17 avqust 2017 14:22
1049

Daxili bədxahlar, şəxsi maraqlarının girovuna çevrilənlər

Əli kərimlilər erməni təxribatlarına laqeyd yanaşmaları ilə əsl simalarını nümayiş etdirirlər

Ölkəmizdə həyata keçirilən siyasətin alternativsizliyi beynəlxalq səviyyədə də etiraf olunaraq bildirilir ki, xalqın Prezidentinə etimadının yüksək olduğu ölkədə hansısa narazılıqdan söhbət gedə bilməz. ABŞ-ın nüfuzlu “Gullap İnternational” sorğu mərkəzi mütəmadi olaraq Azərbaycanda keçirilən seçki ərəfələrində xalqın Prezidentə inamını öyrənmək üçün sorğular təşkil edir. Həmin sorğuların nəticələri də bu məqamlara işıq salır. Azərbaycanın dinamik inkişafını dövrün tələblərinə uyğun islahatları, möhkəm təmələ əsaslanan siyasəti ilə əsaslandıran “Gullap” xalq-iqtidar birliyinin möhkəmliyi fonunda uğurların qaçılmaz olduğunu bir daha  ortaya qoyur.

Lakin bir məqamı da qeyd etməliyik ki, uğurlarımız heç də  bütün qüvvələr tərəfindən normal qarşılanmır. Dövlətimizin başçısı İlham Əliyev  hər zaman çıxışlarında bu məqamı xüsusi vurğulayır  ki,  dünyada ölkəmizə qarşı əks təbliğat kampaniyası aparan güclü erməni lobbisinin olduğunu  unutmamalıyıq.  Əldə olunan uğurlarla kifayətlənməməli, təbliğatımızı gücləndirməli, erməni yalanlarına qarşı tarixi həqiqətlərə əsaslanan birliyimizi qoymalıyıq. Çünki Azərbaycanı qaralamaq,  reallıqlarını danmaq, geridə qalmış, antidemokratik ölkə kimi dünyaya təqdim etmək cəhdlərinin arxasında erməni lobbisi dayanır. Bu qüvvələrin öz çirkin niyyətlərini həyata keçirmək üçün daxili bədxahlarımızdan bir vasitə kimi bəhrələnmələri hər zaman qınaq obyektinə çevrilib. Öz şəxsi ambisiyalarını  dövlətin, xalqın maraqlarından üstün tutan bu ünsürlərin yalnız və yalnız bir adı var - xəyanətkar. 

Ölkə Prezidenti İlham Əliyev heç bir qüvvənin Azərbaycan xalqının iradəsinə təsir göstərmək imkanında olmadığını bildirir. Azərbaycan müstəqil dövlətdir. Atdığı hər addımında dövlət maraqları öndə dayanır. Bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında münasibətlərini quran Azərbaycan heç bir ölkənin daxili işinə müdaxilə etmir və özünün daxili işinə müdaxiləni də yolverilməz hesab edir. Cənab İlham Əliyev bildirir: “Əgər kimsə hesab edir ki, Azərbaycana ultimatum dili ilə, yaxud da diktat dili ilə nə isə deyə bilər, səhv edir. Bizim tariximiz, son illər ərzində apardığımız müstəqil, cəsarətli siyasət bunu bir daha göstərir və bütün ölkələr ancaq ikitərəfli formatda bərabərhüquqlu münasibətlər qurmalıdırlar. Bu, beynəlxalq davranışın qaydalarıdır. Heç bir ölkənin istisna ixtiyarları, haqları yoxdur, ola bilməz. Bütün ölkələr bərabərdir və bütün ölkələri birləşdirən təşkilat BMT-dir.” 

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsində də bu reallıq qeyd edilmişdir ki,  müxtəlif xarici antiazərbaycan dairələrin və onların nəzarətində olan daxili antimilli qrupların təxribatçı fəaliyyəti Azərbaycan hakimiyyətini öz iradəsindən, müstəqil siyasətindən çəkindirməyəcək, cəmiyyəti müəyyən olunmuş inkişaf yolundan, strateji seçimindən geri döndərməyə nail olmayacaqdır. Məlumdur ki,  Azərbaycanda mövcud olan tolerant mühitdən, demokratik ab-havadan, hakimiyyətin humanist siyasətindən sui-istifadə edən  dairələr ayırdıqları maliyyə hesabına ölkəmizin daxilində müxtəlif qeyri-hökumət təşkilatlarından və KİV-lərdən ibarət öz dayaq nöqtələrini, “5-ci kolon”unu formalaşdırmağa nail olublar. Həmin QHT-lər və KİV-lər müvafiq tapşırıq əsasında Azərbaycanın daxili və xarici siyasətini ləkələmək məqsədi güdən, əsassız, subyektiv mülahizələrdən ibarət, bir çox hallarda isə iftira xarakterli donoslar hazırlayır və ölkəmizə qarşı qərəzli münasibəti ilə seçilən xarici təşkilatlara göndərir, onların əsasında da həmin qurumların bəyanatları hazırlanır və yayılır. Növbəti mərhələdə bu yalanlar müxtəlif qərəzli təşkilatlar tərəfindən hesabat kimi təqdim olunur. Xarici antiazərbaycan qüvvələr üçün “mənbə” rolunu oynayan daxili  bədxahlarımız aldıqdarı pulların qarşılığında ölkəmizi onların maraqlarına uyğun şəkildə təqdim edir, kənardan onları izləyən hər kəs Azərbaycan deyil, Ermənistan vətəndaşı olduqlarına şübhə etmirlər. Çünki onların məqsədləri, məramları ancaq və ancaq uğurlarımıza qara eynəkdən baxmaq, xarici himayədarlarının çaldıqları havaya uyğun oynayaraq lazım olan məbləği əldə etməkdir. Dağlıq Qarabağ kimi ümummilli məsələnin həlli bu ünsürlər üçün arxa plandadır. Hər gün cəbhə xəttində atəşkəsin pozulduğu, təxribatların törədildiyi, mülki əhalinin, xüsusilə uşaqların öldürüldüyü halda əli kərimlilərin bu hadisələrə laqeyd yanaşması diqqətdən kənarda qalmır. Sosial şəbəkələrdə özünü reklam xarakterli  şərhləri ilə diqqət çəkməyə çalışan Ə.Kərimli nə üçün erməni təxribatlarını belə sustlüklə qarşılayır? Təbii ki, bunun şərhi o qədər də  geniş deyil. Bütün fəaliyyəti boyu düşmən dəyirmanına su tökməklə məşğul olan əli kərimlilər üçün  vətəndaşlıq təəssübkeşliyi arxa plandadır. Məhz bu “fəaliyyətinin” nəticəsidir ki, “qazandığı” pullarla ailəsinin yüksək səviyyədə yaşayışını təmin edir. Amma unudur ki, Vətənini, xalqını şəxsi ambisiyalarına qurban vermək, bir sözlə, Vətənə xəyanət heç kəsə başucalığı gətirməz. Ə.Kərimlinin “Ruslan Bəşirli məktəbi” onun necə vətənpərvər olmasının açıqlamalarındandır. Uşaq qatillərinin əməllərinə göz yumub, məqam yetişəndə hətta erməniləri müdafiə etməkdən çəkinməyən əli kərimlilərin, isa qəmbərlərin işbirliklərinə işıq salan xeyli sayda faktlar sadalamaq olar. Ermənilərlə qurulan işbirliyinin əsas oyunçularından olan R.Bəşirli tərəfindən dəstəkçilərinə torpaqlarımız 2 min dollara vəd edilmişdisə, bu, artıq onların “Vətən sevgisi”nin  göstəricisidir. Belə olan təqdirdə əli kərimlilərdən Zəhranın ölümü, qəlpə yarası alan Raminin vəziyyəti ilə bağlı  münasibət gözləmək sadəlöhvlük  deyilmi?

Daxili bədxahlarımızın şəxsi maraqlarının girovuna çevrilmələri, reallıqla barışmaq imkanında olmadıqları beynəlxalq təşkilatlar tərəfindən də hər zaman təsdiqlənir. Məlumdur ki, ABŞ-da mütəmadi olaraq  Azərbaycanla bağlı dinləmələr təşkil olunur. Bu tədbirlərin iştirakçıları arasında  müxalif düşərgənin təmsilçiləri olsalar da, heç zaman Dağlıq Qarabağ münaqişəsi, eyni zamanda, problem nəticəsində qaçqın və məcburi köçkün düşmüş bir milyondan artıq soydaşımızın  pozulmuş hüquqları məsələsi qabardılmayıb. Ancaq və ancaq ölkəmizdə insan hüquqlarının qorunması ilə bağlı qeyri-ciddi fikirlər səsləndirilib, beynəlxalq təşkilatlardan Azərbaycan hakimiyyətinə təzyiqlər göstərilməsi xahiş olunub. Artıq Azərbaycanla Avropa Şurası arasında “siyasi məhbus” məsələsi qapandığı, hətta qurumun sessiyasında bununla bağlı gündəmə gətirilən  qətnamə qəbul olunmadığı halda “hüquq müdafiəçilərimiz” və onlarla həmrəylik nümayiş etdirən dağıdıcı müxalif ünsürlər “siyasi məhbus” siyahıları təqdim edirlər. Həmin ünsürlərin “siyasi məhbus” məsələsindən biznes kimi yararlandıqları beynəlxalq qurumlar tərəfindən də qeyd olunur. “Freedom House”, “Amnesty İnternational”, “Human  Rights Watch” kimi qərəzli təşkilatların “hesabatlarının” əli kərimlilər üçün mənbə rolunu oynaması bu məlumatların məhz özlərinə məxsus olmasından irəli gəlir. İctimaiyyətimiz dəfələrlə onların xaricdə Azərbaycana qarşı səsləndirilən və ya xarici mediada Azərbaycanın əleyhinə dərc olunan mənfi fikirləri, materialları necə “sevinclə” qarşıladıqlarının, yaxud da ölkəmizin beynəlxalq arenada növbəti uğurundan necə məyus hala düşdüklərinin şahidi olub.

Təəssüf doğuran hal daxili bədxahlarımızın ermənilərə dəstək olması, ölkəmizin imicinə zərbə vurmaq üçün onlarla birgə mübarizəyə qoşulmalarıdır. Hər iki tərəf bu əməkdaşlığa öz marağından yanaşır.  Ölkə ictimaiyyəti dağıdıcı müxalifətin  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsindən sui-istifadə etdiyinin, öz maraqlarının təmin olunması üçün  milli maraqlarımıza zidd  təkliflər irəli sürdüyünün, müxtəlif vaxtlarda erməni lobbisi ilə işbirliyində olan xarici dairələrlə  yaxından  təmas qurduğunun şahidi olub.  Təsadüfi deyil ki, erməni lobbisi ilə  yaxın, onun maraqlarına xidmət edən xarici təşkilatlar, siyasətçilər və ekspertlər Müsavat  və AXCP-nin qəhrəmanlarına çevriliblər. Bir sözlə, “beşinci kolon” satqınlardan ibarət qurumlardır.

Şübhəsiz, zaman insanlara və onların fəaliyyətinə dəyər vermək baxımından yaddaşdır.   Dövlətimizin başçısı İlham Əliyevin  Heydər Əliyev Mərkəzinin açılış mərasimində Azərbaycanın ayrı-ayrı sahələrdə qazandığı uğurlardan  bəhs edərkən  söylədiyi bu fikirləri bir daha xatırlatmaq istərdik: “Mən dəfələrlə bir fikri qeyd edirəm, bir daha demək istəyirəm: Mən tam  əminəm və bilirəm, Azərbaycan xalqı da tam əmindir ki,  əgər ölkəmiz üçün həlledici illərdə -1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində Heydər Əliyev Azərbaycanda  rəhbərlikdə olsaydı, bir qarış  torpaq işğal altına düşə bilməzdi. Məhz ona görə erməni lobbisi, - bu mənfur qurum bütün səylərini Heydər Əliyevin  neytrallaşdırılmasına yönəltmişdi. Əfsuslar olsun ki, bu çirkin kampaniyada o vaxt burada, Azərbaycanda milli satqınlar da iştirak etmişlər.  “Beşinci kolon” o vaxt da var idi, əfsuslar olsun ki, bu gün də vardır. Onların sayı çox azdır, amma vardır. Bu gün də  müstəqil ölkəyə zərbə vurmaq, ölkəmizi ləkələmək, ölkəmizin imicinə xələl gətirmək onların peşəsidir. Antimilli qüvvələr qınaq obyektinə çevrilir.  Azərbaycan cəmiyyəti bu qüvvələri rədd edir və biz heç vaxt  imkan vermərik ki, Azərbaycanın müstəqilliyinə, suveren inkişaf haqqına kimsə müdaxilə etsin.”

Yeganə Əliyeva, “İki sahil”