14 may 2018 14:28
1059

Tutduğumuz yoldan dönməyəcək, daim irəli gedəcəyik

Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində Prezident İlham Əliyev ötən dövrlərin uğurları fonunda bir daha bu əminliyi ifadə etdi ki, Azərbaycan bundan sonra da inamla irəliləyəcək, qarşıya qoyduğu hədəflərə yüksək səviyyədə nail olacaq

Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan təntənəli mərasimdə “1993-cü ildən başlayaraq Azərbaycan bu günə qədər uğurlu inkişaf yolu ilə gedir” söyləyən dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın bütün sahələrdə davamlı uğurlara imza atdığını əsaslı şəkildə diqqətə çatdıraraq bir məqamı da xüsusi vurğulamışdır ki, 2003-cü ildən başlanan yol Heydər Əliyev yolunun davamıdır: “Biz Ulu Öndərin yolu ilə gedərək güclü iqtisadiyyat qura bilmişik. Son 15 il ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə olmamışdır.”

Möhkəm təməlin uğurların davamlılığında böyük rola malik olduğunu önə çəkən cənab İlham Əliyev bu əminliyi ifadə etmişdir ki, biz bundan sonra da həmişə inkişaf və tərəqqi yolu ilə gedəcəyik.

Keçilən yola qısa nəzər salaq. Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkədə sabitliyin təmin olunması normal biznes mühitinin yaranmasında və Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı dövlətlərin sayının artmasında stimulverici amildir. Sabitliyin təminatı önəmli qərarların qəbulunda əhəmiyyətli rol oynadı. 1994-cü il mayın 12-də atəşkəs sazişinin imzalanması, həmin il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması və s. kimi biri-birindən önəmli addımlar Azərbaycanın beynəlxalq aləmdə yeri və roluna da öz müsbət təsirini göstərdi. Bütün sahələrdə inkişaf, tərəqqi dövrünü yaşayan Azərbaycan ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, dünyaya günəş kimi doğdu.

2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində bildirmişdir ki, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi üçün ən başlıcası Heydər Əliyev siyasətini davam etdirməliyik. Dövlətimizin başçısı İlham Əliyev yubiley tədbirində bu məqama xüsusi diqqət yönəltmişdir: “Fəxr edirəm ki, sözümə əməl etdim və son 15 il ərzində Azərbaycan Heydər Əliyevin qoyduğu yolla uğurla, inamla gedir. Azərbaycanda sabitlik tam təmin olunur, sabitliyin təminatçısı Azərbaycan xalqıdır.”

Sabitliyin, təhlükəsizliyin təminatı bu gün Azərbaycanın dünyada ən sabit və ən uğurla inkişaf edən ölkə kimi tanınmasında əsasdır. Azərbaycan yerləşdiyi coğrafi məkana uyğun olaraq dinlərarası, millətlərarası münasibətlərin tənzimlənməsində nümunəvi ölkəyə çevrilib. Ölkəmizdə bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq şəraitində yaşayırlar. Azərbaycanın multikultural cəmiyyətlərin formalaşmasına davamlı töhfələri diqqət çəkir. Məhz bu baxımdan ölkəmizdə 2016-cı il dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə “Multikulturalizm ili”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan edilmişdir.

Ölkə Prezidentinin qeyd etdiyi kimi, bu gün Azərbaycan dünyada böyük rəğbətə, hörmətə malik olan bir ölkədir. Əlbəttə ki, həyat yerində durmur, yeni vəzifələr, yeni çağırışlar ortaya çıxır. Amma ölkəmiz bu çağırışlara hazır olduğunu təkmil islahatları ilə təsdiqləyir. Bir sözlə, dahi şəxsiyyətin qoyduğu təməl üzərində qüdrətli dövlət qurulur. O dövlət ki, onunla hesablaşırlar, məsləhətləşirlər. Azərbaycanın iştirakı olmadan regionda hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü də artan nüfuzunun, çəkisinin təsdiqidir. Ən əsası bu gün Azərbaycan beynəlxalq aləmdə təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınmaqla yanaşı, əhəmiyyətli tədbirlərin keçirilməsində ideal məkan kimi qəbul olunur və dəyərləndirilir. Dövlətimizin başçısı bildirir: “Biz prinsipial mövqeyimizdən heç vaxt bir addım geri atmırıq. Tərəfdaşlarımızla qarşılıqlı maraqlar üzərində qurduğumuz münasibətlər, düzgün xarici siyasət bizə imkan verir ki, həm beynəlxalq arenada öz gücümüzü, təsir imkanlarımızı artıraq, eyni zamanda, daxili problemləri, xüsusilə iqtisadi inkişafla bağlı problemləri həll edək.”

Hər bir bayram tədbirini ötən dövrün hesabatı, perspektivlərin müəyyənləşdirilməsi üçün əhəmiyyətli hadisə kimi dəyərləndirən dövlətimizin başçısı İlham Əliyev ölkəmizin son 15 ildə qazandığı uğurları bir daha diqqətə çatdıraraq bildirdi ki, bugünkü reallıqlar Azərbaycan xalqının istedadı, zəhməti, Heydər Əliyev siyasəti hesabına qazanılıb.

Azərbaycan son 15 ildə uğurlu sosial-iqtisadi göstəriciləri ilə beynəlxalq maliyyə qurumlarının hesabatlarında birinciliyi ələ alıb. Dünya Bankı Azərbaycanı ən islahatçı ölkə elan edib, Davos İqtisadi Forumu ölkəmizi rəqabətqabiliyyətliliyinə görə dünyada 35-ci yerə layiq görüb. İnkişaf edən ölkələr arasında isə üçüncü yerdəyik. Həyata keçirilən iqtisadi islahatların zamanın tələbinə uyğunlaşdırılması uğurların davamlılığını təmin etməklə yanaşı, ölkənin hərtərəfli inkişafında mühüm rol oynayır. Dövlətimizin başçısı İlham Əliyevin iqtisadiyyatı hər bir ölkənin təməl daşı kimi dəyərləndirməsi ulu öndər Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisinin davamı kimi qəbul olunur. Prezident İlham Əliyev yubiley tədbirində də bu reallığı xüsusi vurğuladı ki, “Əsrin müqaviləsi” ölkə iqtisadiyyatı və bütövlükdə ölkənin gələcəyi üçün həlledici amil oldu. Bu müqavilə imzalanmasaydı, Azərbaycanın vəziyyəti tam başqa ola bilərdi. “Əsrin müqaviləsi” Azərbaycanı dünyada tanıtdı, dünya iqtisadiyyatının bir parçası kimi təqdim etdi, ölkəyə böyük həcmdə investisiyalar gətirdi. Azərbaycan bu gün nəinki öz, eyni zamanda tərəfdaşlarının maraqlarını təmin edir. Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul edilir, yeri və rolunu daha da möhkəmləndirir. “Əsrin müqaviləsi”nin 20 illiyi ərəfəsində “Cənub Qaz Dəhlizi”nin təməlinin qoyulması, 23 illiyi ərəfəsində isə “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Azərbaycan nəqliyyat mərkəzi kimi də mövqeyini möhkəmləndirməkdədir. Ötən il BTQ dəmir yolunun istifadəyə verilməsi ölkəmizin Avropa ilə Asiya arasında körpü roluna yeni əlavələr gətirdi.

Bu gün qarşıya qoyulan “neft kapitalını insan kapitalına çevirək” tezisi də uğurlu neft siyasətinə əsaslanır. Belə ki, iqtisadiyyatın inkişafında neft amilinə üstünlük verən ulu öndər Heydər Əliyevin 1999-cu ildə böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinə əməl etməklə mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsini sürətləndirdi. İqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyan Prezident İlham Əliyev regionların malik olduğu ehtiyatlardan səmərəli istifadə etmək məqsədilə dövlət proqramlarını təsdiqlədi və onların icrası uğurla həyata keçirilərək, yeni sənədlərin qəbulunu zərurətə çevirir. Daim vurğulandığı kimi, uğurlu başlanğıc yeni-yeni vəzifələrin, hədəflərin müəyyənləşdirilməsi üçün açardır.

Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu layihələrin həyata keçirilməsi iqtisadi və siyasi mövqeni möhkəmləndirməklə yanaşı, maliyyə imkanlarını da genişləndirdi. Beynəlxalq əhəmiyyətli BTC neft kəmərinin 2006-cı ildə, BTƏ qaz kəmərinin 2007-ci ildə istifadəyə verilməsi ölkəmizin uzunmüddətli iqtisadi inkişafının əsasını qoydu. BTC Azərbaycanın milli maraqlarına cavab verən, respublikamızın iqtisadi qüdrətinin yüksəlməsinə, təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş çox mühüm bir layihə olduğunu sonrakı illərdə təsdiqlədi. Regional əhəmiyyətli bu layihə həm də ölkələrarası dostluğun, əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. “Neft siyasəti təkcə iqtisadi amil və enerji amili deyil, bu geniş, geosiyasi gündəliyin böyük tərkib hissəsidir” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, enerji təhlükəsizliyi məsələləri nəinki enerji resurslarını istehlak edən, o cümlədən onları hasil edən ölkələrdə ciddi müzakirə olunur. Buna görə də istehlakçıların, tranzit ölkələrin və hasilatçıların maraqları arasında tarazlıq və bu maraqların üst-üstə düşməsi birgə səylərin əsasını təşkil edir. Dünyaya açılan pəncərə kimi dəyərləndirilən BTC və BTƏ neft-qaz kəmərlərinin davamı olaraq bu gün dünya TANAP, TAP, “Cənub Qaz Dəhlizi”nin qazandıracağı dividentdən bəhs edir. Azərbaycanın 2018-ci ilin enerji sektorunda əldə edəcəyi mühüm uğurlardan biri kimi yaxın zamandarda istifadəyə veriləcək TANAP-ın əhəmiyyəti geniş təhlil olunmaqdadır. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan bu gün qaz ixracatçısı kimi nüfuz qazanır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrasına davamlı töhfələr verən SOCAR müxtəlif ölkələrdə reallaşdırdığı investisiya layihələri ilə dünyanın nüfuzlu şirkətləri sırasında addımlamaqdadır. Ölkəmizin neft-qaz sahəsində əməkdaşlıq təcrübəsi nümunə göstərilir. Yeni yataqların aşkarlanması neft-qaz ehtiyatlarının həcminin artmasına geniş imkanlar açır ki, bu da yeni layihələrin gündəmə gətirilməsini zərurətə çevirir. “Bizim çox böyük qaz yataqlarımız, kəmərlərimiz, şaxələndirilmiş ixrac yollarımız vardır. Biz bu imkanlardan istifadə etməliyik. Nə qədər çox ixrac imkanlarımız olsa, bizim üçün o qədər yaxşıdır” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, bu gün enerji inkişafımızın yeni bir mərhələsindəyik və Avropa təsisatları ilə münasibətlərimiz bizim üçün çox əhəmiyyətlidir.

İqtisadi tərəqqi əhalinin sosial müdafiəsinin gücləndirilməsində də özünü qabarıq şəkildə büruzə verir. Əmək haqlarının, pensiyaların artması, aztəminatlı ailələrə ünvanlı sosial yardımların verilməsi, yoxsulluğun aşağı salınmasına xidmət edən dövlət proqramlarının uğurlu icrası və s. deyilənlərin təsdiqidir. Beynəlxalq Valyuta Fondunun təmsilçiləri bildirirlər ki, inkişaf tempi bu şəkildə davam edərsə, yaxın zamanlarda ölkədə yoxsul olmayacaq.

Yubiley tədbirində sosial-iqtisadi göstəriciləri bir daha diqqətə çatdıran dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Gəlirlərin ədalətli şəkildə bölünməsi də əsas prioritet kimi elan edilmiş və bu gün bunun nəticələrini əyani şəkildə görürük. Belə ki, Azərbaycanın özünü dünyaya sosial dövlət kimi təqdim etməsi uğurlu, təkmil sosial-iqtisadi islahatların nəticəsidir.

Ölkəmizin iqtisadi qüdrətinin artması siyasi mövqeyinin möhkəmlənməsini şərtləndirir. Azərbaycanın 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi dövlətin xarici siyasətinin zirvəsidir. Bu uğurlar sözsüz ki, ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yol açır. Azərbaycanın haqlı mövqeyini dəstəkləyən dövlətlərin və təşkilatların sayının artması Prezident İlham Əliyevin qətiyyət və səyinin nəticəsidir. Cənab İlham Əliyev ən yüksək tribunalardan Azərbaycanın dəyişməz mövqeyini bəyan edir- Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil. Münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapmalıdır. Cənab İlham Əliyev yubiley tədbirində bir daha bəyan etmişdir ki, Azərbaycanın ərazi bütövlüyü tam şəkildə və qeyd-şərtsiz təmin edilməlidir. Bunu tarix deyir, mədəniyyət deyir, beynəlxalq hüquq deyir. Diplomatik mübarizədə qələbə qazanan ölkəmizin münaqişənin həllində hərb yolunu seçdiyi təqdirdə qələbəsi şəksizdir. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycanın çox güclü, qüdrətli, dünya standartlarına cavab verən ordusu var. 2016-cı ilin aprel döyüşləri bunu bir daha təsdiqlədi. Həmçinin orduların gücünü müəyyən edən aparıcı reytinq agentlikləri Azərbaycan Ordusunu 50 güclü ordu sırasında görürlər. Dövlətimizin başçısı bildirir: “İki il bundan əvvəl Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etmişdir və o torpaqlarda- bizim doğma torpaqlarımızda bu gün Azərbaycan bayrağı dalğalanır. Əminəm ki, gün gələcək və Azərbaycan bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda, o cümlədən Şuşada və Xankəndidə qaldırılacaqdır.”

Qısa təhlil fonunda göründüyü kimi, Azərbaycan hər sahədə davamlı uğurları ilə diqqət mərkəzindədir. Azərbaycan artıq o ölkələrdəndir ki, kosmik sənayesi vardır. Uğurların davamlılığını təmin etmək məqsədilə dövlətimizin başçısı İlham Əliyevin Fərmanı əsasında təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, eyni zamanda Strateji Yol Xəritələri icra olunur. Bu sənədlər davamlı inkişaf çağırışları üçün bir yol xəritələridir. Azərbaycanı yaxın illərdə inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz təbii ki, bugünkü reallıqlara əsaslanır. “Biz bütün istiqamətlərdə uğurla inkişaf edirik” söyləyən ölkə Prezidenti İlham Əliyev bir daha bu reallığı bəyan etmişdir: “Bizim inkişafımızın təməlində ulu öndər Heydər Əliyev siyasəti dayanır. Biz bu siyasətə sadiqik, biz tutduğumuz yoldan dönməyəcəyik, daim irəli gedəcəyik.”

Yeganə Əliyeva, “İki sahil”