25 oktyabr 2017 21:36
1196

Çoxşaxəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması əsas hədəfdir

Sahibkarlıq subyektləri daha 4 il lazımsız yoxlamalardan azad olacaq

Dinamik inkişaf mərhələsində olan Azərbaycanın əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, şaxələndirilməsi, əhalinin rifahının  beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, təhsilin, elmin və iqtisadiyyatın vəhdətliyi fonunda həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.  Qarşıya qoyulan hədəflərə çatmaq üçün “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələn vəzifələr, eyni zamanda müxtəlif istiqamətləri əhatə edən Stateji Yol xəritələri uğurla  icra edilir.  Planlı iqtisadiyyatı əvəz edən bazar iqtisadiyyatı institutlarının yaradılması və sahibkar təşəbbüskarlığına söykənən müasir modelin bərqərar olması,  sosial infrastrukturun təkmilləşdirilməsi ölkəmizin gələcək inkişafı üçün geniş imkanlar açır. Aparılan düzgün siyasət nəticəsində  Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunub, yoxsulluğun azaldılmasında və əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar qazanılıb. Son  14 ildə  görülən işlər və nəticələr Azərbaycanın dünyaya özünün inkişaf modelini təqdim etdiyini deməyə əsas verir və qısa zamanda ölkəmiz  inqilabi yeniləşməyə və tərəqqiyə nail olub.

2013-2020-ci illəri əhatə edən yeni mərhələdə  hədəf inkişaf etmiş ölkələrlə eyni sırada addımlamaq, qeyri-neft sektorunun hərtərəfli inkişafına nail olmaqdır.  Bu günədək üç dəfə artan ÜDM-in daha iki dəfə artırılması, dövlətlə özəl qurumların birgə fəaliyyəti üzrə yeni strategiyanın hazırlanması, ən müasir texnologiyaların tətbiqi, iqtisadiyyatın modernləşdirilməsi, elm və innovasiyalara əsaslanan iqtisadiyyatın qurulması kimi məsələlər  başlıca məqsəddir.  Regionda liderlik səviyyəsinə yüksələrək beynəlxalq mövqelərini daha da gücləndirən, enerji təhlükəsizliyi sahəsində həlledici söz sahibi olan, Asiya və Avropa arasında strateji nəqliyyat dəhlizinə çevrilən Azərbaycanda  aparılan islahatlar uğurla nəticələnir.  “Azərbaycan iqtisadiyyatı  dünya iqtisadi sisteminin ayrılmaz tərkib hissəsidir” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki,  bu uğura yol açan möhkəm təməldir. Bütün sahələr üzrə  proqramlar həyata keçirilir və kəmiyyət dəyişiklikləri keyfiyyət dəyişiklikləri ilə əvəzlənir.

Ölkəmizdə özəl sektor sürətlə inkişaf edir. Yeni istehsal müəssisələrinin, iş yerlərinin yaradılması, sahibkarların birbaşa ünsiyyətdə olduğu dövlət qurumlarında elektron xidmətlərin tətbiqi sərmayədarların işini daha da asanlaşdırıb.    Dövlətimizin başçısı hər zaman hökumətin sahibkarlıq subyektlərinə dəstək olduğunu bildirərək iş adamlarına üzləşdikləri problemlərlə bağlı müvafiq instansiyalara məlumat vermələrini tövsiyə edir: “Mən çox şadam ki, Azərbaycanda özəl sektor inkişaf edir. Yerli sahibkarlar Azərbaycan iqtisadiyyatına sərmayə qoyurlar. O sahələrə ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafında mühüm rol oynayır. O sahələrə ki, hələ biz idxaldan asılıyıq. Eyni zamanda, çox şadam ki, Azərbaycanda məhz müasir sənaye müəssisələri yaradılır. Bu müəssisələr bundan sonra uzun illər ərzində Azərbaycan iqtisadiyyatının inkişafına xidmət edəcək. Ümumilikdə isə biz iqtisadiyyatımızın şaxələndirilməsi işində müsbət nailiyyətlərə çatmışıq.”

Son 14 ilin əsas məqsədlərindən biri  neft amilindən asılılığımızı maksimum dərəcədə azaltmaq və ölkəni gələcəkdə  qeyri-neft sektoru hesabına  inkişaf etdirməkdir. Bu məqsədə nail olmaq üçün  ölkədə müasir sənaye komplekslərinin sayı  artırılır, aqrar və emal  sahəsinin inkişafı ilə bağlı əlavə addımlar atılır. Ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına xüsusi diqqət yetirilməsi, bölgələr arasında konkret ixtisaslaşma aparılması, ayrı-ayrı rayonlarda dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə müşavirələrin keçirilməsi və perspektivlərin açıqlanması da deyilənlərin təsdiqidir.  Cari ilin 9 ayının sosial-iqtisadi göstəricilərinə diqqət yetirdikdə 2017-ci ilin də tarixə iqtisadi islahatlar ili kimi daxil olacağına böyük əminlik yaradır.  Bu il idarəetmə sistemində təkmil islahatların həyata keçirilməsi ilə də yadda qalacaq.  Dövlətimizin  başçısı İlham Əliyev Nazirlər Kabinetinin iclaslarında daim dövlət idarəetmə sisteminin təkmilləşdirilməsinə  böyük ehtiyacın olduğunu bildirir: “Hesab edirəm ki, inkişafa mane olan, xüsusilə idarəetmə sahəsində problem yaradan amillər də aradan qaldırılmalıdır. Burada da çox ciddi islahatlara ehtiyac var. Bəzi strukturlar bir-birinin fəaliyyətini təkrarlayır, biz buna da yol verməməliyik, burada optimallaşdırma siyasəti aparılmalıdır və bu sahəyə də diqqət verilməlidir.” Cənab İlham Əliyevin  23 avqust 2017-ci il  tarixli Fərmanına uyğun olaraq  Nazirlər Kabineti Aparatının yeni strukturunun təsdiq edilməsi də bunun təsdiqidir. Təbii ki, belə təkmilləşmə hədəflərə yüksək və nəzərdə tutulduğu vaxtdan da  tez çatmağa stimul verir.

Yoxsulluğun azaldılması və əhalinin məşğulluq səviyyəsinin artırılmasında başlıca amil olan özəl bölməyə, sahibkarlara dövlət  dəstəyinin davamlı olmasını siyasi, iqtisadi və  maliyyə baxımından əhəmiyyətli hesab edən Prezident İlham Əliyevin vurğuladığı kimi, sahibkarlar ölkəmizin iqtisadiyyatına sərmayə qoymaqla  öz imkanlarını genişləndirir, eyni zamanda, ümumi inkişafımıza xidmət etmiş olurlar.  Tam məsuliyyətlə  demək olar ki, Azərbaycanda azad sahibkarlıq üçün kifayət qədər münbit  şərait yaradılıb.  Bütün bunlar o deməkdir ki, dövlət sahibkarlığın inkişafında maraqlıdır və bu sahəyə böyük önəm verir. “ABAD” mərkəzlərin yaradılması, ailə biznesinə asan dəstəyin göstərilməsi də deyilənlərə bariz nümunədir. Dövlətimizin başçısının bu fikirlərini də xatırlatmaq istərdik:  “Rəqabət olmasa, inkişaf da olmaz, keyfiyyətli məhsullar da olmaz. Qoy, hər kəs istehsal etsin. Yaxşı, bazarımız ola bilər ki, kifayət qədər məhduddur. Elə məhsullar yetişdirin, istehsal edin ki, xaricə sata biləsiniz. Dövlət də bunu təşviq etsin. Bizim gələcəkdə iqtisadiyyatımızın inkişafını təmin edən əsas sahə ixrac olacaqdır. Bunu mən dəfələrlə demişəm. Biz buna çox ciddi hazırlaşırıq. Burada artıq deyildi ki, biz xaricdə logistika mərkəzləri yaradırıq. Nə üçün? Ona görə xaricə vəsait qoyuruq ki, məhsullarımız oraya - yeni bazarlara çıxsın. Bunu ona görə edirik ki, sahibkarların gedib öz məhsullarını rahat satmaq imkanları olsun. Burada isə əgər kimsə nəyisə istehsal edirsə, qoymur ki, başqası da istehsal etsin. Yaxud da ki, himayədarları müxtəlif yollarla bu işlərə cəlb edir. Buna yol vermək olmaz. O cümlədən idxalla bağlı inhisarçılığa yol vermək olmaz. Yenə də deyirəm, biz açıq bazar iqtisadiyyatı siyasətini aparırıq. Bizim siyasətimiz, dövlət siyasəti, Prezidentin siyasəti, bax, budur. Ona görə bütün qurumlar bu siyasəti aparmalıdırlar, vəssalam!”

Ölkə Prezidentinin vurğuladığı kimi, biznesin sadələşdirilməsi, “bir pəncərə” prinsipinin tətbiqi şəraitində əldə olunan uğurlar və təcrübə  beynəlxalq səviyyədə də  qiymətləndirilir,  öyrənilir və tətbiq olunur.   Lazımsız yoxlamaların aparılmasına, yerli icra hakimiyyəti  orqanlarının, o cümlədən hüquq-mühafizə orqanlarının bəzi hallarda  sahibkarlara problem yaratmasına, lisenziyaların sayının həddən artıq çox olmasına və digər məsələlərə hər zaman çıxışlarında diqqət yönəldən cənab İlham Əliyev qeyd olunan istiqamətlərdə atdığı addımları ilə sahibkarlığın inkişafına yaradılan imkanları daha da genişləndirdi.  Ölkə Prezidentinin 19 oktyabr 2015-ci il tarixli “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin  sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Fərmanı sahibkarlar tərəfindən xüsusi rəğbətlə qarşılandı, dövlətin siyasətində sahibkarlığın inkişafına,  vətəndaş amilinə verilən dəyər kimi qeyd olundu. “Sahibkarlıq sahəsində aparılan  yoxlamaların dayandırılması haqqında” Qanun layihəsinin Milli Məclisdə təsdiqlənməsi və həmin ilin  noyabrın 1-dən etibarən qüvvəyə minməsi  ölkədə biznes mühitinin daha da yaxşılaşdırılmasına stimul oldu. Məlum Sərəncama əsasən, sahibkarlıq subyektlərində lazımsız yoxlamaların aparılması 2 illik müddətinə dayandırılmışdır.  Lakin ölkə Prezidentinin təşəbbüsü ilə  bu müddətin  2021-ci ilədək uzadılması gözlənilir.  Təbii, bu  o deməkdir ki, sahibkarlıq subyektləri növbəti 4 il üçün lazımsız yoxlamalardan azad olacaq. Bunun sahibkarlığın inkişafına nə kimi təsir edəcəyini geniş şərh etməyə ehtiyac yoxdur.

Atılan bu addımlar Azərbaycanın ən islahatçı ölkə kimi nüfuz qazanmasını şərtləndirir.  Regionda və  Avropa məkanında  investisiya imkanlarının araşdırılması istiqamətində aparılan danışıqlar, maliyyə resurslarının şaxələndirilməsi dövlət siyasətinə uyğun həyata keçirilir. Cari ilin 9 ayında Azərbaycanın valyuta ehtiyatları artıb, hazırda bu rəqəm 42 milyard dollar səviyyəsindədir. İlin əvvəlindən valyuta ehtiyatlarımız 4,5 milyard dollar artıb. “Bizim siyasətimiz uzunmüddətli siyasətdir” söyləyən cənab İlham Əliyev bildirir:  “Biz ölkəmizin gələcəyi, uzunmüddətli, dayanıqlı inkişaf haqqında düşünürük. Ona görə bir daha qeyd etmək istəyirəm ki, valyuta ehtiyatlarımız, ümumiyyətlə, iqtisadi imkanlarımız müstəqilliyimizin əsas şərtlərindən biridir.” Nazirlər Kabinetinin son iclasında dövlətimizin  başçısı İlham Əliyev bir daha bu fikri böyük qətiyyətlə söylədi ki,  biz iqtisadi cəhətdən tam müstəqilik, heç kimdən asılı deyilik və bu bizə imkan verir ki, siyasi sahədə də, o cümlədən xarici siyasətdə də müstəqil siyasət aparaq. Bizim əsas istinad nöqtəmiz, güc mənbəyimiz iqtisadi  müstəqilliyimizdir. Azərbaycan bu gün  dünyanın ən rəqabət qabiliyyətli  ölkələri sırasındadır.

Qeyd olunanların ümumiləşdirilmiş ifadəsi budur ki, dayanıqlı inkişafa xidmət edən Strateji Yol xəritələrinin icrası   Azərbaycana daha böyük uğurlar vəd edir. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimizin reallığa çevrilməsi üçün bütün əsaslar mövcuddur.

Yeganə Əliyeva,

“İki sahil”