26 fevral 2020 10:33
2241

Xocalı faciəsi insanlıq tarixində qara ləkə kimi qalacaq

XX əsrdə imperialist dövlətlərin yeritdikləri müstəmləkə siyasətinin qəddar və məkrli icraçısı olan ermənilərin əli ilə dəfələrlə azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı, deportasiya törədilmiş, xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə düçar edilmişdir.  Son iki əsrdə yüz minlərlə dinc azərbaycanlı milli mənsubiyyətinə görə məhv edilib, öz ata-baba yurdundan didərgin salınıb.

Ulu öndər Heydər Əliyev Respublika Elmlər Akademiyasının üzvləri ilə görüşündə demişdir: “XX əsr xalqımız üçün çox müsibətlər əsri olubdur. Gərək onu doğru-düzgün, nə cür, necə olubdursa, elə də yazaq. Bunların hamısı həm xalqımızın özünü tanıması, həm də bugünkü siyasətimiz üçün lazımdır”.

Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixdə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə ilk dəfə olaraq ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdikləri bütün bu faciələrə, vəhşiliklərə hüquqi-siyasi qiymət verilmişdir. Həmin Fərmanda azərbaycanlıların soyqırımının bütün mərhələləri öz əksini tapmışdır.

Ermənilər artıq neçə əsrdir ki, “Böyük Ermənistan” yaratmaq xülyası ilə  yaşayırlar. Onlar öz havadarlarının maddi və mənəvi köməyindən istifadə edərək XX əsrin əvvəllərində, yəni 1905-1907-ci illərdə əvvəlcə Bakıda, sonra isə Azərbaycanın, eləcə də Qafqazın digər regionlarında Azərbaycan türklərinin soyqırımını həyata keçirmişlər.

Rusiyada 1917-ci il fevral və oktyabr inqilablarından sonra yaranan qarışıqlıqdan da istifadə edən çeşidli erməni millətçiləri    xalqımıza qarşı birləşərək 1918-ci ilin mart-aprel aylarında Azərbaycanda irimiqyaslı qırğınlar törədiblər. Təkcə milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı məhv edilib. Ermənilər evləri yandırıb, insanları diri-diri oda atıb, milli memarlıq abidələrini, məktəbləri, xəstəxanaları, məscidləri və digər tikililəri dağıdıblar. Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilib. 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovublar. Təkcə Bakıda 12 mindən çox azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb. Şamaxıda 58 kənd dağıdılıb, 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilib. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars  əyalətində 92 kənd yerlə-yeksan olunub. Təkcə 1905-1920-ci illərdə indiki Ermənistan ərazisində 500-dən artıq azərbaycanlı kəndi dağıdılıb, yarım milyon əhali soyqırımına məruz qalıb. Ermənilərin xəyanət və müxtəlif basqıları sovet hakimiyyəti illərində də davam etdirilmişdir. 1948-1953-cü illərdə onlar adət etdikləri metodlarla azərbaycanlıları daimi yaşadıqları Ermənistan SSR-dən çıxarmağa başlamış, eləcə də qonşu respublikaların torpaqları hesabına öz ərazilərini genişləndirmişlər. Bununla soydaşlarımızın tarixi torpaqlarından davamlı şəkildə deportasiya olunmasının əsası qoyulmuş, bu proses sovet hakimiyyətini mövcudluğu dövründə-1988-ci ilin dekabrında başa çatdırılmışdır.

Ötən əsrin sonlarında ermənilər yenə də havadarlarının siyasi-hərbi və maddi yardımları ilə ərazimizin 20 faizini işğal etmiş, bir milyondan çox soydaşımız öz dədə-baba yurdundan didərgin düşmüşdür. Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq məqsədilə əsassız ərazi iddiaları irəli sürən ermənilər azərbaycanlılara qarşı bir əsrdə bir neçə dəfə soyqırımı törədiblər. Bunların ən dəhşətlisi XX əsrin sonlarında baş vermiş Xocalı soyqırımıdır. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirildi. Keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum edildi. Həmin gecə Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımının tanınması dövlətimizin xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır.

Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Cibuti, Peru, Panama, İordaniya, Rumıniya, Şotlandiya tanıyır. İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Hər il bu hadisə ölkəmizdə “Xocalı soyqırımı” və “Xocalı faciəsi” kimi, digər ölkələrdə isə “Xocalı qətliamı” kimi anılır.

Təbii ki, əli qanlı erməni cəlladları bu cinayətkar əməllərinə görə gec-tez öz layiqli cəzalarını alacaqlar. 1992-ci ilin fevralında erməni hərbi birləşmələrinin törətdikləri Xocalı faciəsi öz qəddarlığına və amansızlığına görə misli görünməmiş soyqırımı aktı kimi insanlığın tarixində qara ləkə kimi qalacaqdır.

Zahid Rza, “İki sahil”