15 avqust 2018 22:15
1567

Regional əməkdaşlığa böyük töhfə

Dövlətimizin başçısı  İlham Əliyev bildirir ki, Azərbaycan bütün Xəzəryanı ölkələrlə çox sıx etimada, qarşılıqlı, bərabərhüquqlu maraqların nəzərə alınmasına, ərazi bütövlüyünə hörmətə və bütün ölkələrin suverenliyinə əsaslanan münasibətlərə malikdir

Xəzərin hüququ statusu Azərbaycanın xarici siyasətində  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən sonra ikinci əsas məsələ idi. Avqustun 12-də illərdən bəri, sovetlər birliyinin dağılmasından sonra  Xəzər regionunda yeni müstəqil dövlətlərin yaranmasından bu günə davam edən   müzakirələr, danışıqlar müsbət sonluqla başa çatdı. Belə ki, bu tarixdə Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı. Bu gün ölkə və dünya mətbuatında bu mühüm sənədin Xəzəryanı dövlətlərə gətirəcəyi iqtisadi və siyasi dividendlər geniş müzakirə olunmaqdadır. Müxtəlif fikirlərin fonunda  ümumi rəy budur ki, Konvesiya Xəzəryanı ölkələr arasında əməkdaşlığın, bölgədə sülhün, təhlükəsizliyin daha da möhkəmlənməsinə təkan verəcək. BMT-nin baş katibi  Antonio Quterreş Konvensiyanı alqışlayaraq, onu  region ölkələrinə uzunmüddətli mübahisələrin həllində  kömək edəcək tarixi sənəd adlandırıb. O bildirib ki,  bu tarixi sənəd beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsi üçün zəruri olan regional əməkdaşlığın vacibliyini nümayiş etdirir. Konvensiya  Xəzər dənizinin sahil dövlətləri arasında çoxdankı problemin geniş spektrinin nizamlanması üçün əvəzsiz bir alət, həmçinin regional gərginliyin aradan qaldırılmasında  əhəmiyyətli addım olacaq. 

Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi,  Azərbaycan Xəzəryanı ölkələr arasında  əməkdaşlığın hüquqi bazasının yaradılmasında fəal iştirak edib. Prezidentlər, eyni zamanda, xarici işlər nazirləri çərçivəsində danışıqların aparılması, ikitərəfli razılaşmalar əsasında  imzalanan əməkdaşlıq sazişləri də deyilənlərin təsdiqidir.

Məlumdur ki, keçmiş ittifaqın dağılmasından  sonra Xəzər regionunda yeni müstəqil dövlətlərin yaranması Xəzərin hüquqi statusunun müəyyən edilməsi məsələsini gündəmə gətirdi.  Xəzəryanı dövlətlərin sərhədlərinin müəyyənləşdirilməsi və Xəzərdən istifadə məsələsinin həllinin zərurəti ortaya çıxdı. Xəzərin hüquqi statusu probleminin həll edilməsi ilə bağlı 1992-ci ildən etibarən sahilyanı dövlətlər arasında danışıqlar prosesi başlandı. Uzun illər ərzində 5 Xəzəryanı dövlətin - Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiyanın  Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı ümumi razılığa gələ bilməməsi  və yekun Konvensiyanın qəbul olunmaması  səbəbindən bu problem  Xəzəryanı dövlətlər arasında əsas müzakirə mövzusu olaraq qalırdı. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə ölkə Prezidenti İlham Əliyevin görüşündə də qeyd olunduğu kimi, bu məsələnin həlli istiqamətində ulu öndər Heydər Əliyevin səyləri böyükdür. İmzalanan Konvensiya  üzərində Ümummilli Liderin çox güclü işlədiyini bildirən N.Nazarbayev bildirmişdir: “Mən düşünürəm ki,  indi o, bizim nəhayət, bu Konvensiyanı imzalamağımıza, bu çox mühüm məsələni həll etməyimizə görə çox şad olardı.”

Ulu öndər Heydər Əliyev daim “Xəzər  sülh, əməkdaşlıq dənizi olmalıdır” bildirirdi. Xəzərin hüquqi statusu məsələnin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmasının tərəfdarı olduğunu bəyan edən rəsmi Bakı mütəmadi olaraq Xəzəryanı dövlətlərə  iki və çoxtərəfli çərçivədə danışıqlar aparırdı. Azərbaycan Xəzər dənizinin dibinin və səthinin beynəlxalq konvensiyalara uyğun olaraq orta xətt boyunca 5 sektora bölünməsinin tərəfdarıdır və sahildən 25 dəniz mili məsafədə daxili milli sektorların yaradılmasını istəyir. Azərbaycan bu yanaşmada Rusiya və Qazaxıstanla ortaq mövqe nümayiş etdirirdi.  Azərbaycanla Qazaxıstan arasında 2001-ci və  2003-cü illərdə  Xəzər dənizində sərhədlərinin müəyyən olunması barədə müqavilə imzalanıb. 2003-cü ilin mayında isə  Azərbaycan, Qazaxıstan və Rusiya Xəzər dənizindəki milli sektorlarının sərhədlərini müəyyən edən razılaşma imzalamışdılar. Bu razılaşma 3 dövlətin su sərhədlərinin ortaq xətt boyunca müəyyənləşdirilməsini nəzərdə tutur. Həmin ölkələrə neft-qaz və mineral resursların öz milli sektorları daxilində istismar etməsinə şərait yaradır.

İran tərəfi illərdir  Xəzər dənizində sərhədlərin yalnız bütün tərəflərin razılığı əsasında müəyyən olunmasını istəyirdi. Eyni vaxtda 90-cı illərin əvvəllərində Xəzər dənizinin dibinin və səthinin, o cümlədən mineral resurslarının birgə istifadə olunmasını təklif edirdi. Ən əsası   Xəzər dənizinin tərəflər arasında 20 faiz üzrə bərabər bölüşdürülməsini tələb edirdi.  Bu məsələdə İranla Türkmənistan eyni mövqedən çıxış edirdi.

Konvensiyanın  siyasi və iqtisadi əhəmiyyətindən bəhs edərkən təbii ki, ilk növbədə bu mühüm hadisədə  Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfələr stimulverici amil rolunu oynadığını xüsusi qeyd etməliyik.

Ölkəmizin Xəzəryanı dövlətlərlə ikitərəfli əməkdaşlığının bugünkü səviyyəsi göz önündədir. Cənab İlham Əliyevin hər zaman çıxışlarında yer alan bu fikrini xüsusi qeyd etməliyik ki, Azərbaycanın xarici siyasətində region dövlətləri ilə əməkdaşlıq xüsusi yer tutur.  Son illərdə ölkəmizin regional əməkdaşlığa verdiyi davamlı töhfələr bunun əyani təzahürüdür.

Xəzərin hüquqi statusu ilə bağlı imzalanan Konvensiya  ilk növbədə  Xəzər regionunda böyük həcmdə enerji ehtiyatlarının sərbəst istismarına və istifadəsinə, həmin ehtiyatların dünya bazarına daşınmasına, regionun enerji təhlükəsizliyinin, eyni zamanda, burada dövlətlərin iqtisadi, siyasi maraqlarının təmin edilməsinə, bütövlükdə regionda sabitliyin və təhlükəsizliyin bərqərar olmasına öz təsirini göstərəcək.

Ölkə Prezidenti İlham Əliyevin bəyanatında da qeyd edildiyi kimi, Konvensiya imzalanana qədər də Azərbaycan  Xəzərdə sabitliyin və təhlükəsizliyin qarantı idi. Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət mövcuddur və bu da təhlükəsizliyin və sabitliyin başlıca qarantıdır. “Bu gün Xəzərdə təhlükəsizlik və sabitlik bizim imzaladığımız Konvensiya ilə müəyyən olunur” söyləyən cənab İlham Əliyev qeyd etmişdir ki,  təbii ki, bu, Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli məsələlərin, xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır.

Dövlətimizin başçısı Azərbaycanın Xəzərdə ekoloji vəziyyətin yaxşılaşmasına verdiyi töhfələrdən də geniş bəhs edərək bildirmişdir ki, hökumətimizin gördüyü tədbirlər xüsusən neft-qaz əməliyyatlarının həyata keçirildiyi zaman Xəzər dənizinin çirklənməsinin qarşısını almağa hədəflənib.  Azərbaycanın müstəqillik dövründə həyata keçirdiyi bütün neft-qaz əməliyyatları İSO beynəlxalq standartlarına uyğundur.

Gələn il  Xəzərdə neft çıxarılmasının 70 illiyinin qeyd ediləcəyini xatırladan cənab İlham Əliyev vurğulamışdır ki,  bu da dəniz yataqlarında neftin ilk hasilatı idi. Əlbəttə, əvvəlki illərdə Xəzərin neft-qaz ehtiyatlarının istismarı zamanı Xəzərin ekologiyasına müəyyən dərəcədə ziyan dəyib. Lakin bu gün ölkəmiz mümkün olan hər şeyi edir ki, Xəzər ekoloji inkişaf, ekoloji sabitlik zonasına çevrilsin.

Hər bir mühüm hadisə Azərbaycanın malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan tranzit ölkədir, reallaşdırdığı layihələrlə dövlətlər, xalqlar arasında körpü roluna yeni-yeni əlavələr edir. Nəqliyyat sektoruna  çoxmilyardlıq investisiyanın qoyulması Azərbaycanı Avrasiyanın mühüm nəqliyyat və  logistik mərkəzlərindən birinə çevirib.  Ötən ilin oktyabrında  istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirir. Ötən il bu marşurutla  191, car ilin 6 ayı ərzində isə  1400-ə yaxın konteyner daşınıb. İlin sonunadək 4 minə yaxın  konteynerin daşınması planlaşdırılır. Həmçinin Azərbaycanın Qazaxıstana və Türkmənistana öz tranzit xidmətlərini təqdim etdiyi Şərq-Qərb dəhlizi, Azərbaycandan keçməklə İran və Rusiya arasında tranzitin reallaşdırıldığı Şimal-Cənub dəhlizi  iqtisadi əməkdaşlığı möhkəmləndirən, yeni iş yerləri yaradan, ölkələri  bir-birinə yaxınlaşdıran, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə şərait yaradan layihələrdir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bütün bunlar ölkələrimiz üçün əlavə imkanlardır: “Bu, iqtisadi rifahdır, bu, ölkələrimizin dünya miqyaslı mühüm tranzit qovşağa çevrilməsidir.”

“Əlbəttə, bugünkü imzalanma mərasimi qarşımızda yeni perspektivlər açır” söyləyən cənab İlham Əliyev bildirir ki, Azərbaycan bütün Xəzəryanı ölkələrlə çox sıx etimada, qarşılıqlı, bərabərhüquqlu maraqların nəzərə alınmasına, ərazi bütövlüyünə hörmətə və bütün ölkələrin suverenliyinə əsaslanan münasibətlərə malikdir.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, regional əməkdaşlığa davamlı töhfələr verən Azərbaycan beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirməklə əsil söz sahibinə çevrilib, etibarlı tərəfdaş kimi nüfuz qazanıb.  

Yeganə Əliyeva, “İki sahil”