20 mart 2020 20:04
689

Yaponiya, Çin və Cənubi Koreya koronavirusa qarşı birgə mübarizə aparmaq barədə razılığa gəliblər

Yaponiya, Çin və Cənubi Koreyanın Xarici İşlər nazirləri koronovirusun yayılmasının qarşısını birlikdə almaq barədə razılığa gəliblər.

AZƏRTAC xəbər verir ki, bu barədə razılaşma Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqinin martın 20-də çinli və cənubi koreyalı həmkarları Van İ və Kan Kyun-hva ilə apardığı bir saatdan çox davam edən videoəlaqə zamanı əldə edilib.

T.Moteqi bildirib ki, yeni koronovirusun yayılması dünya iqtisadiyyatına mənfi təsir göstərir. Yaponiya, Çin və Cənubi Koreya regionda sabitliyə və sülhə cavabdeh olduqlarına görə, bu üç ölkənin əməkdaşlığı fövqəladə əhəmiyyət daşıyır.

Yapon nazir əlavə edib ki, yeni koronovirusun yayılmasının qarşısını almaq üçün müəyyən müddət ərzində ölkələrə giriş və çıxış ciddi nəzarət altında saxlanılmalıdır.

Nazirlərin əldə etdiyi razılaşmaya əsasən, əməli fəaliyyətlə bağlı yaxın günlərdə üç ölkənin Səhiyyə nazirlərinin telekonfransının keçirilməsi nəzərdə tutulur.

Bununla yanaşı, nazirlər müvafiq dərmanların və vaksinlərin hazırlanması, tibbi vasitələrlə fasiləsiz ticarətin təmin edilməsi, fövqəladə vəziyyət yaranacağı təqdirdə əməkdaşlıq, həmçinin beynəlxalq ictimai gigiyena nəzarətinin birgə həyata keçirilməsi barədə də razılığa gəliblər.

Görüşdən sonra T.Moteqi jurnalistlərə deyib ki, nazirlər “Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarının da normal şəraitdə keçəcəyinə ümidvar olduqlarını bildiriblər.

T.Moteqi Baş nazir Şinzo Abenin insanlığın virus üzərində qələbəsini göstərmək üçün Yaponiyanın yarışları tam həcmdə keçirmək niyyətində olduğu barədə fikirlərini də xatırladıb. T.Moteqinin sözlərinə görə, Çinin və Cənubi Koreyanın Xarici İşlər nazirləri bu işdə öz dəstəklərini təklif ediblər.