12 sentyabr 2018 23:52
2919

Multikulturalizm, tolerantlıq və etnik rəngarənglik bizim böyük sərvətimizdir

Dövlətimizin başçısı İlham Əliyev qarşıdakı illər üçün hədəfləri açıqlayarkən bir daha bildirir ki, milli mənəvi, dini dəyərlər, ənənələr bundan sonra da inkişafımızın əsas istiqaməti olacaq

“İndiki şəraitdə, dünyada gedən çox ağır proseslər şəraitində, əlbəttə ki, Azərbaycan nümunəsi özünü daha da gözəl şəkildə büruzə verir. Deməli, mümkündür ki, bütün konfessiyaların nümayəndələri bir ailə kimi yaşasınlar. Mümkündür ki, multikulturalizm meyilləri güclənsin. Mümkündür ki, bir ölkədə dini, milli zəmində heç vaxt qarşıdurma olmasın. Nəinki qarşıdurma, heç anlaşılmazlıq da heç vaxt olmayıb və əminəm ki, olmayacaq. Yəni, bu gün Azərbaycan çox fərqli bir inkişaf modelini nümayiş etdirir. Ona görə yox ki, biz kiməsə nəyisə sübut etmək istəyirik. Sadəcə olaraq, bizim həyat tərzimiz belədir. Bizim siyasətimiz bundan ibarətdir.” Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın multikultural cəmiyyətlərin formalaşmasına töhfələrinin davamlı olduğunu, tolerant ölkə kimi nüfuz qazandığını əsaslı şəkildə diqqətə çatdırır. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili”, 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsini, həmçinin ölkəmizin 2015-ci ildə ilk Avropa Oyunlarına, ötən il IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsini önə çəkən ölkə Prezidenti bildirir ki, atılan hər bir addım Azərbaycanın müxtəlif dinlərin, mədəniyyətlərin qovşağında yerləşən ölkə kimi mövqeyinin möhkəmləndirilməsinə xidmət edir.  Məhz yerləşdiyi coğrafi məkən, malik olduğu təbii resurslar daim ölkəmizin beynəlxalq aləmin diqqət və marağında olmasını şərtləndirib.

Bu marağın illər keçdikdə daha da artdığı göz önündədir. Ölkəmizin günbəgün mövqeyinin, ən əsası iqtisadi müstəqilliyinin möhkəmlənməsi fonunda siyasi müstəqilliyinin də artması Azərbaycanla əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olan dövlətlərin sayının artmasına öz müsbət təsirini göstərir. Dövlətimizin başçısı İlham Əliyevin xarici ölkələrə son səfərlərinə, eyni zamanda, Azərbaycana bu və ya digər ölkələrin dövlət başçılarının səfərlərinə diqqət yetirsək, keçirilən görüşlədə, tərəfdaşlığın inkişafına dair imzalanan sənədlərdə Azərbaycanın multikultural dəyərlərin inkişafı istiqamətində göstərdiyi səylər təqdir edilir. Cənab İlham Əliyevin Belçika səfəri zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan “Tərəfdaşlığın prioritetləri” sənədində ölkəmizin qeyd olunan istiqamətdə töhfələrinə dair müddəa öz əksini tapıb. Bu fikir beynəlxalq səviyyəli bütün tədbirlərdə önə çəkilir ki, Azərbaycan müxtəlif millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkədir. Ulu öndər Heydər Əliyev bildirirdi: “Azərbaycan çoxmillətli dövlətdir. Onun bütün vətəndaşları milli mənsubiyyətindən, dini etiqadından və siyasi əqidəsindən asılı olmayaraq bərabər hüquqlara malikdirlər.”

Onu da qeyd edək ki, regionda tarixən dözümlülük mühitinin formalaşmasında İslamın Azərbaycanda yayılmasının böyük rolu olmuşdur. Çünki mərhəmət, sevgi və əxlaq dini olan İslamda tolerantlıq, dözümlülük yüksək mənəvi dəyər və mədəniyyət kimi qiymətləndirilir. Bu baxımdan əsrlər boyu müsəlmanlarla yanaşı yaşayan digər dinlərin mənsubları da regionda dinc və ayrı-seçkiliyə məruz qalmadan yaşamışlar. Dövlətimizin başçısı İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsi olaraq bu gün dövlət - din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Ölkədə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir.

Müxtəlif mədəniyyətlərin və dinlərin qovşağında yerləşən Azəbaycanın ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər də malik olduğumuz imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Son illərdə dünya xalqları arasında dialoqun təşviqi və inkişafında Azərbaycan mühüm rol oynamaqdadır. Bu gün Azərbaycan, həm Avropa Şurasına, həm də İSESCO-ya üzv olan yeganə müsəlman ölkəsidir. Azərbaycanın həm İslam dövlətləri, həm də Qərb ölkələri ilə möhkəm dostluq və əməkdaşlıq münasibətləri vardır. Son illərdə mədəniyyətlər və sivilizasiyalararası dialoq istiqamətində keçirilmiş beynəlxalq tədbirlərin coğrafiyasına nəzər salsaq görərik ki, bu sahədə təşəbbüslərin çox böyük əksəriyyəti Azərbaycana məxsusdur. 2011-ci ildən başlayaraq hər iki ildən bir təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun məqsədi məhz ölkəmizin İslam dünyası ilə Qərb sivilizasiyası və eləcə də digər mədəniyyətləri təmsil edən xalqlar arasında dialoqun və etimadın möhkəmləndirilməsində mühüm rolu nəzərə alınmaqla, müxtəlif mədəniyyətlər arasında əməkdaşlıq üçün qlobal platformanı təsis etmək və Azərbaycan xalqının tolerant mədəniyyətini, tarixi ənənələrini beynəlxalq aləmə tanıtmaqdır.

Bir məqamı da xüsusi qeyd etmək istərdik ki, müasir dünyada baş verən müharibələrin motivlərinə nəzər salsaq, etnik-dini anlaşmazlıqların bir çox hallarda katalizator rolunu oynadığını görərik. Etnik təmizləmə siyasəti nəticəsində bu gün dünyanın onlarla ölkəsində milyonlarla insan qaçqın və məcburi köçkün şəraitində yaşayır. Belə bir şəraitdə dünyanın gələcəyinin mədəniyyətlərarası münasibətlərdən asılı olması tam ciddiliyi ilə meydana çıxır. Azərbaycan bu sahədə dünya dövlətlərinə uğurlu model hesab olunur. Bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Azərbaycana gələn mütəxəssislər dini tolerantlığı universal model kimi təqdim etməkdədirlər.

Dövlətimizin başçısı İlham Əliyev cari ildə  müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşündə də bu kimi məqamlara diqqət yönəldərək bildirmişdir ki, Azərbaycan islam mədəniyyətinin dünyada təqdim edilməsində mühüm rol oynayır: “Bir çox Avropa ölkələrində keçirdiyimiz sərgilər, təqdimatlar, digər mədəni tədbirlər islam mədəniyyətini təbliğ edir, islam dəyərlərini təcəssüm etdirir. Biz bu siyasəti bundan sonra da davam etdirəcəyik.” Ölkə Prezidenti ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlərin reallıqlarımızın təbliğində böyük əhəmiyyəti olduğunu önə çəkərək bildirir ki, bu gün Azərbaycan iqtisadi, siyasi, humanitar mərkəzə çevrilib. Həyata keçirilən islahatlar, aparılan siyasət ölkəmizə diqqəti daha da artırır. “Özümüzü tanıtmaq üçün biz, əlbəttə ki, təşəbbüslər irəli sürürük” söyləyən dövlətimizin başçısı İlham Əliyev bu reallığı da qeyd edir ki, bu təşəbbüslərin gerçəkləşməsində Azərbaycan dövləti öz iradəsini və qətiyyətini nümayiş etdirir. Birgə səylərin fonunda bu günümüzün hər biri çağırışını lazımi səviyyədə yerinə yetirmək mümkündür. Cənab İlham Əliyev bildirir: “Əlbəttə ki, bizim bütün uğurlarımızın təməlində vətəndaş birliyidir. Vətəndaş birliyi millətlərarası, dinlərarası birlik olmadan mümkün deyil, xüsusilə, çoxmillətli və çoxkonfessiyalı ölkələrdə. Biz fəxr edirik ki, çoxmillətli ölkəyik. Biz fəxr edirik ki, Azərbaycanda bütün dinlərin, millətlərin nümayəndələri rahat yaşayırlar. Onlar fəxr edirlər ki, Azərbaycan vətəndaşlarıdır. Onlar həm ölkə daxilində, həm xaricdə ölkəmizin inkişafına çox böyük töhfələr verirlər. Bizim pravoslav rus icmamız pravoslav rus aləmində Azərbaycanla bağlı həqiqətləri çatdırır, təbliğ edir, izah edir. Bizim yəhudi icmamız bütün dünyada, Avropada, Amerikada, bütün digər ölkələrdə Azərbaycanla bağlı həqiqətləri çatdırır. Bizi xaricdə ən çox dəstəkləyən yəhudi təşkilatlarıdır. Nəyə görə? Çünki birincisi, onların böyük əksəriyyəti Azərbaycandan köçüb gediblər. İkincisi, heç vaxt Azərbaycanla əlaqələri itirməyiblər. Üçüncüsü, onlar bilirlər ki, burada yəhudilər və bütün başqa xalqlar rahat yaşayırlar. Azərbaycanda heç vaxt ksenofobiya, antisemitizm olmayıb və olmayacaq da. Bizim siyasətimiz bundan ibarətdir. Bu, bizim birliyimizi daha da gücləndirir.”

Çoxkonfessiyalı ölkə olaraq ölkəmizin xarici siyasətində Qərb və Avropa dövlətləri ilə yanaşı, İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər əsas yer tutur. Hər bir məsələnin sülh, əmin-amanlıq, ən əsası beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllində maraqlı olan Azərbaycan bu mövqeyi ilə regionda sabitləşdirici faktor olduğunu bir daha təsdiqləyir. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığı yüksək səviyyədədir. Qurumun sülhməramlı fəaliyyətinə dəstək verən Azərbaycan müasir dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsinə ciddi əhəmiyyət verir. İslam Əməkdaşlıq Təşkilatının Sammitlərində, Zirvə görüşlərində Azərbaycanın  islamofobiyaya qarşı mübarizədə fəal iştirakı xüsusi önə çəkilir. “Biz müsəlmanlara qarşı törədilən cinayətləri qətiyyətlə pisləyirik” söyləyən Prezident İlham Əliyev ötən il ölkəmizdə keçirilən İslam Həmrəyliyi Oyunlarında 50-dən artıq müsəlman ölkəsinin iştirakını islamofobiyaya qarşı ən real mübarizə kimi dəyərləndirmişdir.

Ölkə Prezidenti daim çıxışlarında dünyanın ikili siyasətindən və onun yaratdığı problemlərdən bəhs edir, diqqəti Xocalı soyqırımına, Dağlıq Qarabağ müharibəsi zamanı həlak olan dinc əhalinin sayına, Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi terror hadisələrinə yönəltməklə erməni faşizminin bu gün də davam etməsinə göz yuman Qərb, Avropa dövlətlərinin, beynəlxalq təşkilatların  müsəlman ölkələrinə qarşı ikili standartlardan yanaşmasının beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu  bildirir. “Ermənistanda islamofobiya pik həddinə çatıb. Ermənistan çox çalışır ki, müxtəlif müsəlman ölkələri ilə əlaqələrini genişləndirsin. Onların riyakar və yalan sözlərinə inanmaq lazım deyil. Azərbaycanda müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz” söyləyən cənab İlham Əliyev erməni faşistlərinin Azərbaycanın dinc vətəndaşlarına qarşı törətdikləri terrorları vəhşilik adlandırır. O da vurğulanır ki, BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, Qoşulmama Hərəkatı və digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən qəbul olunmuş qərar və qətnamələrə məhəl qoymayan Ermənistan dünya dövlətlərinin ona göstərilən  maddi və mənəvi dəstəyindən ərköyünləşir, daha böyük iddialarla yaşayır. Rəsmi Bakı bəyanatlarında bu məqamı da diqqətə çatdırır ki, Ermənistanı açıq-aydın təcavüzkar kimi tanıyan BMT və İƏT-in qətnamələri işğalçı dövlətlə münasibətdə olan bütün müsəlman ölkələri üçün əsas mesaj olmalıdır. Çünki Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycanın dini-mədəni sərvətlərinə qarşı deyil, həm də ümumilikdə İslamın tarixi-mədəni irsinə qarşı olan hücumdur. Ermənistanın işğal etdiyi ərazilərdə İslam mədəniyyətinə aid yüzlərlə abidə, məscid, ibadətgah, qəbiristanlıq və s. dağıdılmış, bütün bunlar ATƏT-in faktaraşdırıcı missiyaları tərəfindən təsdiq olunmuşdur. Pakistan və Səudiyyə Ərəbistanının Ermənistanı Azərbaycan torpaqlarını işğal etdiyinə görə rəsmən tanımaqdan imtina etməsi, Türkiyənin bu ölkə ilə sərhədlərinin açılmasından imtina etməsi, beş müsəlman dövlətinin Xocalı soyqırımını rəsmən tanıması İslam həmrəyliyinin  nümunəsidir.

Azərbaycan İslam dünyasında mövcud münaqişələrin həllinə öz töhfəsini verir, müsəlman dövlətlərində baş verən və maraqlı qüvvələrin təhriki ilə hələ də davam etdirilən problemlərin ədalətli həlli ilə bağlı müzakirələrdə birmənalı olaraq beynəlxalq hüquqa əsaslanır, prinsipial mövqeyini əməli ilə təsdiqləyir. “Bədxahlara, anti-Azərbaycan, islamofob qüvvələrə ən yaxşı cavabımız bizim reallıqlarımızdır. Gəlsinlər, öz gözləri ilə görsünlər. Deyə bilərəm ki, Azərbaycana gələn xarici qonaqların mütləq əksəriyyəti ölkəmizdən ən xoş arzularla ayrılır. Çünki onlar qərəzsizdir, Azərbaycana xoş niyyətlə gəlirlər. Mən demişəm və bir daha demək istəyirəm ki, biz xoş niyyətlə ölkəmizə gələn bütün xarici qonaqlara qucaq açırıq. Azərbaycan multikulturalizm diyarıdır. Azərbaycanda dini, milli zəmində heç bir ayrı-seçkilik yoxdur, heç vaxt olmayıb və olmayacaqdır. Biz bir çox ölkələr üçün nümunəyik, xüsusilə, indiki dövrdə. Bu gün hamımızın gözü qarşısında müsəlman qaçqınlara işgəncələr verilir. Bu, bizi hiddətləndirir. Onu da qeyd etməliyəm, Azərbaycan o ölkələrdəndir ki, öz səsini ucaldır. Biz ədalətsizliyə dözə bilmirik. Biz ədalətin, insanlığın tərəfdarıyıq. Bütün vacib beynəlxalq məsələlərlə bağlı bizim öz mövqeyimiz var. Hesab edirəm ki, əgər bizim təcrübəmiz geniş şəkildə öyrənilərsə, o zaman dünyada münaqişələrin və dini, milli zəmində qarşıdurmaların sayı da azalacaqdır” söyləyən Prezident İlham Əliyev bildirir ki, bundan sonra da ölkəmizdə bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayacaq. Bu, bizim böyük sərvətimizdir.

Yeganə Əliyeva, “İki sahil”