19 sentyabr 2018 23:31
3578

Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi iqtisadi inkişafı sürətləndirir

Dövlətimizin başçısı İlham Əliyevin Masallı və Biləsuvar rayonlarına səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşündə görülən və görüləcək işlərdən geniş bəhs edərək, gələn il qəbul olunacaq yeni Dövlət Proqramında bu günə qədər həll olunmayan məsələlərin öz əksini tapacağını bildirmişdir

Prezident kimi fəaliyyətə başladığı gündən dövlətimizin başçısı İlham Əliyev enerji sektorundan asılılığın minimuma endirilməsini, iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya prioritet məsələ kimi qoydu. Bu məqsədlərə nail olmaq üçün regionların malik olduğu potensial imkanlardan səmərəli istifadənin gərəkliyi önə çəkildi və ilk -2004-2008-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı təsdiqləndi.

Məhz bu baxımdan ölkə Prezidenti İlham Əliyev bildirir ki, sahibkarlığın inkişafı haqqında danışarkən mütləq Regional İnkişaf proqramlarını qeyd etməliyik: “Birinci proqram 2004-cü ilin əvvəlində - fevral ayında qəbul edilmişdir. Bu proqramın qəbul edilməsi mənim 2003-cü ildə seçkiqabağı proqramımın bir hissəsi idi. O vaxt bəyan etmişdim ki, əgər xalq etimad göstərərsə, regionların inkişafı mənim üçün əsas vəzifələrdən biri olacaqdır və belə də oldu. 2004-cü ildə birinci, 2009-cu ildə ikinci və 2014-cü ildə üçüncü Regional İnkişaf proqramları qəbul olunmuş və icra edilmişdir. Onu da qeyd etməliyəm ki, birinci və ikinci proqram artıqlaması ilə icra olunmuşdur. O proqramlarda nəzərdə tutulan bütün vəzifələr həyatda öz əksini tapmışdır. Hazırda biz üçüncü Regional İnkişaf Proqramının icrası ilə məşğuluq.” Hər il Dövlət proqramlarının icrasına həsr olunan konfrans keçirilir, görülən işlərə yekun vurularaq, növbəti ildə qarşıda duran vəzifələr və onların həlli yolları açıqlanır. Dövlətimizin başçısı İlham Əliyev proqralmarın icrası nəticəsində ilk növbədə regionlarda müasir infrastrukturun yaradıldığını qeyd edir.

Təhlillər əsasında bu reallıq öz təsdiqini tapır ki, ölkənin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əhəmiyyətli rol oynayır. Bölgələrin inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən dövlətimizin başçısı İlham Əliyev qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi diqqətə çatdırır.

Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı bildirmişdir: “ İnfrastuktur layihələri ilə bağlı dövlət investisiya proqramında nəzərdə tutulmuş bütün vəzifələr ilin sonuna qədər icra edilməlidir.” Qaz, su, elektrik enerjisinin təminatı ilə bağlı zəruri olan bütün addımlar atılır. İclasda ölkə Prezidenti bu rəqəmi də açıqlamışdır ki, ilin əvvəlində qarşıya bu vəzifəni qoymuşduq ki, qazlaşdırma bu ilin sonuna qədər 95 faizə çatacaq. Biz buna nail olacağıq. Həmçinin içməli su layihələrinin icrası, avtomobil yollarının tikintisi davam edir. “Bu il plana görə 2 min kilometr yeni avtomobil yolu salınmalıdır və minimum 600 kənd yeni yollarla təmin edilməlidir. Deyə bilərəm ki, yol infrastrukturunun səviyyəsinə görə Davos Dünya İqtisadi Forumunun hesabatlarına əsasən, Azərbaycan dünyada 36-cı yerdədir.

Dövlətimizin başçısı İlham Əliyevin Dövlət Proqramının icrası ilə yaxından tanış olmaq məqsədilə Masallı və Biləsuvar rayonlarına səfəri çərçivəsində keçirilən görüşlərdə, ən əsası Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun, həmçinin Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun açılışında qeyd olundu ki, son illərdə respubilkamızın yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı dövlət büdcəsi vəsaiti hesabına irimiqyaslı layihələr uğurla icra edilir.

Atılan bu addımlarda əsas məqsəd böləgələrin inkişafına nail olmaqla yanaşı, sahibkarlara dəstək göstərməkdir. İnfrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha yüksək səviyyədə qurmalarını şərtləndirir. Bu gün ailə təsərrüfatlarının inkişafından bəhs edirik. Asan dəstək funksiyasını yerinə yetirən “ABAD” mərkəzlərinin normal fəaliyyətində bu amillərin rolu böyükdür. Həmçinin son illərdə dövlətimizin başçısı İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını qarşıya prioritet məsələ kimi qoyub. Bütün bu hədəflər özlüyündə kompleks tədbirlərin həyata keçirilməsini bir zərurət kimi ortaya qoyur. “Kənd təsərrüfatı qarşısında duran əsas vəzifə bu sahəni yüksək texnoloji sahəyə çevirməkdir” söyləyən ölkə Prezidenti bildirir ki, ən müasir texnologiyalar tətbiq edilməlidir. Xarici mütəxəssislər cəlb edilməlidir.

Cənab İlham Əliyev onu da bildirir ki, bu il kənd təsərrüfatı ilə bağlı bir çox önəmli tədbirlər həyata keçirilmişdir: “Mənim sədrliyimlə müxtəlif sahələr üzrə müşavirələr keçirilmiş, pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq, çəltikçilik, sitrusçuluq, çayçılıq - bütün bu məsələlər çox geniş müzakirə edilmişdir. Dövlət proqramları hazırlanmış, təsdiq olunmuş və bütün hədəflər müəyyən edilmişdir. Bu proqramlar çox konkret xarakter daşıyır. Orada həm icra mexanizmləri, maliyyə vəsaiti nəzərdə tutulur.” Əsas məqsəd budur ki, ölkənin hərtərəfli inkişafı təmin olunsun, ən əsası insanların sosial rifah halı daha da yaxşılaşdırılsın. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin ildən-ilə daha da artırılması, daxili investisiyaların xarici investisiyaları üstələməsi ölkəmizdə sahibkarlığın inkişafına dəstəyin bariz nümunəsidir. Cənab İlham Əliyev bildirir : “Əlbəttə, bütün bu işləri görərkən, bir daha qeyd etmək istəyirəm ki, biz bir neçə məqsədi güdürük. Ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını və kənd təsərrüfatı məhsullarının ixracını artırmaq. Hesab edirəm ki, biz kənd təsərrüfatı məhsullarının ixracını iki dəfə artıra bilərik. Bu, real hədəfdir, biz buna nail olmağa çalışmalıyıq.” İşsizlik və məşğulluq probleminin həlli istiqamətində atılan addımların nəticəsidir ki, bu gün işsizliyin səviyyəsi 5 faizdir. Yoxsulluq da 5 faiz səviyyəsindədir. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycan öz mövqeyini uğurlu islahatları ilə möhkəmləndirir, hər bir hesabat əvvəlki ilin hesabatından yeniliyi ilə seçilir. “Biz, əlbəttə ki, öz işimizi reytinq almaq üçün qurumuruq” söyləyən ölkə Prezidenti İlham Əliyev, eyni zamanda, bildirir ki, əlbəttə, belə fikirlər ortaya qoyulanda həm bizi daha da sevindirir, həm də dünyanın bütün maliyyə qurumlarına bir siqnaldır.

Ölkə Prezidenti bu uğurlarımızda bir məqamı xüsusi qeyd edir: “Mən xatırlayıram, 1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik gətirməyəcək, problem gətirəcək. Ancaq biz bu təbii sərvətimizidən maksimum dərəcədə səmərəli istifadə edə bilmişik, ölkəmizi möhkəmləndirmişik, möhkəm dövlət qurumuşuq və müstəqil ölkə kimi yaşayırıq... Gələcəkdə daha da böyük işlər görüləcək.” 27 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycan neft amilinin ölkə iqtisadiyyatının inkişafında önəmini gerçəkliyə çevirdiyi enerji layihələri ilə təsdiqlədi. Artıq son 15 il neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı kimi xarakterizə olunur. Davamlı inkişafın əsası olan Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir.

Sözsüz ki, müsbət göstəricilərimiz verilən tapşırıqlar və onların icrası nəticəsində mümkün olmuşdur. “Əgər biz oturub gözləsəydik ki, kimsə gəlib bunu bizim əvəzimizə edəcək, hansısa investor gəlib pul qoyacaq, bunların heç biri mümkün olmazdı” söyləyən dövlətimizin başçısı bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafının bütün dövrlər üçün aktual olduğunu bildirir. Ölkəmizdə keçirilən biznes forumlar, həmçinin ölkə Prezidentinin bu və ya digər xarici ölkəyə səfəri zamanı iş adamları ilə görüşləri iqtisadi imkanlarımızın təqdimatında əhəmiyyətli rol oynayır. Əvvəldə də qeyd etdiyimizi kimi, Azərbaycanda sabitlik, eyni zamanda, normal biznes mühitinin mövcudluğunun nəticəsidir ki, son 15 ildə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulub. Əsas məqsəd daxili investisiyaların həcmini artırmaqdır.

Qısa təhlil əsasında bu vacib məqam diqqət çəkir ki, özünüməşğulluğun təminatı, ən əsası sosial müdafiənin gücləndirilməsi əsasdır. Ailə təsərrüfatlarının inkişafına dəstəyin daha da gücləndirilməsi, hər bir ailənin öz məhsulu ilə tanınması üçün şəraitin yaradılması sağlam rəqabətə yol açır. Bu isə öz növbəsində məhsulun keyfiyyətini şərtləndirir.

Ümumiləşdirmə aparsaq, ölkə iqtisadiyyatında rəqabətqabiliyyətli qeyri-neft sektorunun, aqrar sahənin inkişafına nail olmaq əsas hədəflərdəndir. Hədəfə çatmaq üçün qeyri-neft sənayesi və kənd təsərrüfatı, o cümlədən fındıqçılıq, üzümçülük və şərabçılıq, tütünçülük, pambıqçılıq, baramaçılıq, ipəkçilik sahələrində, turizm və tranzit potensialının genişləndirilməsi və digər sektorların inkişaf etdirilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması təmin edilir, dövlət dəstəyi artırılır, iqtisadi zonalar, sənaye parkları yaradılır, inzibati prosedurlar sadələşdirilir. Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyinin olmadığını qeyd edən cənab İlham Əliyev bildirir ki, güclü iqtisadiyyat yaradaraq, sosial məsələlərin həlli istiqamətində addımlar atırıq. Bütün bu addımlar isə insan amilinə verilən dəyərdən, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayanmasından irəli gəlir. Dövlətimizin başçısı İlham Əliyev Masallı Sənaye Məhəlləsinin açılışında bu məqamı xüsusi qeyd etmişdir ki, ümumiyyətlə, bölgələrdə sənaye məhəllələrinin yaradılması təşəbbüsü çox düzgün bir addım idi. Bütövlükdə ölkəmizdə sənayeləşmə ilə bağlı siyasət uğurla davam etdirilir. Təkcə bu rəqəmi qeyd etmək kifayətdir ki, bu ilin 8 ayında ölkəmizin qeyri-neft sənayesi təxminən 11 faiz artıb. İdxaldan asılılıq azalır, yerli istehsal yaradılır, vergilər ödəniləcək və insanlar işlə təmin olunacaq. Əhalinin say tərkibinin artması yeni iş yerlərinin yaradılması prosesinin daimiliyini şərtləndirir.

Sözsüz ki, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişafı, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması baxımından sənaye parklarının və məhəllələrinin müstəsna əhəmiyyəti vardır. Müasir sənaye məhəllələrinin yaradılması, eyni zamanda, ölkəmizin iqtisadi potensialını nümayiş etdirir, iqtisadi gücümüzü artırır.

Ölkə Prezidenti bir daha diqqəti infrastruktur layihələrinə yönəldərək bu əminliyi ifadə etmişdir ki, növbəti illərdə Masallı rayonunda təmirsiz bir dənə də kənd yolu qalmayacaq. Bakı-Astara magistral yolunu tarixi layihə kimi dəyərləndirən cənab İlham Əliyev bildirmişdir ki, çünki Azərbaycanın imkanını göstərir və eyni zamanda, yol ən yüksək dünya standartlarına cavab verir. Cənab İlham Əliyev Masallı rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı bütün əsas işlərin görüldüyünü önə çəkərək, görüləcək işlərin çoxluğunu da bildirmişdir: “Əsas odur ki, bütün məsələlər həll olunur, yerlərdən gələn təkliflərə müsbət baxılır. Biz gələn ilin əvvəlində regionların sosial-iqtisadi inkişafına dair yeni Dövlət Proqramını qəbul edəcəyik və yerlərdən gələn təkliflər əlbəttə ki, proqramın tərtibatında mühüm rol oynayacaq. Ona görə sakinləri narahat edən məsələlər mütləq məruzə edilsin, bizə göndərilsin ki, növbəti proqramda bu günə qədər həll olunmayan bütün məsələlər öz əksini tapsın.”

Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün böləgələr arasında sağlam rəqabət gedir. Ölkə ictimaiyyəti irəli sürülən bütün təşəbbüsləri dəstəkləyir və bu, ümumilikdə hərtərəfli inkişafı daha da sürətləndirir. Cənab İlham Əliyev ictimaiyyət nümayəndələri ilə görüşündə Azərbaycanın iqtisadi imkanlarından və güclənən ordumuzdan geniş bəhs edərək, bu əminliyi də səsləndirmişdir ki, ölkəmiz bundan sonra da uğurla inkişaf edəcək: “ Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir, sabitlik adasıdır, təhlükəsizlik adasıdır, inkişaf, quruculuq yeridir. Bunun təməlində Azərbaycan xalqının zəhməti, xalq-iqtidar birliyi dayanır.”

Yeganə Əliyeva, “İki sahil”