29 iyul 2020 17:43
1687

Yeni su anbarları susuz torpaqlarımıza can verəcək

Prezident İlham Əliyevin bir neçə gün əvvəl imzaladığı “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına Əlavədə ölkədə 10 yeni su anbarının yaradılması öz əksini tapıb. İnşa ediləcək yeni su anbarları müxtəlif bölgələrdəki  sudan korluq çəkən yüz min hektarlarla  əraziləri su ilə təmin edəcək ki, bu da kənd təsərrüfatının inkişafına böyük təkan verəcəkdir.

Yeni su anbarları bunlar olacaq:  Əlicançay su anbarı,  Qudiyalçay su anbarı,  Vəlvələçay su anbarı, Qaraçay su anbarı, Qusarçay su anbarı,  Ağsuçay su anbarı,  Türyançay su anbarı, Yengicə su anbarı, Viləşçay su anbarı və  Zəyəmçay su anbarı. Nəzərə alaq ki, yeni yaradılacaq su anbarlarının əhatəsində suvarılmayan və ya su sarıdan çətinlik çəkən torpaq sahələri çoxdur. Həmin torpaqların su ilə təmin edilməsi əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasında mühüm əhəmiyyət kəsb edəcəkdir. Həmin ərazilərdə elə torpaq sahələri var ki, yüz illərdir su üzünə həsrətdir.

Yada salaq ki, 1970-ci ildə, yəni əlli il əvvəl  Ağdərə rayonu ərazisində Sərsəng su anbarının tikilməsi ilə altı rayonun-Tərtər, Ağdam, Goranboy, Naftalan, Ağdərə və Bərdə rayonlarının təsərrüfatları suvarma problemindən xilas olmuşdular. Ümummilli liderimiz Heydər Əliyev Sərsəng su anbarının tikilməsi üçün SSRİ hökumətinin razılığını alaraq həmin bölgələrdə üzümçülüyün, taxılçılığın, pambıqçılığın, yemçiliyin sürətli inkişafına əvəzolunmaz töhfə vermişdi. Nəticədə həmin rayonların torpaq sahələrinin məhsuldarlığı bir neçə dəfə artmışdı. Lakin hazırda Sərsəng su anbarının yerləşdiyi ərazinin Ermənistanın işğalı altında qalması bu su mənbəyindən istifadəyə imkan vermir.

Prezident İlham Əliyevin Sərəncamı bölgələrin əhalisi tərəfindən böyük razılıqla qarşılanıb. Kəndli-fermerlərin sevincinin həddi-hüdudu yoxdur. Yeni su anbarları istismara veriləndən sonra  onlar  istifadələrində olan torpaqlarda bol məhsul yetişdirəcək, maddi rifah hallarını xeyli yaxşılaşdıracaq, təsərrüfatlarını inkişaf etdirmək imkanı əldə edəcəklər. Ümumilikdə isə, torpaqların su ilə təmin edilməsi, məhsul bolluğu yaradacaq,  ölkə iqtisadiyyatının sürətli inkişafına böyük  təkan verəcəkdir.

Vəli İlyasov, “İki sahil”