28 oktyabr 2020 18:42
1210

Yaxşı əhval-ruhiyyə immuniteti gücləndirir

Nottinqam Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, xoş əhval-ruhiyyədə olan insanlarda qrip əleyhinə edilən peyvəndlər daha yüksək nəticə verib.

Bu ona görə baş verir ki, yaxşı əhval immun sistemini fəallaşdırır və onun vaksinasiyaya qarşı reaksiyasını artırır.

Əldə edilən məlumatlara görə, inyeksiya ediləcək gün yaxşı bir ruh halında olmaq, bədəndəki antikor miqdarının 14% artmasına və infeksiyalara qarşı təsirli bir müdafiənin yaranmasına səbəb olur. Bu baxımdan mütəxəssislər peyvənd üçün həkimə getmədən əvvəl yoqa etməyi və ya komediya filminə baxmağı məsləhət görürlər.

"Peyvənd yoluxucu xəstəliklərə yoluxma şansını azaltmaq üçün inanılmaz dərəcədə təsirli bir üsuldur, lakin peyvəndlərin xəstəliklərdən qoruma qabiliyyəti də insanın immunitet sisteminin nə dərəcədə işləməsindən asılıdır. Bilirik ki, stress, fiziki aktivlik və qidalanma kimi bir sıra psixoloji səbəblər və davranış faktorları immunitet sisteminin işinə və bilavasitə peyvəndlərin xəstəliklərdən qorumasına öz təsirini göstərir", -deyə professor Kavita Vedhara qeyd edib.
Tədqiqatın nəticələrinin bütün adi peyvəndlərə şamil olunması gözlənilir, lakin mütəxəssislər bu günə qədər yalnız mövsümi qripə qarşı peyvənd olunmuş 138 İngiltərə təqaüdçüsü üzərində təcrübə aparıblar. Emosiyalar və immunitet sistemi beynin subkortikal bölgələri ilə eyni şəkildə əlaqələndirildiyi üçün əhval-ruhiyyənin bir peyvəndin nə qədər yaxşı təsir göstərəcəyində rolu var.

Nubar Süleymanova, “İki sahil”