12 noyabr 2019 18:39
411

Yeni yol, müasir məktəb, işıqlı  gələcək....

Xətai və Yeni Havuş. Azərbaycanımın kiçik kəndləri böyük sevinc yaşayır. Salamlamaq istədik bu yurd yerlərini. Yeni yolun müabarək olsun,-deyib, dayandıq Xətai və Yeni Havuş  adlarının qarşısında. Bir fotoda əbədiləşdi bu adlar və hamar yollar. Gördüm iki gənc gəlir. Yaxınlaşdıq, salamlaşdıq. Xətai kəndindən olan bacı-qardaş-Əli və Xədicə ilə  söhbətləşdik.  Ali məktəbə hazırlaşan bu iki gəncə uğurlar arzulayaraq yola davam etdik.

İki kənd arasında sıralanan müasir binalar. Xoş arzu ilə dayandıq bu binalar qarşısında. Aidə adlı bir xanımla həmsöhbət olduq. Üç oğul anasıdı. Böyük oğlu sərhəddə yerləşən Havuşda xidmət edir. Əsgərlikdən yeni qayıdan digər oğlu bu günlərdə istifadəyə verilən xidmət mərkəzində çalışır. Kiçik oğlu... Elə bu an yanımıza öz dəcəlliyi ilə diqqətimizi yayındıran Elnar gəldi.  Birinci sinifdə oxuyur. Onunla qısa zamanda dostlaşdıq. Əlimdən tutub yeni məktəb binasını göstərdi. Əlavə sözə ehtiyac yox idi. Balaca ürəkli Elnarın  sevinci gözlərindən oxunurdu. Elnarın sevincinin təkcə Şərurun deyil, Naxçıvanın, nəticə etibarilə ölkəmizin sevinci olduğunu düşünürük. Soruşanda  nəçi olacaqsan: Uşaqların müəllimi, deyə cavab verir.  Cavabına gülümsəyib yolumuza davam etdik.

Bir az irəlilədik. Yolun sol tərəfində köhnə məktəb bina və digər  tikililər gözümüzdən yayınmadı.  Dünənə qədər bu binalardan istifadə olunub. Bu gün həmin binaları müqayisə olunmaz dərəcədə yeniləri əvəz edib. Bir daha sevinirsən ki, Yeni Havuşun sakinlərinin artıq bu köhnə və yararsız tikililərə ehtiyacı yoxdu.  (Fotolardan tanış ola bilərsiniz).

Kənddə  ən yaxşı müsahiblərim  uşaqlar oldu. Gülay, Röyal, Murad və başqalarının arzuları böyük idi. Kimisi həkim, kimisi hərbçi, kimisi müəllim olmaq istəyir. Artıq onların qarşısında bir əngəl yoxdu. Səliqəli yollar və müasir məktəb binası. Şəhərdəki məktəblərdən fərqi yoxdu: müasir sinif otaqları, hərbi kabinə, tədris proqramına və dərs vəsaitlərinə uyğun avadanlıqları olan  kimya-biologiya və fizika laboratoriyaları, şahmat və kompüter otaqları. Məktəbdə internet də var,  3 elektron lövhə quraşdırılıb. Və onlara yalnız yaxşı oxumaq və vətənpərvər gənc kimi yetişmək düşür. Belə olacağına isə heç də şübhə yoxdur. Söhbətimdə onlarda olan Vətən sevgisini gördüm. Əksəriyyəti də hərbiçi olmaq istəyir. Çünkü tam ta yüksəklikdə-Havuş kəndində sərhədlərimiz qorunur, Vətənimiz qorunur. Onların bu arzusuna təəccüblənmədik. Vətənimizi göz bəbəyi kimi qoruyan gəncliyimiz yetişir. Sevindik, qürurlandıq. Əmin olduq ki, vətənpərvər olan bu yeniyetmələr  indidən özlərini Vətənin  gələcək qurucusu kimi hiss edirlər. Axı qurucu rəhbərimiz müasir məktəb binasının açılışında bir məsələni xüsusilə vurğulayaraq deyib ki, məktəbdə gənclərə təhsil vermək işin bir tərəfidirsə, onların vətənpərvər yetişdirilməsi isə qarşıda duran əsas vəzifədir.

Yeni məktəb binasının həyətində yeni əkilmiş ağaclar və güllər var idi. O anda düşündüm ki, bir neçə il sonra bu fidanlar qollu-budaqlı ağacalara, ətrafa rayihə yayan güllərə çevriləcək. Burada gördüklərimizdən bir əminlik hasil oldu ki,  kənd sakinləri bu qurulub yaradılanları qoruyacaq, gələcək nəsillərə ötürəcək.

Yolumuza davam edirik. Payız fəslinin kənddə yaratdığı gözəlliklər musiqi, şer, qəzəl kimi ruhumuzu oxşayır. Sarı yarpaqların xalı naxışı Yeni Havuşa ayrı gözəllik qatıb. Sanki bu gələn payız da bilir ki, kənd yeni günlərini yaşayır. Kənddə hərə öz işində. Kimisi həyətində payızlıq məhsullarını tədarük edir,  kimisi evini qışa hazırlayır.  Bütün həyətlərdə arı yeşikləri görmək mümkündü.

Həyətlərdən boylanan payız gülləri sanki bizi salamlayır. Bir evin həyətinin fotosunu çəkmək istədik. Evdən səs gəldi. Səkinə xala idi. Hal-əhvaldan, arzu-diləkdən sonra bizi həyət  dəvət elədi. Həyətdə hər şey sadə, hər şey incə zövqlə. O andaca fikrimdən keçdi ki, doğurdan da çox  gözəldi yurdumun insanları. Qonaqpərvər. Bu, bizi ürəkdən sevindirdi. Lakin burada qeyri-adi bir şey yoxdu. Bu adət bizə dədə-baba mirasıdır, xalqımızın səciyyəvi cəhətidir. Bir  hindistanlı turistin bu günlərdə dediyi kimi: Blokadada olub, eyni zamanda çox istiqanlı olmaq. İnsanlar çox səmimi və sevgi ilə doludur, dost qazanmaq bir gülümsəmə kimidir.  

Yol alırıq Xətai kəndinə. Sıralanan yaraşıqlı evləri abad, səliqə-sahmanlı, həyət-bacaları da qəlb ovsunlayır. Söhbətləşdiyim insanlardan bir daha əmin oldum ki, bu insanlar milli adət-ənənlərimizə bağlı, qoçaq, mərd, qonaqpərvər, yurdsevər, səmimidir. Az sonra şəhərədən gələn qonaq kimi bizi kəndin uşaqları dövrəyə alır. Onların gülüş səsləri ətrafa yayılır. Bu kəndin uşaqları gülür. Deyirlər, uşaq gülürsə, demək bəşəriyyət gülür. Uşaqların gülüşü, rahatlığı cəmiyyətin  xoşbəxtliyidir. O xoşbəxt uşaqlarla-Kənan, Sərxan, İnci, Ayşən, Südabə, Səkinə, Adəmlə söhbətləşdik. Vaxt gələcək onlar böyüyəcək, anlayacaq və qürur duyacaqlar ki,  qurucu şəxsiyyət və rəhbər cənab Vasif Talıbovun tikib-qurduğu məktəbin yetirmələridir.  Torpağına, dövlətinə bağlı, dövlətçiliyinə sadiq, ölkəsinin gələcəyini düşünən vətəndaşlar olmaq diləyi ilə kəndin payız mənzərələrini fotoaparatın  yaddaşına köçürməyi də unutmadıq. 

Ana yurdum Azərbaycanın müasir kəndlərini gördükcə qürurdan qürur bağlayırsan, yerə-göyə sığmayırsan. Dönüb baxırsan bir daha. Günəş şəfəqləri ilə parlayır kəndlər. Bir də quruculuq günəşi. Onun nuru isə gələcəyimizi nurlandırır.  Yeni günlərin mübarək deyib, Naxçıvan şəhərinə yol alırıq...

Sara Əzimova