08 may 2018 15:36
1208

Tərəqqinin milli modelini yaradan Ulu Öndərin ideyalarının işığında Azərbaycan uğurla inkişaf edir

Müasir müstəqil Azərbaycan inkişaf yolunda əmin addımlarla irəliləyir. Siyasi, sosial-iqtisadi, hüquqi və digər sahələrdə həyata keçirilən islahatlar və tədbirlər Azərbaycanın qüdrətini artırmaqla yanaşı, ölkəmizin beynəlxalq mövqeyini möhkəmləndirir, dinamik tərəqqinin davamlı olmasını təmin edir. Şübhəsiz ki, bütün bunların əsasında uğurlu inkişaf siyasəti dayanır. Bu siyasətin əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub.

1991-ci ildə müstəqillik əldə edən Azərbaycan bir əsrdə ikinci dəfə müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi və ölkəmizin yeganə xilas yolu sabitliyin, eləcə də iqtisadi inkişafın təmin olunması idi. Bunu isə yalnız güclü siyasi iradəyə malik olan xarizmatik, öz fəaliyyətində milli maraqları rəhbər tutan LİDER edə bilərdi.  Məhz 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra Azərbaycan xaos və tənəzzül burulğanından xilas oldu, dövlətimizin müstəqilliyinin itirilməsi təhlükəsi aradan qalxdı. Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı ən böyük və tarixi xidmətlərindən biri məhz dövlətimizin müstəqilliyinin qorunub saxlanması, Azərbaycanın yeni inkişaf perspektivlərinin yaradılması idi. Dövlətçilik ənənələrinin gücləndirilməsi üçün sistemli islahatların həyata keçirilməsi müstəqil Azərbaycanın ictimai, siyasi, iqtisadi və hüquqi dayaqlarını formalaşdırdı və möhkəmləndirdi. Ümummilli liderimiz Heydər Əliyevin həmin dövrdə irəli sürdüyü dövlətçilik konsepsiyası mahiyyət etibarilə Azərbaycanın tarixi ənənələrini və müasir Qərb dəyərlərini birləşdirən yeni bir inkişaf modeli kimi özünü doğrultdu. İctimai-siyasi sabitliyi və sosial-iqtisadi inkişafı bu modelin əsas dayağına çevirən Heydər Əliyev cəmiyyətdə dayanıqlı milli birliyə nail olmaq üçün, hər şeydən öncə, insan hüquq və azadlıqlarının təminatı məsələsinə xüsusi diqqət yetirdi. Ulu öndər Heydər Əliyev Azərbaycanda milli dövlətçiliyin prioritet inkişaf istiqamətlərini müəyyənləşdirərkən xalqın milli mentalitetinin səciyyəvi cəhətlərini də nəzərə aldı. Nəticə etibarilə, Heydər Əliyev cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görərək bunun üçün bütün zəruri tədbirləri həyata keçirdi. Məhz Ulu Öndərin gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Hüquqa və ədalətə söykənən vətəndaş cəmiyyətinin əsası qoyuldu, onun təkmilləşdirilməsi üçün fundamental islahatlar uğurla davam etdirildi. Ulu Öndərimizin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı. Nəticədə Azərbaycanın siyasi-hüquqi sistemi təkmilləşdirildi və dövlətçiliyin əsaslarının gücləndirilməsi istiqamətində həyata keçirilən demokratik reformalar məhz hüquqi-normativ baza və ənənələr əsasında davam etdirildi. Demokratik dövlət modeli konsepsiyası uğurla həyata keçirildi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində mühüm nəticələr və nailiyyətlər əldə olundu.

Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə əldə edilən mühüm nailiyyətlərdən biri Azərbaycanın beynəlxalq nüfuzunun artırılması, regional və qlobal miqyasda mövqeyinin möhkəmləndirilməsi oldu.  1994-cü il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft müqaviləsinin imzalanması Azərbaycanın dünya dövlətləri ilə münasibətlərinin inkişafına və beynəlxalq iqtisadiyyata inteqrasiyasına təkan verdi. Ölkəmizin gələcəyinə inanan dövlətlər, şirkətlər ikitərəfli əlaqələrin qurulmasına və daha da genişlənməsinə səylər göstərdilər. Azərbaycan qısa zamanda tərəfdaşlıq məkanına çevrildi, ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artdı. Respublikamız, həmçinin beynəlxalq təşkilatlarda uğurla təmsil olunaraq həm ikitərəfli, çoxtərəfli münasibətlərini genişləndirməyə müvəffəq oldu, həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqları dünya ictimaiyyətinin diqqətinə çatdıra bildi.

Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biri ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. Həmin dövrdə Azərbaycanı düçar olduğu xaos və tənəzzüldən xilas etmək üçün ölkəmizin mili mənafeyini hər şeydən üstün tutan ziyalılar ulu öndər Heydər Əliyevə müraciət etdi. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının imzaladığı müraciətdə deyilirdi: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.

Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.

Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının və dövlətinin xilasını təmin edən aparıcı qüvvəyə, hər bir azərbaycanlının partiyasına çevrildi. Yarandığı gündən YAP-ın ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub. Başqa sözlə, qələbələr partiyası olan YAP milli inkişafa xidmət edən vəzifələrin yerinə yetirilməsinə layiqli töhfəsini verib.

Beləliklə, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövr sabitlik və inkişaf dövrü kimi yadda qaldı. Azərbaycan güclü, qüdrətli dövlətə çevrildi, ölkəmizin beynəlxalq mövqeyi gücləndi və gələcək tərəqqinin təməli qoyuldu.  Prezident İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyinə həsr olunan təntənəli mərasimdə çıxışı zamanı diqqətə çatdırıb ki, 1993-2003-cü illər sabitlik, inkişaf illəri olmuşdur: “Heydər Əliyev bir daha göstərdi ki, ən ağır, böhranlı vəziyyətdən çıxış yolu var. O da düşünülmüş siyasətdir, cəsarətdir, müstəqil siyasət və addımlardır”.

Bu gün ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf siyasəti Onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun olaraq uğurla davam etdirilir.  Son 15 il ərzində reallaşdırılan məqsədyönlü siyasət sayəsində Azərbaycan bütün sahələrdə böyük uğurlara nail olub. Bəhs olunan dövrdə bütün dünyada iqtisadi cəhətdən Azərbaycan kimi dinamik inkişaf edən ölkələrin sayı çox az olub. Ötən müddət ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb ki, bu da dünyada ən yaxşı göstəricilərdən biri hesab olunur. Həyata keçirilən davamlı tədbirlər, aparılan məqsədyönlü islahatlar sayəsində bütün sahələrin inkişafı təmin olunub. Bunun nəticəsidir ki, Cənubi Qafqaz regionunun iqtisadiyyatının təxminən 70 faizi Azərbaycanın payına düşür.

Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun mühüm istiqamətlərindən birini müxtəlif sahələrdə çoxşaxəli və  səmərəli islahatların həyata keçirilməsidir. İqtisadi, siyasi, hüquqi və digər istiqamətləri əhatə edən dərin islahatlar Azərbaycanın inkişafına, qüdrətinin artmasına xidmət etməklə yanaşı, həm də idarəetmənin sisteminin təkmilləşdirilməsinə mühüm töhfələr verib. Məhz 2016-cı il sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi - referendum da islahatlar kursunun tərkib hissəsini təşkil edir. Referendumun nəticələri həm də Azərbaycanda idarəetmə sisteminin təkmilləşməsinə əhəmiyyətli töhfələr verdi. Xüsusilə də vitse-prezidentlik institutunun yaradılması yeni şəraitdə başlanan islahatların dairəsinin genişləndirilməsinə təkan verdi. Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilən Mehriban xanım Əliyeva yeni vəzifədə çalışdığı dövrdə öz həyat kredosuna sadiq qalaraq xalqın, ölkənin mənafeyi naminə uğurlu fəaliyyətini davam etdirir. Onun gördüyü işlər insanlarda böyük məmnunluq doğurur. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi fəaliyyəti həm də ölkəmizdə yeni nəsil islahatların həyata keçirilməsi, vətəndaşlara dövlət diqqəti və qayğısının gücləndirilməsi, cəmiyyətin bütün təbəqələrini əhatə edən uğurlu sosial siyasətin davam etdirilməsi baxımından böyük önəmə malikdir.

Nəticə etibarilə, tərəqqinin milli modelini yaradan müstəqil Azərbaycan bu gün ulu öndər Heydər Əliyevin ideyalarının işığında uğurla inkişaf edir. Əbədiyaşar liderin zəngin dövlətçilik irsi hər bir azərbaycanlı və bütövlükdə xalqımız tərəfindən yüksək qiymətləndirilir, Azərbaycanın uğurlu inkişaf yolunun təməlini təşkil edir. Azərbaycanın özü qədər əbədi olan Ümummilli Liderimizin əziz xatirəsi Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıq hissi ilə yad edilir.

Xatirə Əliyeva,

YAP Mətbuat Xidmətinin əməkdaşı,
siyasi elmlər 
üzrə fəlsəfə doktoru