05 noyabr 2019 10:14
954

YAP Xətai rayon təşkilatı imzatoplama kampaniyasını uğurla həyata keçirir

Yeni Azərbaycan Partiyası bələdiyyə seçkiləri ilə əlaqədar namizədlərinin imzatoplama kampaniyasına yüksək fəallıqla start verdi

Ölkəmiz növbəti bələdiyyə seçkiləri ərəfəsindədir. Mərkəzi Seçki Komissiyasının qərarı ilə  növbəti bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.  Seçkilərdə respublika üzrə 1606 bələdiyyəyə 15156 üzv seçilməlidir. Bələdiyyə seçkiləri işğal altındakı 7 seçki dairəsi istisna olmaqla, ümumilikdə 118 seçki dairəsini əhatə edəcək.

23 dekabr bələdiyyə seçkilərinin  namizədlərin irəli sürülməsi və imzatoplanması mərhələsinə start verilib. Hər bir mərhələdə hazırlıq prosesinin lazımi səviyyədə həyata keçirilməsinin son nəticəyə müsbət təsiri inkaredilməzdir. Namizədlərin irəli sürülməsi və imzatoplaması mərhələsini  rayon və şəhər təşkilatlarının birgə səfərbərliyi fonunda həyata keçirən Yeni Azərbaycan Partiyasının bir məqsədi var: Seçkilərdə uğur qazanmaq, uğur tarixinə yeni bir səhifə əlavə etmək. Qeyd etdiyimiz kimi, rayon və şəhər təşkilatları  seçkilərin hər bir mərhələsində üzərilərinə düşən vəzifəni yerinə yetirmək üçün ciddi səylər göstərirlər.

YAP Xətai rayon təşkilatı həmişə olduğu kimi, növbəti  bələdiyyə seçkilərinə hazırlıq prosesində də fəallığı ilə diqqət çəkir. Təşkilatın  Aparat rəhbəri Mayıl Kərimov bildirdi ki, xalqın gücünə, iradəsinə və dəstəyinə arxalanan  Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında mühüm  kampaniyalardan olan  23 dekabr bələdiyyə seçkilərinə  mütəşəkkil hazırlaşır.

Ölkənin idarə olunmasında bələdiyyə üzvlərinin üzərinə düşən  vəzifələrdən,  seçkilərin şəffaf və demokratik keçməsi üçün atılan biri-birindən əhəmiyyətli addımlardan geniş bəhs edən M.Kərimov qeyd etdi ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq bütün  prosedur qaydalarına yüksək səviyyədə əməl edilir.

O da qeyd olundu ki,  özündə 4 seçki dairəsini, 135 ərazi ilk  partiya təşkilatını, eyni zamanda,   16371 üzvü birləşdirən YAP Xətai rayon təşkilatı daim fəal olmuş, yüksək nəticələrlə prosesi başa çatdırmışdır.  Bunu qarşıdan gələn bələdiyyə seçkilərinin imzatoplama kampaniyası dövründə göstərilən yüksək fəallıq və hazırlıq prosesi də  təsdiqləyir.

Aparat rəhbəri vurğuladı ki,  seçicilərin rayon üzrə ümumi sayı 160 mindən artıqdır.  19 nəfər Xətai bələdiyyəsinin, 13 nəfər isə kənd Əhmədli bəldiyyəsinin üzvü seçiləcək.  Ümumilikdə  32 yerin hamısına partiyanın namizədləri irəli sürülüb. Xətai bələdiyyəsi üzrə  hər namizəd 150, Əhmədli bələdiyyəsi üzrə isə  hər namizəd 50 imza toplayacaq.  İmza vərəqələri Seçki Məcəlləsinin və  qanunvericiliyin tələblərinə uyğun olaraq doldurulur.    

M.Kərimov  imzatoplama kampaniyasının uğurla davam etdiyini diqqətə çatdırdı. Vurğuladı ki, demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilən Azərbaycanın  təkmil seçki təcrübəsi mövcuddur. Daim yeniliyə, təkmilləşməyə meyilli olan ölkəmizdə  seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi üçün ciddi addımlar atılır. Əminik ki, 23 dekabr bələdiyyə seçkiləri Azərbaycanın demokratik inkişaf tarixinə növbəti uğur səhifəsini yazacaq. Buna əsas verən Azərbaycanın daim yeniləşən seçki təcrübəsi, demokratik prinsipləri bu gününün və sabahının əsası kimi dəyərləndirməsi, həmçinin seçkilərin hər bir mərhələsinin yüksək səviyyədə təşkili üçün lazım olan bütün qaydalara riayət etmək və səyləri birləşdirməkdir.

Yeganə Əliyeva, “İki sahil”