08 noyabr 2017 23:48
1072

Məşğulluq probleminin həlli sosial müdafiəni gücləndirir

“Bu il kənd təsərrüfatı ilə bağlı bir çox önəmli tədbirlər həyata keçirilmişdir. Mənim sədrliyimlə müxtəlif sahələr üzrə müşavirələr keçirilmiş, pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq, çəltikçilik, sitrusçuluq, çayçılıq - bütün bu məsələlər çox geniş müzakirə edilmişdir. Dövlət proqramları hazırlanmış, təsdiq olunmuş və bütün hədəflər müəyyən edilmişdir.

Bu proqramlar çox konkret xarakter daşıyır. Orada həm icra mexanizmləri, maliyyə vəsaiti nəzərdə tutulur. Əlbəttə ki, gələn ilin dövlət büdcəsində bu proqramların reallaşması nəzərdə tutulmalıdır.” Dövlətimizin başçısı İlham Əliyevin bu fikirləri bir daha bu reallığın təsdiqidir ki, ölkənin hərtərəfli inkişafı təmin olunsun, ən əsası insanların sosial rifah halı daha da yaxşılaşdırılsın. Regional inkişaf proqramlarının uğurlu icrasının nəticəsi olaraq qeyri-neft sektorunun sürətli inkişafı  perspektivlərin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır. Bu baxımdan ki, cənab İlham Əliyev daim çıxışlarında, xarici ölkələrə səfəri çərçivəsində keçirdiyi görüşlərdə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurlarından geniş bəhs etməklə, iş adamlarını bu istiqamətdə investisiya yatırmağa çağırır. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin ildən-ilə daha da artırılması, daxili investisiyaların xarici investisiyaları  üstələməsi ölkəmizdə sahibkarlığın inkişafına dəstəyin bariz nümunəsidir.  Cənab İlham Əliyev bildirir :”Əlbəttə, bütün bu işləri görərkən, bir daha qeyd etmək istəyirəm ki, biz bir neçə məqsədi güdürük. Ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını və kənd təsərrüfatı  məhsullarının ixracını artırmaq. Hesab edirəm ki, biz kənd təsərrüfatı məhsullarının ixracını iki dəfə artıra bilərik. Bu, real hədəfdir, biz buna nail olmağa çalışmalıyıq.”  Cari ilin 9 ayının sosial-iqtisadi göstəriciləri islahatların təkmilliyini, dövrün tələblərinə uyğunluğunu bir daha təsdiqləyir. Qeyri-neft sektoru 2,5 faiz,  kənd təsərrüfatı 2,8 faiz artıb. Ərzaq təhlükəsizliyi ilə bağlı  məsələlər daim diqqət mərkəzindədir. Rəqəmləri açıqlayan cənab İlham Əliyev  vurğulayır: “Bir tərəfdən əlbəttə, bu rəqəmlər onu göstərir ki, son illər ərzində biz öz ərzaq təhlükəsizliyimizi  böyük dərəcədə təmin edə bilmişik. Əgər biz sovet vaxtına nəzər salsaq görərik ki, -təbii, o vaxt bölgü aparılırdı, - Azərbaycanda üzüm, pambıq, gül, meyvə, tərəvəz istehsal edilirdi, ancaq yağ, ət, un başqa respublikalardan gətirilirdi. Bu da vahid ölkə üçün məqbul variant idi. Ancaq biz indi müstəqillik dövründə yaşayırıq və əlbəttə ki, çalışmalıyıq öz ərzaq  təhlükəsizliyimizi tam şəkildə təmin edək. Buna nail oluruq.” Təbii ki, rayonlar üzrə aparılan ixtisaslaşma, əvvəldə də qeyd olunduğu kimi, dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə həmin sahələrin inkişafına dair müşavirələrin keçirilməsi, prioritetlərin açıqlanması qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olunacağına  əsas yaradır. Əsas məqsədlərdən biri təbii ki,  ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq, Azərbaycanı yüksək gəlirli ölkələr sırasında görməkdir. Bu hədəf kompleks tədbirləri bir tələb kimi gündəmdə saxlayır. İşsizlik və məşğulluq  probleminin həlli istiqamətində atılan addımların nəticəsidir ki, bu gün işsizliyin səviyyəsi 5 faizdir.  Yoxsulluq da 5 faiz səviyyəsindədir.  Beynəlxalq maliyyə qurumlarının hesabatlarında   Azərbaycan öz mövqeyini uğurlu islahatları ilə möhkəmləndirir, hər bir hesabat əvvəlki ilin hesabatından yeniliyi ilə seçilir.  “Biz, əlbəttə ki, öz işimizi reytinq almaq üçün qurumuruq” söyləyən ölkə Prezidenti İlham Əliyev eyni zamanda  bildirir ki, əlbəttə,  belə fikirlər ortaya  qoyulanda həm bizi daha da  sevindirir, həm də  dünyanın bütün maliyyə qurumlarına  bir siqnaldır.

Özəl bölmənin əsas sahələrindən olan aqrar sektorun inkişafına xüsusi diqqət yetirilir.  Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac  potensialının artırılması məqsədilə  ölkədə müasir  aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Aqroparkların yaradılması ən müasir təcrübə kimi dəyərləndirilir. Aqroparkda  fermer artıq   satışın təşkili, saxlanma, təkrar istehsal kimi  məsələlərdən azad olur.  Aqroparkların sayının   38-ə çatdırılması nəzərdə tutulur. Artıq iki aqropark fəaliyyətə başlayıb. Cənab İlham Əliyev bildirir: “Bu işlər tam nəzarət altındadır, mənə müntəzəm olaraq məlumat verilir. Hesab edirəm ki, bu aqroparkların uğurlu fəaliyyəti bizim bütün sahibkarların diqqətini cəlb edəcək. Bu, həm sahibkarlar, həm dövlət, həm də bizim valyuta ehtiyatlarımızın artırılması üçün çox gəlirli sahədir.”

Qeyd edək ki, son illərdə  əksər kənd təsərrüfatı  məhsulunun istehsal həcminin artım tempi ölkədə kənd əhalisinin sayının artım tempini dəfələrlə üstələyib. Cari il üçün pambıqçılıq, üzümçülük, baramaçılıq, fındıqçılıq sahəsində nəzərdə tutulan plana diqqət yetirsək, növbəti illər üçün hədəflər özlüyündə açıqlanmış olur. 

Ərzaq təhlükəsizliyi hər bir ölkə üçün enerji təhlükəsizliyi qədər önəmlidir. “Əlbəttə, Azərbaycanın bəzi ərzaq məhsullarını xarici bazarlardan idxal etməsinə baxmayaraq biz çalışmalıyıq ki, öz daxili istehsalımızı maksimum artıraq, fövqəladə hallardan özümüzü qoruyaq” söyləyən cənab İlham Əliyev bildirir ki,  özümüzü təmin etmək üçün daxili bazarların daxili resurslar hesabına təmin edilməsi prosesi davam etdiriləcək: “Yəni, bir sözlə, idxaldan asılılıq maksimum dərəcədə azalmalıdır. Bu, həm təhlükəsizlik üçün lazımdır, həm də biz valyuta ehtiyatımıza qənaət etməliyik.

Sahibkarlığın inkişafına xidmət edən mühüm addımlardan biri kimi    “ABAD mərkəz”lər yaradılır. Nazirlər Kabinetinin cari ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı İlham Əliyev bildirmişdir: “Mən Masallıda, Balakəndə olarkən artıq orada kəndli-fermerlərin məhsulları ilə də tanış oldum. Bunun çox böyük faydası var. Eyni zamanda, “ABAD mərkəz”lərin yaradılması özünüməşğulluq proqramının icrasına da böyük dəstək olacaq. Özünüməşğulluq proqramına gəldikdə, mən əvvəlki müşavirələrdə bu barədə göstərişlər vermişəm. İndi qanunvericilikdə də lazımi düzəlişlər edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kifayət qədər böyük vəsaiti yaranacaq və bu vəsait də özünüməşğulluq proqramının icrasına yönəldilir. İlkin məlumat müsbətdir. Bu məsələ yerlərdə çox böyük həvəslə qarşılanır. Əlbəttə ki, dövlət ağır vəziyyətdə yaşayanlar üçün öz hesabına pulsuz imkan yaradır, vəsait verir ki, onlar bundan sonra öz dolanışığını lazımi səviyyədə təmin etsinlər.”

Ölkə Prezidenti bu uğurlarımızda bir məqamı xüsusi qeyd edir: “Mən xatırlayıram, 1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində  bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik gətirməyəcək, problem gətirəcək. Ancaq biz bu təbii sərvətimizdən maksimum dərəcədə səmərəli istifadə edə bilmişik, ölkəmizi möhkəmləndirmişik, möhkəm dövlət qurmuşuq və  müstəqil ölkə kimi yaşayırıq... Gələcəkdə daha da böyük işlər görüləcək.”

26 illik müstəqillik tarixinə malik olan Azərbaycan neft amilinin ölkə iqtisadiyyatının inkişafında önəmini gerçəkliyə çevirdiyini enerji layihələri ilə təsdiqlədi. Artıq son 14 il neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı kimi xarakterizə olunur.  Davamlı inkişafın əsası olan strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir.

Yeganə Əliyeva, “İki sahil”