18 dekabr 2020 17:22
3400

Xudayar qəhrəmanlığı ilə dastan yazdı - FOTO/VİDEO

“Şair sorma nədən Vətən yaxşıdır, adı gəlcək könlüm dastana döndü” deyərək 44 günlük Vətən müharibəsində özü də dastana döndü. Qarabağdakı azadlıq döyüşü daha bir ananı şəhid anası etdirdi, bütün Azərbaycan təsirləndi, dildən-dilə, sosial şəbəkələrdən telefonlara, bir neçə saatın içində yayıldı onun xanəndə avazı. Şəxsi tanışlığı olmayanlar belə göz yaşlarını saxlaya bilmədilər, təkrar-təkrar izlədilər o gözəl ifanı. Gülər üzü, nikbin camalı, xoş avazı, Vətən sevgisi ilə dillərə dastan olan  Xudayar Müslüm oğlu Yusifzadənin şəhidlik yolundan danışacayıq bu yazıda.

Hər dəfə soruşanda deyirdi ki...

Bir çoxları kimi Xudayar da müharibədə iştirak etdiyini ailəsinə bildirməyib, bu sirrini şəhid olana kimi özünə yoldaş edib. Yalnız şəhid olduqdan sonra ailəsi Xudunun sirrinə agah olub. Qardaşı Məhəmməd Yusifzadə bizimlə söhbətində bildirdi ki, tez-tez telefonla danışırdıq: “Amma o heç vaxt müharibədə, döyüş meydanında olduğunu demirdi. Hər dəfə soruşanda deyirdi ki, mən sərhədçi olduğum üçün döyüşlərdə biribaşa iştirak etmirəm. Bizim işimiz azad olunan sərhədboyu ərazilərdə sərhəd nəzarət məntəqələri qurmaqdır. Hər şeyi şəhid olduğu gün bildik, sən demə ən ön cəbhədə döyüşürmüş”.

Bir də belə təsnif olmayacaq

Özü ilə yanaşı, “Vətən yaxşıdır” mahnısını da dillərə dastan etdi Xudayar. Mahnı onu, o da mahnını yüksəklərə qaldırdı bir anda. Elə bu səbəbdəndir ki, bəstəkar Əlibaba Məmmədov mahnının bundan sonra “Xudayar təsnifi” adlandırılacağını bildirib. Ə. Məmmədova ailəsi adından təşəkkürlərini bildiriən M. Yusifzadə Xudayarın həqiqətən “Vətən yaxşıdır”ı dillər əzbəri edtiyini dedi: “Əlibaba müəllim özü də gördü ki, Xudayar özünü qəlblərdə, mahnını dillərdə dastan elədi. Təbii ki, mahnını “Xudayar təsnifi” adlandırdığına görə Əlibaba müəllimə çox-çox təşəkkür edirik. Bundan başqa Abbas Bağırov, Ənvər Sadıqov da gözəl layihə hazırlayıblar, onlara da təşəkkür edirəm, əziyyət çəkiblər. “Xudayar təsnifi” yeganə mahnıdır ki, nə bir də belə təsnif olmayacaq, nə də qəlblər yanmayacaq inşAllah”.

“Gələndən sonra toy edib evləndirəcəkdik  Xudunu”

Xudayar müharibədən qayıtdıqdan sonra toy edib ailə həyatı qurmaq istəyirmiş. Qardaşının bildirdiyinə görə, istədiyi də var imiş: “Xudayar çox zarafatcıl insan idi, həyat dolu, hər zaman gülərüzlü idi. Günü zarafat etməklə keçirdi, hərdən qanımız qara olanda, nədənsə kefsiz olanda gözləyirdik ki, Xudayar gəlsin, bir az deyib- güldürsün bizi. Bir dəfə telefonla danışanda anasına demişdi ki, gələndən sonra toy edib ailə quracağam. İstədiyi də var idi, amma bizə bu barədə bir söz deməmişdi. Təssüflər olsun ki, bu ona qismət olmadı”.

“Torpaqla bağlı xırda problem var idi, həll olundu, tezliklə evin tikintisinə başlanılacaq”

Məlum olduğu kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Xudayar Yusifzadənin hazırda kirayədə qalan ailəsi üçün sosial tərəfdaşın dəstəyi ilə fərdi yaşayış evi tikilməsini öhdəsinə götürüb. Şəhidin qardaşı bildirdi ki, artıq yaxın günlərdə tikinti işlərinə başlanılmalıdır: “Evin tikiləcəyi torpaq ata-baba sahəmizdir. Orada əvvəl öz evimiz olub, amma 3 il əvvəl qısaqapanmadan yanmışdı. Sənədlərlə bağlı xırda problem var idi, sağ olsun aidiyyati qurumlar məsələni operativ şəkildə həll etdilər. Nazirliyin əməkdaşları da bizimlə əlaqə saxlayırlar, bildiyimə görə yaxın müddətdə evin tikilməsinə başlanılacaq”.

Yaralı halda 20 dəqiqə döyüşüb

Xudayar Yusifzadə Kəlbəcər istiqamətində, Murov yüksəkliklərində, Füzuli, Cəbrayıl və Zəngilan uğrunda gedən döyüşlərdə iştirak edib. Ağbənd qəsəbəsinin azad olunması uğrunda döyüşlər isə onun üçün sonuncu olub: “Xudayarın döyüş yolu uzun olub. O Kəlbəcərdən döyüşlərə başlayaraq Zəngilanın Ağbənd qəsəbəsinin alınmasına qədər şanlı ordumuzla birgə irəliləyib. Lakin Ağbənd uğrunda gedən qızğın döyüşlər Xudayarın Şuşaya gedən yoluna bənd salıb. Döyüş yoldaşlarının dediyinə görə, yaralanmasına baxmayaraq yoldaşlarını tək qoymayıb və yaralı halda 20 dəqiqəyə yaxın mübarizəsini davam etdirib. Boğaz nahiyəsinə tüş gələn ikinci mərmi isə onu əbədi şəhdlik zirvəsinə yüksəldib.

Taleh Bağırov, “İki sahil”