KÖŞƏ

Vəli İlyasov

Cənubi Qafqazın Metsamor təhlükəsi

08 noyabr 2017 23:30
1582

Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının region ölkələrinə təhlükəsi barədə neçə ildir ki, mətbuatda məlumatlar dərc edilir, fəaliyyət müddətini başa çatdırmış fəlakət mənbəyinin bağlanması tələb olunur. Yaxın günlərdə orada səfərdə olan fransalı fotojurnalist dünyada ən təhlükəli stansiya kimi tanınan Metsamorda hətta bu gün sızma proseslərinin olduğunu da  bildirib.

2015-ci ildə istismar müddəti 2026-cı ilə qədər uzadılan Metsamorla bağlı Rusiya Elmlər Akademiyası Fizika İnstitutunun ekspertlərinin rəylərinə əsasən  mövcud stansiyanın 500 metrliyində böyük təhlükə yaradan seysmik aktivlik var. Məqalədə stansiyanın reaktorlarının istismar müddətini çoxdan başa vurduğu bildirilir və zəlzələyə qarşı aparılan möhkəmləndirmə işlərinin etibarsız vəziyyətdə olduğu şəkillərdən də aydın görünür. Guya aparılmış  möhkəmləndirmə işlərinə baxmayaraq, bəzi deşiklər və rezin yamaqlar jurnalistlərin gözündən yayınmayıb.  Bu barədə yazılan məqalədə  bildirilir ki, Radioaktiv Tullantıların İdarə Edilməsi üzrə Fransa Milli Agentliyinin erməni mənşəli direktoru Cerald Uzunyan Metsamora  səfər edərək  Ermənistan Nüvə Tədqiqatları İnstitutunun direktoru Vahram Petrosyana narahatlığın lüzumsuz olduğunu bildirib, buxar sirkulyasiyası ilə bağlı təmirin qorxulu olmadığını və gündəlik təmir işlərinin bir hissəsi olduğunu deyib. O, sanki təhlükədən yox, adi bir işdən danışıb. Əlbəttə, Uzunyanın təhlükənin miqyasını deyil,  öz qatı lobbi məqsədlərini ortaya qoyması aydın görünür. Stansiyanın dispetçer mərkəzindəki aparatların köhnə olduğu və heç bir tələbə cavab vermədiyi jurnalistlər tərəfindən qeyd edilir. Metsamorun Sovet İttifaqı dövründə çox seysmik məkanda tikildiyini yazan jurnalistlərə deyiblər ki, 1988-ci il zəlzələsi zamanı stansiyada hətta bir dənə də olsun pəncərə şüşəsi sınmayıb. “Halbuki həmin zəlzələ nəticəsində stansiyanın 70 kilometrliyində yerləşən Spitak şəhəri tamamilə dağılıb və 25 min insan həlak olub”, - deyə yazan jurnalistin kinayəsi aydın hiss olunur. Stansiya işçiləri üçün yaxınlıqda tikilmiş qəsəbədə də vəziyyətin yaxşı olmadığı bildirilir. Qəsəbənin meri  büdcənin çox məhdud olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, uzun illərdir gecəyarısı işçilər qaranlıqda evlərinə qayıdırlar. Bu məsələnin dəfələrlə qaldırılmasına baxmayaraq, problem hələ də həll olunmayıb, çünki ölkədə böyük maliyyə problemi var. Belə bir təhlükəli stansiya ilə bağlı maliyyə çətinliyinin nəticəsinin necə ağır olacağı hamıya bəllidir. Fransalı jurnalistlər, həmçinin qəsəbədə yaşayan sakinlərlə də görüşüblər. Məlum olub ki, ailələrdə əlil uşaqlar çoxdur və bütün bunlar stansiyada təhlükəsizlik qaydalarına riayət olunmamasının nəticəsidir. Erməni qadın Tsovinar Harutunyan ərinin stansiyada işlədiyini və orada baş verən  qəzaların təhlükəli olduğunu bildirib. O, övladının buna görə əlil olduğunu vurğulayıb.

Məqalədə göstərilir ki, qəza baş verərsə, stansiya işçilərinə xidmət göstərən yeganə poliklinikada vəziyyət acınacaqlı olacaq. Tibb işçiləri yağış yağanda binanın tavanından damdığını, divarların kif bağladığını deyiblər. Adının açıqlanmasını istəməyən tibb bacısı bu poliklinikada daxili xəstəliklərlə qeydiyyata düşənlərin digər tibb müəssisələrindən daha çox olduğunu vurğulayıb. Hətta qəza hallarında əhaliyə təcili paylanmalı olan  dərman preparatlarının stansiyanın daxilində saxlanıldığı bildirilib.  Bu isə tibbi qayda-qanunlara tamamilə ziddir. Qəflətən  qəza baş verərsə onlardan necə istifadə etmək olar? Ancaq daha bir şübhə doğuran sual yaranır: Stansiyada dərman preparatları həqiqətən varmı?

Məqalədə 2015-ci ildə elektrik enerjisi tarifinin qaldırılmasının əhali arasında böyük narazılığa səbəb olmasından söz açılır.  Metsamor stansiyasındakı təhlükəli vəziyyət  şəkillərlə  vizual  göstərilir. Qeyd edək ki, Azərbaycanın beynəlxalq təşkilatlardakı, xüsusilə də Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri  Metsamor təhlükəsini dəfələrlə qaldırmalarına, hətta onunla bağlı AŞPA-da məruzə hazırlamalarına baxmayaraq, hələ də bu təhlükə Cənubi Qafqaz xalqları  insan hüquqlarına böyük önəm verdiklərini deyən avropalı siyasətçilərin etinasız yanaşmasının qurbanı olaraq qalır.  Bu cür etinasızlıqdan sonra təəccüb doğuran sual yaranır, görəsən Avropada insan hüquqları ilə doğrudanmı maraqlanırlar? Əgər maraqlanırlarsa, minlərlə insanın həyatına təhlükə olan Metsamor AES niyə onların diqqətini cəlb etmir? Bu sualların yeganə cavabı yenə də Avropanın müəyyən dairələrinin ikili standartlarla fəaliyyət göstərməsi, insan hüquqları terminindən yalnız siyasi məqsədlər üçün lazım olanda istifadə etməsidir. Ancaq  Ukraynadakı Çernobıl faciəsindən sonra  Metsamor AES-in təkcə region üçün deyil, elə Avropa üçün də böyük problemlər yaratması istisna deyil.

Vurğulamaq lazımdır ki, Cənubi Qafqaz ölkələrində bu təhlükə barədə dəfələrlə müzakirələr aparılıb, həyəcan təbili çalınıb, ancaq Ermənistan rəhbərləri bunların hamısını qulaqardına vururlar. Onlar unutmamalıdırlar ki, Metsamor AES-də qəza baş verərsə, ən böyük zərərçəkən Ermənistan özü olacaq.