19 fevral 2020 20:38
1579

Xoşbəxt günlərim Xocalıdakı o evdə qaldı...

İyirmi səkkiz ildir ki, ürəyimizi daim göynədən Xocalı soyqırımının ağrı-acılarını yaşayırıq. Hər il fevral ayı gələndə isə sağalmaz yaralarımızın qaysağı qopur, acı xatirələr yenidən baş qaldırır. Bəlkə o zaman “Xocalının səsi” qəzetində məsul katib vəzifəsində işlədiyim üçündür ki, faciə qəlbimdə silinməz iz buraxıb. Qışın şaxtasında ölüm təhlükəsi altında, gecənin zülmət qaranlığında qarlı dağlar, meşələr,  düzlər, buzlu çaylar keçərək labüd ölümdən canlarını qurtarmış soydaşlarımızın acı söyləmələrini göz yaşları ilə dinləmişəm. Həm də sadəcə dinləməmişəm, onların başına gətirilmiş dəhşətləri ürək ağrısı ilə qələmə almışam.  Azərbaycanın Milli Qəhrəmanları, Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri, mayor Əlif Hacıyevin, Xocalı özünümüdafiə batalyonunun komandiri Tofiq Hüseynovun,  “Azərbaycan Bayrağı” ördenli həkim Məmməd Nağıyevin və başqa qəhrəmanlarımızın döyüş yollarına məqalələr həsr etmişəm. Bərdədə, Ağdamda, Naftalanda, Gəncədə məskunlaşmış  yüzlərlə Xocalı sakini ilə görüşüb acı xatirələrini yazmışam. Ancaq yazılmamış unudulmayan xatirələr hələ çoxdur.

Naftalanda məskunlaşmış  Sevindik (soyadını unutmuşam) adında bir Xocalı sakini əsirlikdə qaldığı bir neçə həftə ərzində gördüklərini yana-yana söyləyirdi. Sevindik kişi söhbət edirdi ki, şəhəri alışıb- yanan cəhənnəmə çevirən silahlı ermənilər məni də bir dəstə Xocalı sakini ilə bərabər  girov götürdülər. Bizi Xankəndinə gətirib meydanda sıraya düzdülər. Ətrafımızda silahlı, silahsız ermənilər qaynaşırdılar.  Gözlənilmədən  bizi mühasirə etmiş yaraqlıların arasında  tanıdığım  ermənini gördüm. Əlində avtomat silah, döşündə çalın-çarpaz patrondaş vardı, toqqasından qumbaralar asılmışdı.  Əvvəllər  hər ikimiz sürücü işləyirdik və ailəvi dostluq münasibətlərimiz vardı. Adı Levon idi.  O,  qəfildən mənə tərəf döndü və baxışlarımız  toqquşdu. Şəhadət barmağını  ehmalca  dodaqlarının üstünə sıxıb mənə sakit dayanmağımı, səsimi çıxarmamağımı  işarə etdi. Təbii ki, məni tanıdığını bildirmək istəmədi. Mən də neyləyə bilərdim ki? Sonra bizi bölüşdürüb ayrı-ayrı silahlı qruplara təhvil verdilər. Məni beş nəfərlə ayıranda  Levon irəli çıxıb komandirinə bildirdi ki, bizim qrupu ona versin. Komandir etiraz etmədi. O bizi bir evin zirzəmisinə saldı. Bir neçə gün bizə dəyib-toxunan olmadı. Ancaq aclıq çəkirdik, zirzəmidə bizə hər gün yalnız bir parça quru çörək və isti su verirdilər. Aclıqdan betər soyuqdan əzab çəkirdik, şaxta sümüyümüzə işləyirdi. İnsan hər zülmə dözür, biz də dözürdük.

Bir gün gecəyarısı  Levon saxlandığımız zirzəmiyə gəldi, məni bayıra çıxardı. O, məni öz evinə gətirdi. Arvadı və uşaqları tanıdıqlarından irəli yeriyib mənimlə görüşdülər. Ər-arvad aralığa düşmənçilik salanları lənətlədilər. Dərhal isti yemək, qaynar  çay gətirdilər. Sonra Levon özünün dəyişəklərini gətirib məni həyətdəki hamama apardı. İki gün Levongildə qaldım. Dincəlib özümə gəlmişdim. Üçüncü gecə Levon məni zirzəmiyə qaytardı. İçəri girəndə yerimdə donub qaldım. Yoldaşlarımdan birinin qolu, birinin qabırğaları, o birinin dişləri, əlləri-ayaqları  sındırılmışdı. Hamı al qan içində sızıldayırdı. Deyirlər ki, kişi olan ağlamaz, amma mən ağladım. Onlar bildirdilər ki, bir dəstə  erməni zirzəmiyə gələrək onları beləcə vəhşiliklə döyüblər. Ermənilər  özlərinin iç üzlərini belə göstərmişdilər.

Sevindik kişi söylədi ki, bir müddət həmin zirzəmidə cəhənnəm əzabı yaşayandan sonra Levon mənə dedi ki, səni Ağdamda bir erməni əsiri ilə dəyişəcəm.

Nəhayət, bir gün o, gəldi ki, dur gedək, Ağdam yaxınlığında əsirləri dəyişirlər. Məni öz avtomobilinə əyləşdirdi, Xankəndidən çıxıb Xocalıdan keçəndə Levon məndən soruşdu ki, evini görmək istəyirsənmi? Əlbəttə, dedim. O maşını bizim küçəyə döndərdi, darvazanın qarşısında saxladı. Qapını yanında iki balaca uşaq olan cavan bir gəlin açıb təəccüblə üzümüzə baxdı. Levon məni göstərib ermənicə dedi ki,  bu kişi bu evin sahibidir, ev-eşiyini görmək istəyir. Gəlin sakitcə kənara çəkilib bizi içəri buraxdı.

Söhbətin bu yerində Sevindik kişi qəhərləndi,  gözləri doldu, ancaq başını arxaya əyib göz yaşlarını “uddu.”  Mən öz evimdə on dəqiqəlik qonaq oldum- deyə sözünü davam etdirdi. Söylədi ki, hər şey öz yerində idi, belə başa düşdüm ki, bu ailə  burada yaşamağa gəlib.

Getmək üçün ayağa qalxanda sanki ayaqlarım tutulmuşdu, ayaqlarımı sürüyə-sürüyə evdən çıxdım, bu evdə, bu həyətdə bəxtəvər günlərim gözlərimin önündən kino lenti kimi keçdi. Bu həyət səsli-küylü olardı, xeyir iş məclisləri,  ad günləri, qonaqlıqlar keçirər, qohum-əqrəba şənliyimizə qarışardı. Əmin-aman günlərdə uşaqlar qapıda oynayar, biz də əyləşib samovar çayı içər, qonşularla söhbətləşərdik. İndi isə həyətimizdə və məhəlləmizdə məzar sükutu vardı. Mən papağımı başımdan çıxarıb gözlərimə sıxdım ki, ağladığımı görən olmasın.

Bir saatdan sonra Ağdamın yaxınlığındakı razılaşdırılmış neytral zonada məni bir nəfər erməni əsiri ilə dəyişdirdilər, dönüb yad əllərə düşmüş Xocalı tərəfə baxdım, özünü görməsəm də səmasını gördüm... Üzümü çevirdim, bununla da ürəkdən şadlandığım şirin günlərim, xoşbəxt çağlarım Xocalıdakı o evdə qaldı...

Vəli İlyasov, “İki sahil”