06 noyabr 2018 01:34
2246

Humanizmin yüksək zirvəsi: dünyaya Bakı nümunəsi

Azərbaycan paytaxtında VI Bakı Beynəlxalq Humanitar Forumu çox uğurla başa çatıb. Bu dəfə tədbirin ana mövzusu yaradıcılıq və insan inkişafı olub. Təbii ki, bu məsələlər bütövlükdə humanizm kontekstində müzakirə edilib. Forumda dünyanın müxtəlif guşələrindən yüzlərlə təmsilçi iştirak edib. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev əhatəli nitq söyləyib. Forum iştirakçıları iki gün ərzində mövzu ilə bağlı maraqlı müzakirələr aparıblar. Bu tədbir həm də ona görə əhəmiyyətli idi ki, Cənubi Qafqazda bir sıra dairələrin gərginliyi daha da artırmağa çalışması ilə ümumi mənzərə xeyli ziddiyyətli hala gəlib. Ermənistan bunların fonunda psevdohumanitar tədbir həyata keçirməyə cəhd göstərdi. Ancaq elə bir nəticəsi olmadı. Bakı Beynəlxalq Humanitar Forumunda isə bütün dünya üçün aktual olan və müxtəlif sahələri əhatə edən maraqlı məsələlərə toxunuldu. Bu reallığın fonunda tədbirin geosiyasi əhəmiyyəti aspekti üzərində geniş dayanmağa ehtiyac duyduq.

"Odlar Yurdu": həmrəylik və tolerantlıq məkanı

Azərbaycan humanitar əməkdaşlığa dair çoxlu sayda mötəbər beynəlxalq tədbirlərə evsahibliyi edib. Onların sırasında BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu, dünya dinləri liderlərinin zirvə görüşü, Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu kimi artıq bütün dünyada tanınan tədbirlər vardır. Vurğulanan tədbirlər göstərir ki, Azərbaycan faktiki olaraq bütün humanitar sahəni əhatə edən sanballı tədbirləri mütəmadi olaraq reallaşdırır. Burada sivilizasiyalar, dinlər, mədəniyyətlər, təhsil, elm, səhiyyə, ekologiya və digər humanitar sferalara aid problemlər müzakirə edilir. Sözün həqiqi mənasında Azərbaycan müasir aktual humanitar problemlərin ciddi müzakirə edildiyi məkana çevrilib.

Oktyabrın 25-26-da Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumunun kifayət qədər yüksək nüfuzu vardır. Bu Forum 2010-cu ildə Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə yaradılıb. Artıq sayca altıncı dəfədir ki, bu tədbir təşkil edilir. Hər il Foruma maraq daha da artır. Deməli, bu müzakirə formatı çox uğurlu alınıb. Builki tədbirdə 90-dan çox ölkədən və 24 beynəlxalq təşkilatdan 580-dən artıq nümayəndə iştirak edib. O cümlədən 15 ölkədən 40-dan çox deputat, 46 ölkənin diplomatik nümayəndəliklərinin başçıları, çoxsaylı şirkət rəhbərləri, elm xadimləri, ekspertlər qatılıblar.

Mövzusu "Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı" olan Forumda ümumilikdə iki gün ərzində müxtəlif sessiya və panellərdə 150-dən çox məruzə dinlənilib. Forumda gələcək dünyamızı formalaşdıracaq kreativ ideyalar və onların həyata keçirilməsi yollarının axtarılması məsələləri ətrafında müzakirələr olub.

Forumun bu mövzuya müraciət etməsinin səbəbləri vardır. Hər kəs qəbul edir ki, çağdaş dünyamızda insan faktorunun əhəmiyyəti daha da artıb. Təəssüf ki, bu məsələdə müsbət məqamlarla yanaşı, narahatlıq doğuran faktorlar da yer almaqdadır. Bütövlükdə alimlər insanın inkişafı məsələsi üzərində geniş dayanırlar. Hesab edilir ki, bu prosesdə başlıca rollardan birini insanın kreativ imkanlarının daha da inkişaf etdirilməsi oynaya bilər.

Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində bu məsələnin geniş müzakirəsi müasir tələblər işığında çox əhəmiyyətli iş təsiri bağışlayır. İnsanın inkişafının birbaşa yaradıcılıqla əlaqələndirilməsi əsl humanitar yanaşmadır. Burada mədəniyyət, sivillik, humanizm ilə yanaşı, mənəvi-əxlaqi çalar da mövcuddur. Aparılan müzakirələrdə də bu məqam geniş yer alıb.

Şübhəsiz ki, Forumun işinə Prezident İlham Əliyevin tədbirdə söylədiyi dərin məzmunlu nitqi xüsusi təkan verib. Dövlət başçısı faktiki olaraq tədbirin fəaliyyətini əhatə etməli olan bütün məsələlərdən lakonik şəkildə bəhs edib (bax: Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev Forumun rəsmi açılış mərasimində iştirak edib / AZƏRTAC, 25 oktyabr 2018).

Prezident İlham Əliyev Azərbaycanın bu kimi tədbirləri keçirməyə tam haqqı olduğunu konkret faktlarla bir daha sübut edib. Dövlət başçısı vurğulayıb ki, "ənənəvi dinlərin məbədlərinin – katolik, pravoslav kilsələrinin, sinaqoqların bərpası və tikintisi Azərbaycanda reallıqdır. Bu reallıq ölkəmizdə çox gözəl ictimai iqlim yaradır" (bax: əvvəlki mənbəyə).

Multikulturalizm və milli dəyərlər: vəhdət axtarışı yolunda

Bu istiqamətdə fikirlərinə davam edən ölkə rəhbəri ifadə edib: "Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Biz öz milli, dini ənənələrimizə çox bağlıyıq, sadiqik və milli dəyərlər gələcək inkişafımız üçün xüsusi rol oynayır. Deyə bilərəm ki, müasir Azərbaycan dövləti çox dərin milli dəyərlər, milli-mənəvi dəyərlər üzərində qurulubdur" (bax: əvvəlki mənbəyə).

Deməli, Azərbaycanda insan inkişafı üçün zəruri olan bütün dəyərlər göz bəbəyi kimi qorunur. Burada müxtəlif dinlərə məxsus mədəni abidələr saxlanılır, hər kəsin dini mənsubluğuna böyük hörmət vardır və eyni zamanda, Azərbaycan milli-mənəvi dəyərlərinə çox böyük önəm verən cəmiyyətdir. Multikulturalizm azərbaycanlıların yaşam fəlsəfəsidir, həyat tərzidir.

Bunlarla yanaşı, "...biz dünyaya açığıq. Azərbaycan dünyada multikulturalizmin ünvanlarından birinə çevrilibdir və bu şərəfli status artıq dünya birliyi tərəfindən tanınır... Göstərmək istədik ki, multikulturalizm Azərbaycanda həm dövlət siyasətidir, həm həyat tərzidir, eyni zamanda, biz dünya birliyinin diqqətini bu məsələyə cəlb etməyə çalışdıq" (bax: əvvəlki mənbəyə).

Bu səbəbdəndir ki, Forumda multikulturalizmin Azərbaycan təcrübəsi geniş müzakirə olunub. Dünyanın hər yerindən gəlmiş mütəxəssislər bir daha əmin olublar ki, multikulturalizm dövlət siyasəti səviyyəsinə yüksəldiləndə kifayət qədər müsbət nəticələr almaq mümkündür ki, bu da müxtəlif dairələrdə multikulturalizmlə bağlı ziddiyyətli fikirlərin səslənməsinin düzgün olmadığını təsdiq edir. Prezident İlham Əliyevin bu kontekstdə tədbirdəki nitqində səsləndirdiyi bir tezis bütövlükdə Forumun əsas fikri kimi qəbul edilə bilər. Ölkə rəhbəri ifadə edib: "Biz multikulturalizmin bəhrəsini gündəlik həyatda görürük. Bu gün Azərbaycanda yaşanan sabitlik, vətəndaş həmrəyliyi, milli həmrəylik, o cümlədən bu dəyərlərə əsaslanır" (bax: əvvəlki mənbəyə).

Əslində, bu fikirlərdə Forumda müzakirə edilən problemlərin bütün humanitar çalarları dolğun və əhatəli şəkildə ifadə olunub. Çünki hər bir ölkənin və bütövlükdə bəşəriyyətin başlıca amalı sabitliyə, insanlar arasında irqindən və dinindən asılı olmayaraq həmrəyliyə və bütün dəyərlərin qorunmasına çalışmaqdan ibarətdir. Azərbaycan suveren və müstəqil dövlət olaraq buna nail olmağın konkret modelini təklif edir. Həm də özü bu modeli reallaşdıraraq konkret nəticələr əldə edib.

Bu özəllik Azərbaycanın yalnız daxili siyasətinə aid deyil. Xarici siyasətdə də rəsmi Bakının humanitar dəyərlərə böyük hörməti hər addımda açıq görünür. Bu sırada dövlət başçısının Forumda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həllindən bəhs etməsi xüsusi vurğulanmalıdır. İlham Əliyev bu məsələni çox haqlı olaraq humanitar fəlakət kontekstində təqdim edib. Prezident nitqində vurğulayıb: "...biz humanitar əməkdaşlığa çox böyük əhəmiyyət veririk. Bu məsələlər dost ölkələrlə həm ikitərəfli formatda, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində daim gündəlikdədir. Ancaq biz özümüz böyük humanitar fəlakətlə üzləşmişik" (bax: əvvəlki mənbəyə).

Buradan aydın görünür ki, Azərbaycan rəhbərliyi ölkənin ciddi humanitar fəlakətlə üz-üzə qalmasına rəğmən xarici siyasətdə daim humanitar əməkdaşlığa, o cümlədən həmrəyliyə böyük önəm verir (məsələn, İslam həmrəyliyi və ya "Bakı prosesi" vasitəsilə İslam Əməkdaşlıq Təşkilatı ilə Avropa Şurası arasında real dialoq yaratmaq istiqamətində aparılan işlər). Bu, mahiyyətcə demokratik olan dövlətin fəaliyyətində özünü göstərə bilər. Azərbaycan bütün dünyaya sözün həqiqi mənasında əməkdaşlıq, dostluq, qarşılıqlı hörmət və ədalət prinsiplərinə ciddi əməl edən dövlət olduğunu nümayiş etdirməkdədir!

Beləliklə, VI Bakı Beynəlxalq Humanitar Forumu çox mühüm məsələləri müzakirə etməklə dünyada barışın, əməkdaşlığın, humanizmin və sülhün bərqərar olması işinə özünün növbəti töhfəsini verib. Azərbaycan rəhbərliyi konkret proqramları ilə regional və qlobal miqyaslarda qarşılıqlı faydalı əməkdaşlığın təmin edilməsi istiqamətində əhəmiyyətli addımlarını atmağa inamla davam edir. Şübhə yoxdur ki, növbəti, VII Bakı Beynəlxalq Humanitar Forumu da bu vəsilə ilə uğurla təşkil ediləcəkdir.

Newtimes.az