17 noyabr 2017 14:18
1482

Tarixi nailiyyət olan müstəqilliyimiz dönməzdir, əbədidir

Azərbaycan ötən yüzillikdə iki dəfə müstəqillik qazansa da, suverenliyin qorunması, əbədilik qazanması təkmil dövlətçilik ənənələrinin yaşanması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu bir həqiqətdir ki, ölkənin siyasi, iqtisadi müstəqilliyinin, dövlət atributlarının qorunması da Ulu Öndərin tarixi xidmətlərindəndir. Azərbaycan dünyada dinamik inkişaf edən respublika, islahatlar ölkəsi kimi tanınırsa bu uğurların təməlini Ulu Öndərin inkişaf strategiyasının əsasları təşkil edir.

Milli inkişaf konsepsiyasını, çoxmülkiyyətli bazar iqtisadiyyatının başlıca tələblərinin əhatə olunduğu qanunauyğunluqları ölkədə tətbiq etməklə Azərbaycanı bütün bəlalardan qoruyan, 1969-1982-ci illərdə respublikada güclü iqtisadiyyatın əsasını qoyan ulu öndər Heydər Əliyev ikinci hakimiyyəti illərində müstəqilliyimizə aparan yolda xalqına bələdçilik etməklə ölkəmizi gözlənilən bəlalardan xilas etdi. Müstəqil Azərbaycanın dinamik inkişafının əsasının qoyulması, sarsılmaz ictimai-siyasi sabitliyin, milli həmrəyliyin təmin olunmasında fədakarlıq göstərən ümummilli lider Heydər Əliyev, eyni zamanda müstəqilliyimizin qarantı, xalqın xilaskarı oldu. 

Qeyd edək ki, M.Qorbaçovun rəhbərlik etdiyi Kremlin Qarabağ məsələsi ətrafında apardığı siyasət ilə ölkəmizdə antisovet hərəkatı başlandı. Ermənilərin tarixdə görünməmiş vandalizminə M.Qorbaçov və onun ətrafı heç bir reaksiya vermədilər. İmperiya siyasətçiləri Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirilməsi ilə bağlı daşnak siyasətini dəstəkləyib, xeyir-dua verdilər. Ermənilərin Topxanada törətdikləri vəhşiliklər, Ağdamda isə iki azərbaycanlının qətlə yetirilməsi xalqı imperiya əleyhinə ayağa qaldırdı. Paytaxtın Azadlıq meydanında keçirilən mitinqlərdə iştirak edən insanların müstəqillik, istiqlaliyyət arzusu Azərbaycan xalqını azadlıq uğrunda mübarizəyə səslədi və bu oyanış birlik, dirçəliş yolunda dönüş nöqtəsi oldu. Bu, əsl xalq, milli azadlıq hərəkatı kimi tarixə yazıldı. Sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdılsa da xalqın birlik və həmrəyliyi milli azadlıq hərəkatı kimi imperiyada xof yaratdı. Sonrakı illərdə mübarizəni daha da gücləndirən Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu. Öz haqqı, azadlığı uğrunda mübarizəyə qalxan və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs amallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirdi. 1992-ci ildən etibarən 17 noyabrın Milli Dirçəliş Günü kimi qeyd olunması milli birlik və həmrəyliyimizin əbədilik simvoludur.

Müstəqilliyimizin banisi, qarantı isə ulu öndər Heydər Əliyev oldu. “1993-2003-cü illərdə Azərbaycanda dövlət quruculuğu prosesi uğurla getmişdir, dövlətin əsasları qoyulmuşdur. Məhz buna görə biz həmişə deyirik ki, Heydər Əliyev müstəqil Azərbaycanın banisidir. Hər dəfə o tarixi yada salaraq, təəssüf hissi ilə qeyd edirik ki, əgər müstəqilliyimizin ilk illərindən Heydər Əliyev hakimiyyətdə olsaydı, bizim ölkəmiz Dağlıq Qarabağ problemi ilə üzləşməzdi. O, heç vaxt imkan verməzdi ki, orada separatçılar baş qaldırsınlar. Heç vaxt imkan verməzdi ki, xalqımıza qarşı bu qanlı cinayət törədilsin” söyləyən Prezident İlham Əliyev onu da əlavə edir ki, Heydər Əliyev siyasətinin alternativi yoxdur.

“Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır” söyləyən ulu öndər Heydər Əliyevin daimi tövsiyəsi olan “Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir” sözlərində qəhrəmanlıq tarixinə malik bir xalqın müstəqillik arzusuna çatmaq üçün göstərdiyi mücadilə və mübarizə dolu bir salnamə yaşanır.

...Azərbaycan xalqının qəhrəmanlıqla dolu salnaməsində tarixi, əlamətdar günlər çox olub. Bəxtinə uğur yazılan günlərdən biri də 17 noyabr 1990-cı ildir. Moskvadan vətənə dönən xalqını canından artıq sevən Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında da çox əhəmiyyətli məsələlər müzakirə olundu, mühüm təkliflər irəli sürüldü.

“Xalq milli əhval-ruhiyyə ilə milli mənlik zirvəsinə qalxırsa, onun başında duran adamlar isə öz şəxsi mənafelərinə görə xalqın başından baxırlarsa bax, bu, xalqın ən böyük faciəsidir” söyləyən ulu öndər Heydər Əliyev Azərbaycan xalqının istiqlaliyyətinin qarantı olmaqla insanlara azadlıq yolunda bələdçilik etdi. Bu yolda xalqına xəyanət edənlərin mənfur niyyətlərinin qarşısını cəsarətlə aldı.

Ulu öndər Heydər Əliyevin sədrliyi ilə 17 noyabr 1990-cı ildə Naxçıvanda keçirilən tarixi sessiya müstəqilliyə aparan yolun başlanğıcı kimi tarixə imza atdı. O sessiyada tək Naxçıvan üçün deyil, Azərbaycan üçün də tarixi qərarlar qəbul edildi. Sessiyaya ağsaqqal deputat kimi sədrlik edən ulu öndər Heydər Əliyevin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarıldı. Naxçıvanda ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edildi, himnimiz, gerbimiz bərpa olundu və Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, bu bayraq rəsmi dövlət bayrağı kimi təsdiq olunsun. Bu təşəbbüsün özü müstəqilliyin ilk əlamətləri kimi xalq tərəfindən dəstəkləndi. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan yolun başlanğıcı qoyuldu. Heydər Əliyev həqiqi mənada Azərbaycanın qurucusu və yaradıcısı olduğunu müdrikliyi, zəkası, uzaqgörənliyi ilə təsdiqlədi.

“Məhz 1990-cı illərin əvvəllərində Naxçıvanın taleyi həll edilirdi. Əgər o illərdə Heydər Əliyev Naxçıvanda olmasaydı və naxçıvanlılar Ulu Öndərin ətrafında sıx birləşməsəydilər, Naxçıvanın taleyi çox ağır ola bilərdi” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi o illərdə artıq erməni millətçiləri Azərbaycana qarşı işğalçı siyasətini başlamışdılar. O dövrdə Naxçıvanda da vəziyyət ağır idi. Lakin ulu öndər Heydər Əliyevin fədakarlığı sayəsində muxtar respublika erməni işğalçılarının təcavüzündən qorundu. Üstəlik həmin vaxt iqtidarda olan Azərbaycan rəhbərliyi də Naxçıvana ögey münasibət bəsləyir, muxtar respublikaya heç bir yardım göstərmirdi.

 Həmin iqtidarsız “iqtidarlar” Naxçıvanda dövlət çevrilişi cəhdinə belə çalışdılar. Lakin Ulu Öndərin qətiyyəti, müdrikliyi, cəsarəti, naxçıvanlıların birliyi ilə belə çirkin əməllərin qarşısı alındı.

Ümummilli Liderin müstəqilliyin qorunması ilə bağlı cəsarətli addımı 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvanın iştirak etməməsi ilə də bəlli oldu. Yəni, bu addımlar ondan sonrakı dövrdə Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. O illərdə də Ulu Öndər qətiyyəti, cəsarəti ilə öz xalqına, öz millətinə nə qədər bağlı olduğunu göstərdi.

Ulu öndər Heydər Əliyevin bu sözlərinin əsl dəyəri o zaman gördüyü işlərin nə qədər əhəmiyyətli olduğunu bir daha təsdiqləyir: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.” Müstəqilliyin qorunmasında isə Ulu Öndərin xidmətləri vətəndaş məsuliyyətindən, yanğısından, xalqına bağlılığından qaynaqlanırdı.

Naxçıvandan eşidilən “azadlıq, müstəqillik” çağırışları ümummilli lider Heydər Əliyevin təbirincə deyilsə suverenlik üçün əsas şərt olan milli oyanış, milli dirçəliş, milli ruhu canlandırdı, insanlarda milli təfəkkürü, özünə güvəni fomalaşdırdı.

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev çox qısa zamanda uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanı inkişaf yolu ilə irəliyə apardı. Xalqın iradəsi ilə prezident seçilən Heydər Əliyev perspektivləri bu cür müəyyənləşdirirdi: “Dövlət müstəqilliyini möhkəmləndirmək, suveren dövlət yaratmaq və inkişaf etdirmək, ərazi bütövlüyünü təmin etmək, ölkəmizi müharibə şəraitindən çıxarmaq, respublikanın vətəndaşlarının rifahını yaxşılaşdırmaq, onların yaşaması üçün lazımi şərait yaratmaq - bu vəzifələr mənim prezident fəaliyyətimdə əsas istiqamətlər olacaqdır və mən bunların həyata keçirilməsinə çalışacağam”.

Prezident kimi fəaliyyətə başladığı gündən “Heydər Əliyev siyasi kursu davam etdirilməlidir” söyləyən cənab İlham Əliyev dünyada sabitlik diyarı kimi tanınan Azərbaycanın iqtisadi qüdrətinin artması üçün Ümummilli Liderin müəyyənləşdirdiyi inkişaf konsepsiyasını daha da zənginləşdirdi, Heydər Əliyev məktəbinin layiqli davamçısı olduğunu apardığı islahatları, dünya birliyində ölkəmizin mövqeyini möhkəmləndirməklə, nüfuzunu artırmaqla təsdiqlədi.

“Azərbaycanın suveren dövlət kimi dünyada siyasi mövqeyini möhkəmləndirməsi, regionda və dünyada liderliyi ələ alması, dinamik iqtisadi inkişafa malik, demokratik dəyərlərə sadiq ölkə imici qazanması, bir sözlə qısa müddətdə əsrə bərabər yol keçməsi xalqla iqtidar birliyinin təsdiqidir” söyləyən Prezident cənab İlham Əliyevin vurğuladığı kimi iqtisadi islahatlar baxımından Azərbaycanla müqayisə oluna biləcək ölkənin olmaması müstəqilliyimizin məntiqi nəticəsidir. Təsdiqlənmiş həqiqətdir ki, tarixdə Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə yoxdur.

“Azərbaycan 1993-2003-cü illərdə öz inkişaf və sabitlik dövrünü yaşayırdı. Bu, müstəqilliyimizin ikinci dövrü idi. Bir daha qayıdıram müstəqilliyimizin ilk illərinə. Əgər o vaxt Heydər Əliyev kimi dahi şəxsiyyət - millətə canı, qanı ilə bağlı olan insan hakimiyyətdə olsaydı, biz o bəlalarla üzləşməyəcəkdik. Ancaq tarix tarixdir. Biz tarixi dəyişdirə bilmərik. Bizim əsas vəzifəmiz ondan ibarətdir ki, ölkəmizi irəliyə aparaq, gücləndirək və müsbət meyillər əsasında inkişafı təmin edək” söyləyən Prezident İlham Əliyev bildirir ki, biz gələcəkdə də bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq. Xalqın iradəsi əsasında irəli gedəcəyik. Çünki müstəqilliyimiz dönməzdir, əbədidir.

Xuraman İsmayılqızı, “İki sahil”