19 sentyabr 2019 13:00
563

Yaponiya İmperatorunun taxta çıxma mərasimində 190-dan çox ölkənin nümayəndələri iştirak edəcəklər

Yaponiyanın İmperatoru Naruhitonun taxta çıxması ilə əlaqədar oktyabrda keçiriləcək mərasimdə 190-dan çox ölkənin və beynəlxalq təşkilatın yüksək vəzifəli nümayəndələri iştirak edəcəklər.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, bu barədə Yaponiyanın Baş Naziri Şinzo Abe məlumat verib. Baş Nazir bildirib ki, yeni İmperatorun taxta çıxmasına həsr ediləcək “Sokuirei Seiden no gi” adlanan ən böyük mərasim oktyabrın 22-də keçiriləcək.

Xatırladaq ki, sabiq İmperatorun 1990-cı ildə keçirilən taxta çıxma mərasimində 160 ölkənin və beynəlxalq təşkilatın nümayəndələri iştirak ediblər. Bundan sonra Yaponiya tərəfindən tanınan dövlətlərin sayı 165-dən 195-ə qalxıb.

Hazırlıq komitəsinin iclasında çıxış edən Ş.Abe deyib: “Bu, İmperatorun dəyişilməsinə həsr edilən ən böyük mərasim olacaq. Yaponiya hökuməti tədbirin rahat və layiqincə təşkili üçün mümkün olan bütün işləri görəcək”.

Mərasimdən sonra İmperator Naruhito və İmperatriçə Masako üstüaçıq sedan avtomobilində İmperator sarayından Akasaka sarayınadək olan 5 kilometrlik məsafə boyunca parada qatılacaqlar.

Həmin gün hava şəraiti əlverişsiz olarsa, parad oktyabrın 26-na keçiriləcək. Əgər həmin gün də əlverişli hava şəraiti olmasa, paradın vaxtı dəyişdiriləcək.