11 avqust 2020 18:09
3437

Xəzər dənizinin ən böyük dayaq blokundan reportaj - FOTO

Xəbər verildiyi kimi, ölkə Prezidenti İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib. Bu münasibətlə Heydər Əliyev adına Bakı dərin özüllər zavoduna KİV nümayəndələri üçün media-tur təşkil olunub.

Media-turdan öncə mətbuat nümayəndələrinə məlumat verən “BOS Şelf” şirkətinin baş direktor müavini Nazim Hüseynov bildirib ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu uğurlu neft strategiyası Azərbaycanı yeni inkişaf mərhələsinə yüksəldib, iqtisadiyyatımızın dünya iqtisadiyyatına qovuşmasına zəmin yaradıb: “Ölkə Prezidenti İlham Əliyev tərəfindən milli neft strategiyasının uğurla həyata keçirilməsi isə Azərbaycan dövlətinin enerji təhlükəsizliyi sahəsində güclü və müstəqil tərəfdaşa çevrilməsinə, müstəqil ölkəmizin güclənməsinə, sosial-iqtisadi tərəqqisinə, xalqımızın rifah halının daha da yüksəlməsinə böyük töhfələr verib. Prezident İlham Əliyevin iştirakı ilə SOCAR-ın birgə müəssisəsi olan “BOS Şelf” şirkəti tərəfindən tikilmiş neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulan “Qarabağ” dayaq blokunun dənizə yola salınması bunun bariz nümunəsidir.”

Nazim Hüseynov qeyd edib ki, Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun operatoru olan “BOS Şelf” şirkəti tərəfindən Xəzərin tarixində neft və qaz hasilatı üçün ən böyük sualtı qurğu olan “Qarabağ” dayaq blokunun inşası artıq başa çatdırılıb və konstruksiyanın STB1 barjasına yüklənilməsinə başlanılıb. Daha sonra isə dayaq bloku dənizdəki yatağa daşınacaq.

Onun sözlərinə görə, ölkə üçün belə bir əhəmiyyətli layihənin həyata keçirilməsi qürur hissi doğurmaya bilməz: “Dayaq bloku “Qarabağ” yatağında quraşdırılacaq stasionar dəniz özülünün üst hissəsini və göyərtə meydançasını saxlamaq məqsədilə şəbəkə tipli metal konstruksiya şəklində hazırlanıb. Bu blok dənizdə suyun dərinliyi 182 metr olan sahədə quraşdırılacaq. Dayaq blokunun quraşdırılması “Qarabağ” yatağının dərin qatlarında neft və qaz hasilatının həyata keçirilməsində böyük rol oynayacaq.”

“Qarabağ” əməliyyat şirkətinin direktoru Tahir Dadaşov bildirib ki, “Qarabağ” dayaq blokunun hazırlanması bizim birinci uğurumuzdur: “Xarici və yerli podratçılarla işləyirik. Dayaq blokunun hazırlanması SOCAR-ın nəzarəti altında yerinə yetirilir. Hazırda Xəzərin Azərbaycan sektorunda yerləşən "Qarabağ" yatağının üst modullarının dizayn-mühəndislik işləri yerinə yetirilir. “Qarabağ” dayaq blokundan 2022-ci ilin sonunda neft hasil olunacaq. Bu işləri “Wood” şirkəti yerinə yetirir. İşlər yekunlaşdıqdan sonra tikinti işlərinə başlanılacaq. "Qarabağ" yatağı üçün hazırlanan dayaq blokunun üst hissəsinin dizayn işlərinin ilk mərhələsinin noyabr ayında yekunlaşması planlaşdırılır. Əvvəl Dizayn Konsepsiyası hazırlanmışdı. İndi həmin konsepsiyanın optimallaşdırılması işləri həyata keçirilir. Konsepsiya ikinci dəfə hazırlandığından Pre-FEED səviyyəsində yerinə yetirilir. Layihənin ilkin detallı qiymətləndirmə mərhələsi 6-10 ay müddətini əhatə edəcək. Üst hissə ayrı-ayrı modullardan ibarət olduğuna görə, detallı mühəndisliyi bitən hissənin tikintisinə başlanılacaq, yəni detallı mühəndisliklə tikinti işləri paralel olaraq yerinə yetiriləcək. Ümumilikdə detallı mühəndislik işləri 1 il davam edəcək.”

T.Dadaşov məlumat verib ki, SOCAR və Norveçin “Equinor” şirkətinin “Qarabağ” yatağının işlənməsini həyata keçirmək üçün birgə əməliyyat şirkəti bu ay fəaliyyətə başlayacaq: “Birgə əməliyyat şirkəti yaradılana qədər aralıq müddət var idi. Aralıq müddətdə SOCAR-ın və “Equinor” şirkətinin öhdəlikləri ayrı idi. “Equinor” şirkətinin öhdəlikləri qiymətləndirmə quyusunu qazmaq və yatağın ehtiyatlarını dəqiqləşdirmək idi. SOCAR-ın öhdəliyi isə dayaq blokunun, üst tikililərin inşası, yatağın işlənmə proqramının hazırlanmasıdır. Hazırda fəaliyyət göstərən “Qarabağ” əməliyyat şirkəti həmin öhdəliklərin icrası ilə məşğuldur. Birgə əməliyyat şirkəti fəaliyyətə başladıqdan sonra işlər vahid bir komanda şəklində yerinə yetiriləcək. “Qarabağ” birgə əməliyyat şirkəti Hollandiyada qeydiyyatdan keçib, yaxın günlərdə Azərbaycanda filialı yaradılacaq.”

“BOS Şelf” şirkətinin kommersiya meneceri Orxan Hüseynov, şirkətin təlim üzrə koordinatoru Nigar Mahmudova, layihə meneceri Əli Əliyev müəssisənin fəaliyyəti və “Qarabağ” yatağında quraşdırılacaq dayaq bloku haqqında ətraflı məlumat veriblər.

Sonra media nümayəndələri istehsalat sahələri ilə tanış olublar. “Qarabağ” dayaq bloku haqqında jurnalistlərə məlumat verən layihə rəhbəri Ağamalı Qurbanov qeyd edib ki, “Qarabağ” dayaq blokunun hündürlüyü 187 metrdir: “Xəzər dənizində ən böyük dayaq blokudur. 16300 ton ağırlığında olan dayaq blokunun bir ay müddətində dənizdə quraşdırılması planlaşdırılır. Dəniz əməliyyatlarında normal hava şəraiti zamanı 260-280 gün lazımdır ki, blok dənizdə quraşdırılsın. “Qarabağ” yatağının ümumilikdə 60 milyon ton neft ehtiyatına malikdir. Blok vasitəsilə yataqdan 21 milyon tondan çox neftin hasil olunması nəzərdə tutulur. Eyni zamanda, yataqdan 13 milyard kubmetrdən çox qazın hasil olunması planlaşdırılır. Platformadan altı neft quyusu, üç suvurucu və iki qaz quyusu qazılması planlaşdırılır.”

“BOS Şelf” şirkətinin kommersiya meneceri Orxan Hüseynov məlumat verib ki, “Qarabağ” dayaq blokunun hazırlanması prosesində iştirak edən mütəxəssislərin 95 faizi yerli mütəxəssisdir. Blok iki ilə hazırlanıb. Blok hazırlanan zaman işlər beynəlxalq standartlara uyğun aparılıb. O.Hüseynov qeyd edib ki, şirkət tərəfindən reallaşdırılan “Abşeron” layihəsinin isə 2021-ci ildə başa çatması planlaşdırılır: “Abşeron" yatağı üzrə görülən işlərin 2021-ci ildə başa çatacağı nəzərdə tutulur. Bu layihə üzrə 4 dayaq blokunun artıq yüklənilməyə hazırlıq işləri aparılır. Önümüzdəki bir neçə ay ərzində onlar quraşdırılması üçün yola salınacaqlar. ACE layihəsi (“Azəri-Mərkəzi-Şərqi”) çərçivəsində də dayaq blokun tikintisinə başlanılıb və onun üzərində işlər gələn ilin sonunadək tamamlanacaq. ACE layihəsi üçün dayaq bloklarının yola salınması gələn ilin sonunadək gözlənilir. “Ümid” layihəsi üzrə işlər davam edir. Layihənin ilkin mərhələsi gələn ilin ortalarında başa çatacaq.”

“BOS Şelf” şirkətinin SƏTƏM üzrə rəhbəri Anar Qarayev qeyd edib ki, blok hazırlanan zaman təhlükəsizlik məsələləri də nəzərə alınıb: “İşçilərə təlim keçirilib. Onlar yarana biləcək qəzaların qarşısını ala bilərlər. Bütün fəaliyyətlər riskin qiymətləndirməsi istiqamətində aparılır. Bizim şöbənin üzərinə düşən vəzifələrdən ən əsası əməyin təhlükəsizliyi və ətraf mühitin qorunması məsələlərini diqqətdə saxlamaqdır.”

Şirkətin layihəçi-mühəndisi Mərhəmət Nəsirov bildirib ki, “BOS Şelf” ölkə miqyasında neft-qaz sektorunda çoxsaylı uğurlara imza atıb: “Azəri-Çıraq-Günəşli”,  “Şahdəniz-2” kimi böyük layihələrin reallaşdırılmasında mühüm rola malikdir. Şirkətimiz dayaq bloklarının istehsalı üzrə ixtisaslaşıb.”

“BOS Şelf” şirkətinin baş tikinti rəhbəri Fariz Tağıyev isə jurnalistlərə məlumat verib ki, çalışdığımız sahədə - “Qarabağ” yatağının dayaq blokunun sıfırdan başlayaraq tikintisində iştirak etmişik: “Bu günə qədər blokun hazırlanmasına 3.200.000 adam/saat sərf olunub. Blokun quraşdırılması tamamilə təhlükəsiz qaydada həyata keçirilib. Artıq dayaq blokunun dənizə aparılaraq quraşdırılması işlərinə start verilib. Yeni avadanlıqlardan istifadə edilərək bu blokla yanaşı, şirkətimizin həyata keçirdiyi layihələr milli kadrların səmərəli fəaliyyəti sayəsində reallaşdırılıb.”

Orxan Vahidoğlu,
Vüsal Cahanov (foto),
“İki sahil”