13 iyul 2020 20:19
645

Xalqımız dövlətimizin və ordumuzun gücünə arxayındır

İyulun 12-də Azərbaycanın Ermənistanla sərhəd olan Tovuz bölgəsində Ermənistanın hərbi təxribat törətməsi artıq düşmənin münaqişə ərazisi olan işğal edilmiş Dağlıq Qarabağın və ətraf rayonların əhatə dairəsindən kənara çıxdığını göstərdi. Yəni iki ölkənin sərhədində həyata keçirilən hərbi təxribat birmənalı olaraq Azərbaycanın dövlət sərhədinin pozulmasına yönəlmiş bir cəhd idi. Bu təxribat göstərir ki, Ermənistan tərəfi mövcud Dağlıq Qarabağ münaqişəsi çərçivəsindən çıxaraq, artıq digər əraziləri də zəbt etməyə cəhd göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

Deputatın sözlərinə görə, düşmənin bu təxribatı ilə bağlı vacib bir məqam ortaya çıxır. Ermənistan tərəfi hər zaman öz açıqlamalarında hərbi münaqişələrdə Ermənistanın yox, qondarma “Dağlıq Qarabağ respublikası”nın hərbi qüvvələrinin vuruşduğunu iddia edir. Dünən münaqişə zonasından tamam aralıda, Azərbaycanın Ermənistanla sərhəd bölgəsində - Tovuzda baş tutan təxribatın bir başa Ermənistan ordusu tərəfindən həyata keçirildiyini deməyə əsas var. Görəsən, bu dəfə Ermənistan açıqlamalarında nə deyəcək? ATƏT-in Minsk qrupunun açıqlamasında məhz bu məsələ necə əks olunacaq? Təəssüf hissi ilə qeyd etməliyik ki, ATƏT-in Minsk qrupunun indiyədək olan sülh istiqamətli fəaliyyətində heç bir nəticə əldə edilməməsi, qətiyyətli addımların atılmaması kimi səbəblərdən qarşı tərəfdə təxribatçı mövqenin yaranmasına gətirib çıxarır.

Maddi-texniki baza cəhətdən təkmilləşmiş ordumuzun gücündən danışan deputat deyib: “Dünən baş verənlər Azərbaycan Ordusunun gücünü bir daha göstərdi. Göstərdi ki, şanlı ordumuz istənilən vaxt düşmən təxribatının cavabını verməyə hazırdır və qadirdir. Əks-tədbirlər nəticəsində Azərbaycan tərəfi qısa müddətdə düşmənə qətiyyətli və adekvat cavab verdi. Xalqımızda böyük ruh yüksəkliyi var. Xalqımız döyüş əzmi ilə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib. Ordu quruculuğu sahəsində əsaslı işlər görülür və Azərbaycanın hərbi gücü hər keçən gün artırılır. Əsaslı şəkildə qurulmuş nizami ordu Ali Baş Komandan İlham Əliyevin çağırış və tapşırıqlarını yerinə yetirərək torpaqlarımızı işğaldan azad etməyə tam hazırdır. Xalqımızın əsgərlərimizə, ordumuzun gücünə inamı kifayət qədər çoxdur. Təəssüf ki, bu təxribat nəticəsində hərbiçilərimiz şəhid olub və xalqımız öz mətinlik və vətənpərvərliyini qoruyaraq qürur mənbəyimiz olan şəhidlərimiz üçün birlik göstərir”.

Ş.Seyidzadə vurğulayıb ki, belə günlərdə xalq olaraq təmkinliyimizi qorumalı, dezinformasiyaların və hərbi sirr əhəmiyyətli məlumatların sosial şəbəkə, KİV və informasiya portallarında yayımlanmasının qarşısını birlikdə almalıyıq. Müdafiə Nazirliyinin peşəkarlığını qeyd etməliyik ki, gərgin anlar yaşanan zaman operativlik təmin olundu və etibarlı, rəsmi məlumatlar cəmiyyətə çatdırıldı. Belə olduğu halda artıq hər kəs əminliklə, çaşqınlıq yaratmayan saxta xəbərlərin əksinə mötəbər mənbədən dəqiq məlumatları qısa müddətdə əldə edə bildi. Belə zamanlarda döyüş həm səngərdə, həm də internet resursları üzərindən aparılır.

“Yanlış xarakterli və yaxud hərbi sirr əhəmiyyətli hər hansı məlumatın internet vasitəsilə düşmənin əlinə keçməsi nəticəsində bir çox problemlə üzləşə bilərik. Biz düşmənə sarsılmaz birliyimizi göstərərək, qətiyyətli cavablar verməyə və ölkəmizə qarşı törədilən təxribatların qarşısını almağa qadirik”, - deyə Şahin Seyidzadə fikirlərini yekunlaşdırıb.