08 oktyabr 2019 15:18
112

Yaponiya ilə ABŞ ticarət müqaviləsi imzalayıb

Yaponiya və ABŞ arasında ticarət müqaviləsini Yaponiyanın bu ölkədəki səfiri Şinsuke Suqiyama və ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzer imzalayıblar.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın da qatıldığı mərasim oktyabrın 7-də Vaşinqtonda keçirilib.

Xatırladaq ki, müqavilənin şərtləri barəsində razılaşma Yaponiyanın Baş Naziri Şinzo Abenin D.Trampla sentyabrda Nyu-Yorkda keçirilən görüşü zamanı əldə edilmişdi.

Müqavilənin şərtlərinə görə, Yaponiya öz bazarını ABŞ-ın kənd təsərrüfatı məhsulları üçün açır. Bu zaman Trans-Sakit okean Tərəfdaşlığı üzrə razılaşmada nəzərdə tutulan normalar dəyişməz qalır.

Bununla yanaşı, Yaponiya ABŞ-dan gətirilən mal ətinə tarifləri 38,5 faizdən 9 faizədək azaldacaq.

İki ölkənin liderləri arasında əldə edilən razılaşmaya görə, ABŞ ticarət müqaviləsinin qüvvədə olduğu müddətdə Yaponiya avtomobillərinə əlavə rüsumlar tətbiq etməyəcək.

Yaponiya hökuməti artıq gələn həftə ticarət müqaviləsinin deputatlar tərəfindən bəyənilməsini nəzərdə tutan qanun layihəsini parlamentə təqdim etməyi planlaşdırır.

Hökumət nümayəndələrinin bildirdiyinə görə, Yaponiyanın ABŞ və Trans-Sakit okean Tərəfdaşlığı ölkələri ilə əldə etdiyi ticarət müqaviləsi bütün dünya iqtisadiyyatının tərkibində 60 faiz paya malik azad iqtisadi zonanın formalaşmasına kömək edəcək.

Müqavilənin 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcəyi gözlənilir.