11 sentyabr 2018 23:39
2144

İslahatlar dərinləşməli, şəffaflıq təmin edilməli

İslahatlar dərinləşməli, şəffaflıq təmin edilməli, maliyyə nəzarəti daha da gücləndirilməlidir

Son illərdə aparılan islahatların öz gözəl bəhrəsini verdiyini qeyd edən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, əgər biz bu islahatları aparmasaydıq, bu qədər böyük iqtisadi uğurlara çata bilməzdik: “Ancaq hesab edirəm ki, indiki dövrdə biz bu islahatları daha da dərinləşdirməliyik. Elə etməliyik ki, Azərbaycan iqtisadiyyatı uzunmüddətli, gələcəkdə dayanıqlı iqtisadiyyat kimi özünü göstərsin, neftdən, qazdan asılılıq daha da aşağı düşsün və qeyri-neft sektorunun inkişafı sürətlə davam etdirilsin.” Bu vacib məqam da diqqətə çatdırılır ki, sosial təminat sahəsində də ciddi islahatlar aparılmalıdır. Sosial ədalət tam bərqərar olmalı, şəffaflıq təmin edilməlidir.

Müqayisəli təhlil əsasında qeyd edə bilərik ki, iqtisadiyyatın elmi əsaslara söykənməsi, inkişaf strategiyasının dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə uygun hazırlanması və icrası Azərbaycanın davamlı inkişafını şərtləndirir. Məhz təkmil sosial-iqtisadi islahatların nəticəsində Azərbaycan Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə “yuxarı orta gəlirli” ölkələr” kateqoriyasına daxil olmuş, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı hesabatına əsasən, “orta insan inkişafı” ölkələri” qrupunu tərk edərək, “yüksələn insan inkişafı” ölkələri” qrupunda yer almış, ən əsası Azərbaycan xalqı dünyanın xoşbəxt ölkələri sırasında yer almışdır. Xoşbəxtliyin müəyyənləşdirilməsi kriteriyalarına diqqət yetirdikdə, xalqın irəli sürülən təşəbbüslərdən, əldə olunan uğurlardan məmnunluğu nəzərə alınır. Hər zaman özünə diqqətin şahidi olan xalqımız ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bütün təşəbbüsləri dəstəkləyir, sabitliyin əsas təminatçısı olan xalq-iqtidar birliyi fonunda yeni-yeni hədəflərin gerçəkləşməsinə nail olunur. Azərbaycanın islahatçı ölkə kimi nüfuz qazanmasında da həyata keçirilən siyasətin əsasında vətəndaş amilinin dayanması və bundan irəli gələn addımlar dayanır. 27 ilə yaxın müstəqillik tarixinə malik olan bir dövlətin islahatçı, təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi nüfuz qazanması, idarəetmə sistemində yenilikləri ilə dünyanın diqqətində olması böyük uğurdur. 2016-cı ildə keçirilən ümumxalq səsverməsinə çıxarılan əlavə və dəyişikliklərə uyğun olaraq vitse-prezidentlik institutunun yaradılması, ötən ilin fevralında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması, ötən qısa müddət ərzində görülən işlər idarəetmə sistemində təkmilləşmənin davamlı inkişafa böyük yol açdığını bir daha təsdiqlədi. Ötən ildən bu təkmilləşmənin uğurlu nəticələrinin şahidiyik. Dövlətimizin başçısı İlham Əliyev Nazirlər Kabinetinin iclaslarında daim dövlət idarəetmə sisteminin təkmilləşdirilməsinə böyük ehtiyacın olduğunu bildirirdi: “Hesab edirəm ki, inkişafa mane olan, xüsusilə idarəetmə sahəsində problem yaradan amillər də aradan qaldırılmalıdır. Burada da çox ciddi islahatlara ehtiyac var. Bəzi strukturlar bir-birinin fəaliyyətini təkrarlayır, biz buna da yol verməməliyik, burada optimallaşdırma siyasəti aparılmalıdır və bu sahəyə də diqqət verilməlidir.” Cənab İlham Əliyevin 23 avqust 2017-ci il tarixli Fərmanına uyğun olaraq Nazirlər Kabineti Aparatının yeni strukturunun təsdiq edilməsi də bunun bariz nümunəsidir. Təbii ki, belə təkmilləşmə hədəflərə yüksək və nəzərdə tutulduğu vaxtdan da tez çatmağa stimul verir.

Prezident kimi fəaliyyətə başladığı gündən neft kapitalının insan kapitalına çevrilməsi tövsiyəsinin sosial- iqtisadi məna daşıdığını vurğulayan cənab İlham Əliyev vətəndaşlara diqqət və qayğı, hörmət göstərilməsini hər bir məmurun başlıca vəzifəsi, şəffaflığın qorunmasını davamlı inkişafı şərtləndirən əsas amil kimi qeyd etmişdir. “Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmalıdır” söyləyən ölkə Prezidenti Nazirlər Kabinetinin son iclasında bu məqamı da xüsusi vurğulamışdır ki, aprel ayında formalaşmış yeni hökumət qarşısında bu vəzifə çox kəskin qoyulub. Biz elə etməliyik ki, korrupsiya hallarının baş verməməsi üçün institusional mexanizmlər işə düşsün. Ən ciddi beynəlxalq təcrübə tətbiq edilməlidir: “Dünyanın aparıcı ölkələrində bu sahədə hansı yollarla mübarizə aparılırsa, Azərbaycanda da həmin yollarla mübarizə aparılmalıdır. Əlbəttə ki, dövlət xərclərinə nəzarət gücləndirilməlidir.”

Bu kimi davamlı addımlar öz növbəsində inkişafı şərtləndirən əsas amillərdən biri kimi vətəndaş-məmur münasibətlərinə də öz müsbət təsirini göstərir. Cari ilin 11 aprelində keçirilən prezident seçkilərində yenidən xalqın etimadını qazanaraq növbəti 7 il üçün qələbəsini təmin edən, bir daha “Azərbaycanın dövlət siyasətinin əsasında vətəndaş, insan amili dayanır” söyləyən Prezident İlham Əliyev andiçmə mərasimində bu tapşırığını da diqqətə çatdırmışdır ki, məmur-vətəndaş münasibətlərinə xüsisi diqqətlə yanaşılmalıdır. Məmur-vətəndaş münasibətləri sağlam zəmində qurulmalıdır. Bu, dövlətimizin başçısının bütün məmurlara, iş adamlarına ciddi tələbkarlığı, mesajı idi: “Biz bəzi müsbət meyilləri də görürük. Misal üçün. İctimai xidmətlər sahəsində “ASAN xidmət” korrupsiyadan tam azad biri qurumdur. “ASAN xidmət”ə 20 milyondan çox müraciət olunub və vətəndaşların bəyənmə əmsalı 100 faizə yaxındır. Yəni, bunu etmək mümkündür. Sadəcə, siyasi iradə olmalıdır, bu da var və çox ciddi tədbirlər görülməlidir, o cümlədən cəza tədbirləri görülür və görüləcək.” Elə buna görədir ki, elektron xidmətlərə inam artmaqdadır. Azərbaycan brendi olan “ASAN xidmət”in qısa müddət ərzində böyük rəğbət qazanması bu əminliyi daha da artırır. Ölkə Prezidentinin bölgələrə səfərlərindən sonra imzalanan sərəncamlar sırasında “ASAN xidmət” mərkəzlərinin layihələndirilməsinin və tikintisinin əsas yer tutması da diqqətdən kənarda qalmır. Bu günlərdə dövlətimizin başçısının Şamaxı və İsmayıllı rayonlarına səfərindən sonra Şamaxıda “ASAN xidmət”in tikintisi ilə bağlı imzaladığı Sərəncam da bu silsilədəndir. Hazırda 13 mərkəz fəaliyyət göstərir. Onlardan beşi Bakıda, səkkizi bölgələrdədir. “ASAN xidmət”ə indiyə qədər 23 milyondan artıq müraciət edilib.

Obyektivlik, şəffaflıq özəl sahənin inkişafı baxımından daha vacibdir. Prezident İlham Əliyev vurğulayır ki, xüsusilə sahibkarlara qarşı münasibətdə, onlara göstərilən maddi, mənəvi, hüquqi dəstək zamanı ədalət prinsiplərinə əməl olunmalıdır. “Sahibkarlığın inkişafı dövlət siyasətidir və yerli icra başçısı yerlərdə dövlət siyasətini aparan şəxsdir və o dövlət siyasətindən kənarda heç bir iş görə bilməz. Ona görə bir daha deyirəm, bütün icra başçıları bilsinlər, sahibkarları incidən cəzalandırılacaqdır. Onlardan qanunsuz tələbdə olan şəxslər cəzasını alacaqdır” söyləyən Prezident İlham Əliyevin bu iradında da insan amilinə, ölkə vətəndaşına diqqət və qayğı dayanır.

İdxal sahəsində yol verilən nöqsanlara qarşı mübarizədə də dövlət-vətəndaş münasibətlərinin ədalət prinsipinə əsaslanması daim diqqətdə saxlanılır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyd olunduğu kimi, başlıca tələb belədir ki, bu məhsullar ilk növbədə ölkə daxilində satılsın və xüsusilə dövlət şirkətləri bu məhsullardan istifadə etsinlər. Keyfiyyətcə heç də xarici məhsullardan geridə qalmayan yerli istehsaldan səmərəli istifadə, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əlavə maliyyə mənbəyinin yaradılması da bu amildən asılıdır. Özünüməşğulluğun təminatı istiqamətində atılan addımlar da insan amilinə verilən dəyərdən qaynaqlanır. Dövlətimizin başçısı bildirir: “Biz qeyri-formal məşğulluqla bağlı çox ciddi addımlar atırıq və atacağıq. Əgər biz bu vəziyyətdən çıx bilsək, bu, ölkə iqtisadiyyatına da böyük dəstək olacaq. Onu da qeyd etməliyəm ki, qeyri-formal məşğulluq, demək olar, bütün ölkələrdə var və mövcuddur. Baxır ki, ölkələr, hökumətlər bu vəziyyətlə necə mübarizə aparırlar. Azərbaycan qeyri-formal məşğulluğa qarşı çox ciddi tədbirlər görən bir ölkə olmalıdır. Əlbəttə ki, bunun həm inzibati, həm də institusional elementləri var və biz hər ikisindən istifadə etməliyik.” Ailə təsərrüfatlarına asan dəstəyin formalaşması, “ABAD” mərkəzlərin yaradılması kiçik və orta sahibkarlığın inkişafına dəstəkdir. Ölkə Prezidentinin 8 avqust 2018-ci il tarixli Fərmanına əsasən, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılması məqsədi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsin (DOST Agentliyi) yaradılması da şəffaflığın davamlı inkişafın təmin edilməsində əsas amillərdən biri olduğunu, əhalinin məşğulluğunun prioritetliyini təsdiqləyir.

Dövlətimizin başçısı Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu inamı ifadə etmişdir ki, sosial sahənin şəffaflaşdırılması və beynəlxalq təcrübə əsasında fəaliyyət göstərməsi iqtisadi inkişafımıza böyük təkan verəcək. Bütün sahələrdə islahatlar dərinləşməli, şəffaflıq təmin edilməli, maliyyə nəzarəti daha da gücləndirilməlidir. Belə olan halda neftdən asılılıq tamamilə aradan götürüləcək. Bu reallıq da daim diqqətə çatdırılır ki, bütün sahələrdə konkret proqramlar mövcuddur və fəaliyyət məhz o sənədlər üzərində qurulur. Regionların malik olduğu potensialdan səmərəli istifadə etmək məqsədilə qəbul olunan Dövlət Proqramlarının uğurlu icrası qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa əsas yaradır. Qeyri-neft sənayesinin sürətli artımı, Azərbaycanda sənayeləşmə prosesinin davam etməsi, iqtisadi zonaların yaradılması bölgələrin inkişafını daha da sürətləndirir. Dünya iqtisadiyyatının ayrılmaz tərkib hissəsi olan Azərbaycan iqtisadiyyatının inkişaf modeli barədə söylənilən fikirlərdən də aydın olur ki, ölkəmiz iqtisadi və maliyyə böhranı dövründə də siyasi, iqtisadi sabitliyin qorunmasına nail olmuşdur. İnkişaf etmiş dövlətlər sırasında addımlamaq istəyinə nail olmaq üçün bazar iqtisadiyyatı şəraitində sağlam rəqabəti təmin edən Azərbaycanda düşünülmüş dövlət tənzimlənməsi mövcuddur. Enerjidən səmərəli istifadə və yüksək əlavə dəyər yaradan ixracyönümlü iqtisadiyyata transformasiya və sosial-iqtisadi sahələrin inkişafına kompleks yanaşma ölkəmizdə əsas prinsiplər kimi diqqət mərkəzində saxlanılır.

Ölkə Prezidenti İlham Əliyevin bildirdiyi kimi, biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialımızın artırılması, xarici sərmayənin Azərbaycana cəlbi, yerli istehsalın artırılması ilə bu sahədə daha uğurlu nəticələr əldə olunacaq. Bunun üçün idarəetmə mexanizmləri təkmilləşdirilir, şəffaflıq təmin olunur. Cənab İlham Əliyevin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamında da qeyd edildiyi kimi, görülən tədbirlərin davamı olaraq, növbəti dövrlərdə də iqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi və sahibkarlığın inkişafına əsaslanan rəqabətqabiliyyətli milli iqtisadiyyata çevrilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirmək əsas strateji hədəflərdən biri kimi müəyyən edilib. Qeyd edək ki, son 15 ildə ölkə iqtisadiyyatına 250 milyard dollardan artıq sərmayə qoyulub.

Əldə olunan göstəricilər bir daha təsdiqləyir ki, Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyası daha böyük uğurlara stimul verir. Bu əminlik ifadə olunur ki, ölkə iqtisadiyyatına, qeyri-neft sektoruna qoyulacaq investisiyalar özlüyündə daha da böyük canlanmaya, yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq və yeni ixrac məhsullarımız olacaq.

Yeganə Əliyeva, “İki sahil”