17 may 2019 10:17
85

Yeni Azərbaycan Partiyasına ümumxalq etimadı tükənməzdir

Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 280 əməkdaşı YAP sıralarına daxil olmaq üçün müraciət etdi

1992-ci il noyabrın 21-də müxalifət partiyası kimi 550 nəfərin iştirakı ilə  təsis konfransını keçirən Yeni Azərbaycan Partiyasının qısa müddətdə iqtidara gəlməsi YAP-a, onun yaradıcısı və qurucusu  ulu öndər  Heydər Əliyevə ümumxalq ehtiramı və inamının nəticəsi idi.

Bu gün üzvlərinin sayı 800 minə yaxınlaşan partiyanın ikinci qurultayındakı  çıxışında “Bizim partiyaya üzv olan adamlar, bizim partiyaya qoşulmaq istəyənlər, bizim partiyaya gələn adamlar ancaq və ancaq öz qəlbinin, öz zehninin hökmü ilə gəlməlidirlər, öz könlü ilə gəlməlidirlər. Bilməlidirlər ki,  bu partiya onun bütün arzu və istəklərinə cavab verən partiyadır” söyləyən ümummilli lider Heydər Əliyev bildirirdi ki, bu partiyanın yaradılması ilə Azərbaycanda yeni bir demokratik sistem formalaşır: “Əsas vəzifəmiz isə  Azərbaycanın dövlət quruculuğudur. Azərbaycanda keçirilən islahatlardır- siyasi, iqtisadi, sosial və başqa islahatlardır.”

Dünən  Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında keçirilən tədbir sübut etdi ki, Ulu Öndərin ideyalarını  davam etdirən YAP həqiqi mənada  xalqın partiyasıdır.

Xəstəxananın baş həkimi Telman İbadov bildirdi ki,  respublikada aparılan genişmiqyaslı islahatlar, quruculuq işləri səhiyyə sistemində də  əsaslı dönüş yaratmış,  yeni xəstəxanalar istifadəyə verilmiş,  Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun ən müasir tibbi avadanlıq və preparatlarla təmin edilmişdir:

- Xəstəxanamız son illərdə  əsaslı surətdə təmir olunmuş, müxtəlif korpuslarda müalicə olunan xəstələrə diqqət və qayğı artırılmışdır. Ən təcrübəli həkimlərdən və tibb işçilərindən ibarət kollektivimiz Azərbaycanda səhiyyənin inkişafına göstərilən diqqət və qayğı üçün dövlət başçımız, YAP Sədri İlham Əliyevə minnətdarlığını  fəaliyyətləri ilə  bildirir.  Bu qayğını  layiqli işləri ilə doğrultmağa çalışan  çoxsaylı həkimlərimiz, tibb işçilərimiz içdikləri Hippokrat andına sadiqdirlər. Bu gün onlardan 280 nəfər YAP sıralarına daxil olmaq üçün ərizə ilə partiyanın Yasamal rayon təşkilatının  xəstəxanadakı ərazi   ilk təşkilatına müraciət etmişlər.

YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov bildirdi ki,   1992-ci ildə   adları tarixə “91-lər” kimi yazılan  vətənpərvər  ziyalıların müraciətinə cavab verən ulu öndər Heydər Əliyev bu partiyanı yaratmaqla  Azərbaycanda demokratik təsisatların əsasını qoydu, milli müstəqilliyimizi əbədiləşdirdi.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın iqtisadi inkişafı, ölkədə sabitliyin, tərəqqinin,  təminatı üçün göstərdiyi fədakarlıqlardan söz açan Tağı Əhmədov  bildirdi ki, YAP-ın kəmiyyət və keyfiyyətcə yenilənməsi, möhkəmlənməsi partiyamıza ümumxalq rəğbətinin və sonsuz inamının təcəssümüdür:

-  Azərbaycanda gedən ictimai-siyasi proseslərdə formalaşan,  mütəşəkkil təşkilat kimi  böyük nüfuz qazanan YAP xalqına, Vətəninə, millətinə xidmət etmək istəyən insanların partiyası olduğunu artıq  ölkəmizi dünyada tanıtmaqla təsdiqləyib. Proqram və Nizamnaməsi Azərbaycan xalqının istək və arzularını əks etdirən  partiya üzvlərinin sayının artması ulu öndər Heydər Əliyev ideyalarına sadiqlik olmaqla,  Prezident, YAP Sədri İlham Əliyevə tükənməz etimadın ifadəsidir. Respublikamızda  keçirilən prezident, parlament, bələdiyyə seçkilərində  insanların YAP-a, bu partiyanın namizədlərinə etimadı həmişə yüksək olub.

“Dünya birliyində böyük nüfuz qazanan  Azərbaycanın inkişafı beynəlxalq təşkilatlarda  nümunə göstərilirsə , bu uğurlarda YAP üzvlərinin xidmətləri böyükdür” sözləri ilə çıxışını davam etdirən Tağı Əhmədov vurğuladı ki,  ölkəmizdə  ən mötəbər  beynəlxalq simpoziumların,  forumların,  dünya ictimaiyyətinin diqqətində olan idman yarışlarının təşkili  Ulu Öndərin görmək istədiyi Azərbaycanın dünyaya təqdimatıdır:

-Respublikamızda əldə  edilmiş bütün uğurlarda Yeni Azərbaycan Partiyasının rolu və xidmətlərinin xalq tərəfindən qiymətləndirilməsi  siyasi kampaniyalarda  YAP-ın qazandığı  uğurlardır. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi  məsuliyyətini hiss edir, avanqard rolunu  fəaliyyəti, təşəbbüsləri  ilə doğruldur.  Partiyamızın üzvləri müxtəlif sahələrdə nümunə göstərərək  ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası regionda,  dünya miqyasında  tanınan, böyük nüfuz qazanan  güclü, vahid, siyasi təşkilatdır. Beynəlxalq əlaqələri genişlənən partiyamız dövlət siyasətimizin əsasını təşkil edən qarşılıqlı əməkdaşlıq prinsipini fəaliyyətinin başlıca amili kimi daim diqqətdə saxlayır. Bütün Azərbaycan xalqında partiyamızın gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var. Bu gün 280 nəfərin partiyamızın sıralarına daxil olmaq istəyi  YAP-a, ulu öndər Heydər Əliyev siyasətinin davamına  ümumxalq  inamının, etimadının nümunəsidir.

Tədbirdə Yeni Azərbaycan Partiyasına daxil olmaq istəyənlərin müraciətləri nəzərə alındı. Belə bir inam ifadə  olundu ki,  onlar  YAP üzvü kimi də   etimadı layiqli işləri ilə doğruldacaqlar.

Xuraman İsmayılqızı,
Vüsal Cahanov (foto), 
“İki sahil”