30 oktyabr 2018 23:40
3223

“Star” NEZ: siyasi və iqtisadi qərarların nəticəsi

Azərbaycanın Türkiyəyə investisiyaları 14,5 milyard dollar həcmində dəyərləndirilir və  bunun 13 milyardı neft-qaz sahəsini əhatə edir. Türkiyə də öz növbəsində Azərbaycana 11,8 milyard dollar yatırıb, bunun 9,1 milyard dolları neft sektoruna aiddir. Hazırda Azərbaycanda Türkiyə kapitalı ilə 3400 şirkət, Türkiyədə isə Azərbaycan kapitalı ilə 2400 şirkət fəaliyyət göstərir.

Ancaq sərmayə qoyuluşları arasında bu günlərdə açılışı olan “Star” neft emalı zavodu (NEZ) əhəmiyyətinə görə xüsusilə fərqlənir. Əgər bunun bir əhəmiyyəti “Star”ın  Türkiyədə “tək nöqtəyə” qoyulan  ən böyük özəl  investisiya olmasıdırsa, digər əhəmiyyəti  zavodun bu ölkənin iqtisadiyyatına verəcəyi töhfələrdir. Söz yox ki, SOCAR-ın “Star” neft emalı zavodu Türkiyə ilə yanaşı, Azərbaycana da fayda gətirəcək.

Bununla belə, Azərbaycanın  SOCAR-ın timsalında Türkiyəyə yatırdığı investisiyaların davam edəcəyi və bu məbləğ 20 milyard dolları ötəcəyi bildirilir. “CNN Türk” kanalına müsahibəsində layihələrin bununla bitmədiyini vurğulayan SOCAR-ın prezidenti Rövnəq Abdullayev  yeni neft-kimya layihəsinin həyata keçirilməsinin planlaşdırıldığını bildirib. SOCAR-ın prezidentinin sözlərinə görə, “Petkim”in Türkiyənin neft-kimya sektorunda bazar payı 25 faiz təşkil edir və investisiya dəyəri 3 milyard dollar nəzərdə tutulan Aromatiklər fabrikinin inşası ilə bu göstərici 45 faizə çatacaq.

Niyə məhz Türkiyə?

R.Abdullayev sözügedən müsahibəsində bildirib ki, 100 faiz dövlətə məxsus olan SOCAR-ın ən böyük investisiyalarını Türkiyəyə yatırması siyasi qərar idi və Azərbaycan dövlətinin istəyidir. O vurğulayıb ki, Azərbaycan ilə Türkiyə ayrılmazdır və SOCAR özünü Türkiyədə “yad” hiss etmir.

Böyük sərmayə qoyuluşu üçün Türkiyənin seçilməsinin iqtisadi əsasları da var.  Söhbət ondan gedir ki, “Star”,  Türkiyədə son 34 ildə tikilən ilk neft emalı zavodu olaraq ölkənin neft məhsullarına olan tələbatının 25 faizindən çoxunu ödəyəcək. Hərçənd ki, dünyanın ən böyük 10 iqtisadiyyatından biri olmağı qarşısına hədəf qoymuş qardaş ölkə bu sahəyə aid olan məhsullara ehtiyacının 55-60 faizini idxal hesabına ödəyir.

Bununla da “Star”ın  Türkiyənin iqtisadi cəhətdən kifayət qədər güclü hesab olunan qərb hissəsində, İzmir şəhərinə yaxın olan Əliağa limanı bölgəsində inşa edilməsi İzmir və İstanbul ərazilərində daxili bazarın tələbatını ödəməyə yönəldiləcək. Eyni zamanda, NEZ-in iri neft-kimya kompleksi olan “Petkim”in yaxınlığında tikilməsi şaquli istiqamətdə inteqrasiya yaratmaqla yüksək səmərəliliyə səbəb olacağı bildirilir. Nəticədə zavod tam istifadəyə verildikdən sonra “Petkim”in yüngül və ağır nafta üzrə xammal ehtiyacı təmin ediləcək, həm də Türkiyəyə idxal olunan bir sıra məhsullar üzrə yerli tələbat ödəniləcək. Gündə 214 min barrel, ildə 10 milyon ton xam neft emalı gücünə və 1,6 milyon kubmetr ehtiyatsaxlama qabiliyyətinə malik zavodda nafta ilə yanaşı, dizel, təyyarə benzini və LPG kimi neft məhsullarının istehsalı da həyata keçiriləcək.

Bundan başqa, xammal bazarlarına (Azərbaycan, Rusiya, İraq) yaxın olması da “Star” NEZ-ə üstünlük qazandırır. Elə SOCAR-la  “Rosneft” arasında imzalanan kontrakt belə üstünlüyün verdiyi imkanlardan biridir. Belə ki, kontraktın şərtlərinə görə, dekabr ayından etibarən bir il ərzində zavodun 1 milyon ton neftlə (“Urals”) təchiz olunması planlaşdırılır. Nəticədə bu, “Star”ın stabil yüklənməsi üçün təminat yaratmaqla təchizatın şaxələndirilməsinə imkan verir.

Məsələ həm də ondan ibrətdir ki, “Urals” markalı neftin regiondakı analoqlarına nisbətən ucuz olması burada istehsal edilən məhsulların maya dəyərinin aşağı olmasına, nəticədə yüksək gəlirliliyə, həmçinin bu məhsulların bazarlarda rəqabətqabiliyyətliliyinə malik olmasına  şərait yaradır.

Nəticə etibarilə “Star”ın işə düşməsi ilə ildə 6-8 milyard dollar həcmində ticarət həcmi yaratmaqla bərabər, neft məhsulları idxalında hər il 1,5 milyard dollar məbləğində qənaət edilməsi, neft məhsullarında xaricdən asılılığın azalması hədəflənir.

Ceyhun Piriyev, “İki sahil”