20 sentyabr 2017 14:32
2253

“Neftqaztikinti” Trestində Neftçilər Günü qeyd olundu

Sentyabrın 19-da SOCAR-ın “Neftqaztikinti” Trestində Neftçilər Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə “Neftqaztikinti” Trestinin müdiri Mirkazım Abasov, Trest müdirinin müavinləri, Trestin Həmkarlar İttifaqı Komitəsinin sədri Elşad Cəbrayılov, Trest aparatının məsul şəxsləri və struktur vahidlərinin rəhbərləri də iştirak edirdilər.

“Neftqaztikinti” Trestinin müdiri Mirkazım Abasov öncə mərasim iştirakçılarını qarşıdan gələn Neftçilər Günü münasibətilə təbrik etdi. Bildirdi ki, 20 sentyabr 1994-cü ildən tarixə “Əsrin müqaviləsi” kimi daxil olan və imzalanan beynəlxalq əhəmiyyətli sənəd Azərbaycanın iqtisadi inkişafının təməlini qoydu: “1994-cü il sentyabrın 20-də imzalanmış və müstəqil Azərbaycanın iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq neft sazişi iqtisadiyyatımızın dinamik inkişafının əsasını qoydu və onun praktiki nəticələri göz qabağındadır. “Əsrin müqaviləsi”nin ölkəmiz üçün iqtisadi və siyasi əhəmiyyətini görmək, ən əsası düzgün qiymətləndirmək üçün həmin dövrdən ötən 23 il ərzində Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salmaq kifayətdir. Ölkəmizin neft sənayesinə böyük həcmli investisiyaların qoyulması və müasir texnologiyaların tətbiqi nəticəsində bu sahədə böyük nailiyyətlər əldə olunub. Bu günlərdə ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. “Əsrin müqaviləsi”nin müddətinin uzadılması, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun 2050-ci ilə kimi istismarında bütün neftçilər kimi Trest əməkdaşlarının da böyük xidmətləri olacaq.”

Çıxışının sonunda M.Abasov Trestin Neftçilər Günü peşə bayramı münasibətilə SOCAR-ın Fəxri fərmanı ilə təltif olunan qabaqcıl əməkdaşlarını təbrik etdi və onlara gələcək işlərində uğurlar arzuladı. Daha sonra Fəxri fərmanlar işçilərə təqdim olundu.

M.Abasov, həmçinin “Neftçi İdman Klubu” İctimai Birliyi tərəfindən bu günlərdə keçirilmiş Spartakiadada futbol yarışlarında II yerə layiq görülmüş  “Neftqaztikinti” Trestinin komandasına, şahmat üzrə I yerə çıxan Nican Fərzəliyevə, daş qaldırmada II yerə layiq görülən Xəzər Kərimova, uzunluğa tullanmada II yeri tutan Elvin Quliyevə və digər uğur qazanmış işçilərə gələcək iş və idman fəaliyyətlərində uğurlar arzuladı, onlara “Neftqaztikinti” Trestinin və Trestin Həmkarlar İttifaqı Komitəsinin Fəxri fərmanlarını və pul mükafatını təqdim etdi.

Daha sonra Trestin Həmkarlar İttifaqı Komitəsinin sədri Elşad Cəbrayılov çıxış edərək bildirdi ki, ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə “Əsrin müqaviləsi”nin imzalandığı 20 sentyabr tarixinin əlamətdar hadisə, Neftçilər Günü kimi qeyd olunması neftçilərə göstərilən diqqət və qayğının nümunəsidir. E.Cəbrayılov vurğuladı ki, Neftçilər Günü munasibətilə “Neftqaztikinti” Trestinin müdiri Mirkazım Abasovun yaxından köməyi və Həmkarlar İttifaqı Komitəsinin maliyyə dəstəyi ilə hər il yüksək səviyyədə tədbirlər keçirilir, idman yarışları təşkil edilir.

Bundan əlavə, tədbirin sonunda bir qrup Trest əməkdaşına “Neftqaztikinti” Trestinin və Trestin Həmkarlar İttifaqı Komitəsinin Fəxri fərmanları və pul mükafatı təqdim olundu.

Orxan Vahidoğlu, “İki sahil”