14 avqust 2018 23:35
1775

Xəzərin hüquqi statusuna dair Konvensiya regional layihələrimizə yeni inkişaf tempi gətirəcək

Avqustun-12-də Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzərin statusunu müəyyənləşdirən sammit keçirildi. Sammitin yekun protokolunda Xəzəryanı dövlətlərin prezidentləri tərəfindən dənizin hüquqi statusunu müəyyən edəcək Konvensiya imzalandı. Bununla on illərdir davam edən müzakirələr real nəticələrin əldə olunması ilə başa çatdı.

Xəzər dənizinin hüquqi statusunu təsbit edən yeni beynəlxalq Konvensiya ümumilikdə 24 maddədən ibarət idi. Lakin Aktau sammitinin müzakirəsində əsas prioritetlər bunlar idi: su hövzəsinin hüquqi statusu, Xəzərdə əməkdaşlıq, regional və qlobal təhlükəsizlik məsələləri. Həmçinin burada iqtisadiyyat, nəqliyyat, ekologiya və bioresursların qorunması, təhlükəsizlik mövzuları diqqət mərkəzində olaraq müzakirə edildi.

Ümumiyyətlə, Xəzərə həmişə böyük geopolitik maraq olub ki, bu da həm onun dibində milyardlarla barrel neft və trilyonlarla kibmetr təsdiqlənmiş qaz ehtiyatlarının olması, həm də yerləşdiyi geopolitik mövqe ilə bağlıdır.

Xəzər dənizi ilə bağlı davam edən uzunmüddətli müzakirələrin bir səbəbi də onun göl və ya dəniz olması ilə əlaqəli idi . Ona görə ki, bu faktor Xəzərin statusunun müəyyənləşməsində və bölgüsündə mühüm prinsip idi. Burada bir məsələri qeyd etmək lazım idi ki, Xəzərin göl kimi qəbul olunması onun beş sahil dövləti arasında bərabər bölüşdürülməsini zəruri edirdi. Prezidentlərin imzaladığı Konvensiyaya görə beş sahilyanı dövlət Xəzərin dəniz olması barədə ortaq razılığa gəliblər.

Su hövzəsinin dəniz olaraq qəbul edilməsi o deməkdir ki, hər bir ölkənin payına dənizin orta xətti ilə müəyyənləşən sektorlar düşəcək. Danışıqların əvvəlindən Azərbaycanın tutduğu mövqe də elə bundan ibarət idi. Konvensiyanın ən əhəmiyyətli tərəflərindən biri ondan ibarətdir ki, sənədin 14-cü maddəsinə görə, sahilyanı ölkələr dənizin dibi ilə qaz və neft kəmərləri çəkə bilərlər, bunun üçün sadəcə olaraq kəmərin keçdiyi sektorlara sahib ölkələrin razılığı kifayət edir. Bu maddə Türkmənistan və Qazaxıstanın karbohidrogen ehtiyatlarının Azərbaycan vasitəsilə Türkiyə və Avropaya nəqlinə yaşıl işıq yandırır. Belə ki, indiyədək statusun qeyri-müəyyən olması Qazaxıstanın planlaşdırdığı Xəzər Kəmərinə və Türkmənistanın öz qazını Avropa bazarına çıxarmaq istədiyi Trans Xəzər Kəmərinə ciddi maneə törədirdi.

Prezident İlham Əliyev: Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolu oynayır və bu rol ildən-ilə artmaqdadır

Sammitdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolu oynayır və bu rol ildən-ilə artmaqdadır: “2017-ci ilin oktyabr ayında Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olmuşdur. Bu layihə Asiya ilə Avropanın dəmir yollarını birləşdirir. Ötən il bu marşrutla 191, cari ilin 6 ayı ərzində isə 1400-ə yaxın konteyner daşınıb. İlin sonunadək 4 minə yaxın konteynerin daşınması planlaşdırılır. Biz qarşıdakı illərdə bu marşrutla yükdaşımaların dəfələrlə artmasını gözləyirik. Azərbaycan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında və inkişafında da mühüm rol oynayır. Biz bu layihəyə böyük əhəmiyyət veririk. Azərbaycan ərazisində bu layihənin reallaşması üçün bütün işlər başa çatıb. Ötən il Şimal-Cənub marşrutu üzrə Azərbaycan ərazisindən 1700 ton, bu ilin yalnız 7 ayı ərzində isə 175 000 ton yük daşınmışdır. Bu isə yükdaşıma həcminin ötən illə müqayisədə təqribən 100 dəfədən çox artması deməkdir.”

Təbii ki, imzalanmış bu Konvensiyaya görə sahil dövlətləri öz sektorlarında baş verən texnogen qəzalara görə birbaşa məsuliyyət öhdəliyi də götürürlər. Razılaşmaya əsasən, Xəzərdə yalnız sahil ölkələrinin hərbi dəniz donanmaları ola bilər. Sammit çərçivəsində mütəşəkkil cinayətkarlıq, terrorizmlə mübarizə və sərhəd qurumlarının qarşılıqlı fəaliyyətinə dair üç əlavə protokol da imzalanıb. Beləliklə, 22 il davam edən müzakirələr tarixi sənədin - Xəzərin statusunu müəyyənləşdirən Konvensiyanın imzalanması ilə başa çatdı. Bu, Xəzər regionunda sabitliyi təmin etməklə yanaşı, Azərbaycanın beynəlxalq tranzit ölkəsi rolunu daha da gücləndirərək, iqtisadi qüdrətini daha da artıracaq.

Bu bir reallıqdır ki, Azərbaycan dövləti Xəzərin statusu ilə bağlı mövqeyində həmişə beynəlxalq hüquqa və beynəlxalq dənizçilik konvensiyalarına əsaslanıb. Eyni zamanda, dövlətimiz beş Xəzəryanı dövlət içərisində Xəzərin statusunun həlli məsələsində ən konstruktiv, ardıcıl və elmi cəhətdən əsaslandırılmış mövqe nümayiş etdirir. Ölkəmiz qətiyyətli şəkildə bildirir ki, hər bir Xəzəryanı ölkə orta xətt üzrə bölünmüş özünəməxsus sektoru üzərində (suyun həm dibi, həm də səthi) suverenlik hüququna malikdir.

Təbii ki, Azərbaycan Respublikası özünün bu prinsipial mövqeyini qəti şəkildə 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul etdiyi yeni Konstitusiyasında ifadə edərək Xəzər dənizinin müvafiq əraziyə bitişik sahəsini Azərbaycan Respublikası ərazisinin ayrılmaz tərkib hissəsi hesab edir.

Düzdür, Aktau sammitində Xəzərin hüquqi statusu probleminin hələ də həll edilməməsi və ölkələrin strateji mövqelərinin dəyişməməsinə baxmayaraq, ən azından burada əsas mövqelərimizi möhkəmləndirə bilmişik. Bunların təməli Xəzərdəki çox böyük potensiala malik neft və qaz yataqlarının artıq ölkəmiz tərəfindən istismara başlanması ilə qoyulub. Ən başlıcası isə Xəzəryanı dövlət başçılarının 2007-ci ildə Tehranda baş tutan 2-ci sammitində regionun beş Xəzəryanı dövlətinin heç bir halda heç bir dövlətə ərazilərdən (Xəzər dənizi vasitəsilə) təcavüzkar məqsədlə istifadə etmək və Xəzəryanı dövlətlərdən hər hansı birinə qarşı digər dövlətin hərbi əməliyyatlar aparmasına imkan verməmək barədə öhdəlik götürməsi olub. Həmin beş ölkə birgə bəyanatlarında bildiriblər ki, ancaq onlar Xəzər dənizində suveren hüquqlara malikdirlər və bu hövzədə gəmilər müstəsna olaraq yalnız Xəzəryanı dövlətlərin bayraqları altında üzə bilərlər. Bu da öz növbəsində Xəzər dənizinə təcavüzkar məqsədli əlavə regional güclərin daxil olmasını əngəlləyir.

Burada bir məsələni də qeyd etmək lazımdır ki, Xəzər dənizi təkcə enerji sektoru üçün önəmli deyil, onun canlılar aləmi də zəngindir. Bu dənizin faunasını və ekologiyasını qorumaq da bir öhdəlikdir.

Sammitin yekun qərarları Azərbaycanın maraqlarına uyğundur

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya iştirakçı ölkələr üçün sualtı boru kəmərləri çəkmək imkanı yaradır. Həmin Konvensiyanın 14-cü maddəsində göstərilir ki, Xəzəryanı ölkələr Xəzər dənizinin dibi ilə sualtı kabellər və boru kəmərləri çəkə bilərlər. Həmçinin sənəddə göstərilir ki, sualtı kabellərin və boru kəmərlərinin çəkilməsi üzrə marşrutun müəyyənləşdirilməsi sektorların sahibi olan ölkələrlə razılaşdırılmalıdır.

Əslində, Xəzəryanı ölkələrin Aktau sammitini Azərbaycan dövlətinin xarici siyasətindəki uğuru da hesab etmək olar. Ona görə ki, son 25 ildə Xəzərin statusuna dair məsələlərin müzakirəsi davam edib. Lakin konkret nəticə əldə olunmayıb. Ancaq bu sammitdə artıq hər bir ölkəni razı salacaq yekun qərar qəbul edildi. 

Bu, bir daha göstərir ki, hazırda müstəqil Azərbaycan dövləti dünya təhlükəsizlik sisteminin təməl daşı olan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət həyata keçirir. Dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmamaq Azərbaycanın başqa ölkələrlə qarşılıqlı əlaqələrində əsas prinsiplərdir. Azərbaycanın dünya siyasətində əsas söz sahibi olan bütün ölkələrlə, eləcə də beynəlxalq təşkilatlarla əlaqələrini daha da inkişaf etdirməsi, sülh, sabitlik və iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləməsi artıq bir reallıqdır. Bütün bunlar Azərbaycanın xarici siyasətinin kifayət qədər geniş, düşünülmüş və çoxşaxəli olduğunu göstərir.

Elçin Zaman, “İki sahil”