin artıb azalması müəyyən proseslərdən asılıdır. Buraya şüa mənbəyindən hansı məsafədə oturmağın, immun sisteminin necə inkişaf etməsi, hansı yaş dövründə olmağın birbaşa təsir edən amillərdəndir.

“Wi-Fi”dan az zərər çəkmək üçün aşağıdakıları etmək məsləhət görülür:

“Wi-Fi” aparatını insanın daha çox vaxt keçirdiyi yerlərdən (çarpayı, stol, divan) ən azı 1 metr uzağa qoymalı

Böyük həcmdə faylları və videoları yalnız internetin sürəti yaxşı olduğu zaman yükləyin (əks halda, işləmək üçün əlavə güc sərf edən aparat daha çox şüa buraxır)

Modemdən istifadə etmədikdə söndürün, əks halda, o yenə də şüa yayacaq

Yatdığınız otaqda modem qoymayın.

Sağlamlığınıza  təsirsiz  ötüşməyən  müasir  texnoloji vasitələrdən  aşırı dərəcədə istifadə etməyin. Onları həm özünüzdən, həm  də gözünüzdən uzaqda tutun.

Yaqut  Ağaşahqızı, “İki sahil”