02 noyabr 2018 22:11
3078

Ölkəmizin əlverişli biznes mühitinin uğurlu nəticələri

“Azərbaycan iqtisadiyyatı istənilən dövrdə öz dayanıqlılığını nümayiş etdirir. Hətta bir neçə il bundan əvvəl dünyanı bürümüş maliyyə-iqtisadi böhranının ikinci dalğası dövründə də Azərbaycan iqtisadiyyatı dayanıqlılığını təmin etmişdir.” Dövlətimizin başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında iqtisadi və sosial sahədə aparılan köklü islahatların nəticələrini rəqəmlər əsasında diqqətə çatdıraraq, bu əminliyi də ifadə etmişdir ki, cari il də uğurlu il kimi tarixə düşəcək.

Uğurlarımıza yol açan təbii ki, düşünülmüş və məqsədyönlü siyasətimizdir. Azərbaycanın islahatçı, yenilikçi ölkə olduğunu, sosial-iqtisadi islahatları zamanın tələbinə uyğun olaraq təkmilləşdirdiyi    beynəlxalq maliyyə qurumlarının hesabatlarında yeri və mövqeyi ilə də təsdiqlənir. Bu günlərdə Dünya Bankı tərəfindən açıqlanan “Doing Business 2019” hesabatında  Azərbaycan  dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub.  Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə  32 pillə irəliləyərək 190 ölkə arasında  25-ci yerdə qərarlaşıb və dünyanın bir çox ölkələrini geridə qoymaqla  MDB ölkələri arasında  lider mövqeyə yüksəlib. Ümumilikdə “Doing Buisness” hesabatı xarici investorlar tərəfindən biznes mühitinə dair etibarlı mənbə kimi istinad edilən əsas reytinq göstəricisi olmaqla yanaşı, digər beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda  baza rolunu oynayır. Onu da qeyd edək ki,   Dünya Bankının  açıqladığı  “Doing Business 2018: İş yerlərinin yaradılması məqsədilə islahatlar” hesabatında da  bildirilirdi ki, Azərbaycanda  inamla reallaşdırılan islahatlar, böyük investisiya layihələləri iqtisadiyyatın müxtəlif sahələrində  dönüş yaradır. Bunu ölkəmizin  həmin hesabatda  ötən il tutduğu  65-ci yerdən 57-ci yerə yüksəlməsi bir daha təsdiqləyir.

Neft-qaz  gəlirlərinin düzgün istiqamətləndirilməsi  qeyri-neft sektorunun inkişafı yönümündə atılan davamlı addımlardan aydın görünür. Şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirilən Dövlət Neft Fondu ölkənin hərtərəfli inkişafına xidmət edən sosial-iqtisadi layihələri maliyyələşdirməklə neft gəlirlərinin idarə olunmasında ədalət prinsipini yüksək səviyyədə qoruyur.  Beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycanın idarəçilik sistemi, zamanın tələblərinə uyğun olaraq həyata keçirilən islahatlar, inkişaf konsepsiyasının daha da təkmilləşdirilməsi təqdir olunur.

“Biz sosialyönümlü dövlətin yaradılması istiqamətində çox böyük uğurlara nail olmuşuq” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki,  bütün işlərimiz sistemli şəkildə, proqramlar əsasında aparılır və aparılacaq.  Bazar iqtisadiyyatı prinsiplərinə xüsusi önəm verilən ölkəmizdə  aztəminatlı ailələrin sosial müdafiəsi prioritetdir. Sosial ədalət prinsipinə sadiqliyin göstəricisi olaraq  əmək haqqı islahatları davamlı proses kimi daim diqqətdə saxlanılır.  İşsizlik və yoxsulluq problemlərinin həlli dövlət siyasətində əsas yer tutur.  Dövlət proqramlarının uğurlu icrasının nəticəsidir ki, ölkəmizdə işsizlik və yoxsulluq  5 faiz səviyyəsindədir. 2004-cü ildən ötən dövr ərzində bir milyon 900 mindən artıq yeni iş yeri yaradılıb.    Dövlətimizin başçısı İlham Əliyev Nazirlər Kabinetinin  cari ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirmişdir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı  bütün vəzifələrimiz uğurla icra edilir. Əsas prioritetimiz qeyri-neft sektorunun inkişafıdır.

“Azərbaycan 2020: gələcəyə baxış”  İnkişaf Konsepsiyası, eyni zamanda müxtəlif istiqamətləri əhatə edən Strateji yol xəritələri hədəflərə yüksək səviyyədə nail olmağa stimul verir.  Qarşıya qoyulan hədəflərə çatmaq üçün bütün imkanlar  mövcuddur. Sahibkarlara dəstək davamlıdır. “Sahibkarlara bundan sonra da dövlət öz dəstəyini göstərəcək” söyləyən cənab İlham Əliyev bildirir ki, bu günə qədər Sahibkarlığın İnkişafı Fonduna 2,2 milyard manat vəsait ayrılmışdır.

Regionların malik olduğu potensialdan istifadə etmək məqsədilə imzalanan Dövlət proqramları və onların uğurlu icrası qeyri-neft sektorunun inkişafını daha da sürətləndirir. Artıq üçüncü Dövlət Proqramının icrası başa çatmaqdadır.  Daim qeyd olunduğu kimi,  əgər inkişaf etmiş ölkələr sırasında addımlamağı əsas hədəf seçmişiksə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən bəhrələnmək, idarəçilik sitemində təkmilləşmə aparmaq mütləqdir. Əsas hədəf  iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Antiinhisar tədbirlərinin gücləndirilməsi,  “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı”nın icrası, “ASAN xidmət”in fəaliyyətinin coğrafiyasının genişləndirilməsi,  həmçinin “ABAD” mərkəzlərinin yaradılması bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan  sahibkarlığın inkşafına geniş yol açan mühüm addımlardandır. Ailə biznesinə asan dəstəyin göstərilməsi, hər bir ailənin istehsal etdiyi məhsullarla tanınması üçün onlara zəruri olan köməkliyin edilməsi, eyni zamanda, sosial müdafiənin gücləndirilməsinə xidmət edir. Məqsəd  təbii ki, iqtisadi imkanların genişlənməsi fonunda hər bir vətəndaşın sosial rifahının yaxşılaşdırılmasına nail olmaqdır. “Doing Business 2019” hesabatında kiçik və orta sahibkarlara dəstəyə görə Azərbaycan ikinci yerdə qərarlaşıb.

Ölkə Prezidenti çıxışlarında beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycanın liderliyini xüsusi qeyd etsə də, bu məqamı da bildirir ki, reytinq üçün çalışmırıq. Amma bu qiymətləndirmələr, reytinq bir siqnaldır. 

Reallığın olduğu kimi dəyərləndirilməsi, inkişaf modelinin təqdiri öz növbəsində uğurların davamlılığını şərtləndirir.

Bir əsas məqamı da qeyd edək ki,  beynəlxalq maliyyə qurumlarının hesabatlarında ölkəmizdə insan amilinə verilən dəyər daim yüksək dəyərləndirilir. Hazırda Azərbaycan dünyada insan inkişafı indeksinə görə öndə gedən ölkələrdən biridir.

Dövlətimizin başçısı İlham Əliyev uğurlarımızda iqtisadiyyatın onurga sütunu kimi dəyərləndirilən  neft-qaz sənayesinin inkişafını daim önə çəkir, məhz bu baza əsasında şaxələndirmə siyasətinin uğurla  aparıldığını qeyd edir. İqtisadi müstəqillik siyasi müstəqillik üçün əsasdır.  Son 15 ildə  Azərbaycanın regional və beynəlxalq  müstəvidə mövqelərinin möhkəmləndirilməsi istiqamətində əldə olunan uğurlar göz önündədir.

Ümumilikdə “Doing Business 2019” hesabatı  ölkəmizdə sabitliyin və normal biznes mühitinin mövcudluğu fonunda əldə olunan uğurların və perspektivlərin aydın ifadəsini yaradır.

Yeganə Əliyeva, “İki sahil”