14 iyun 2017 17:43
1118

KİV nümayəndələri Bakı Slavyan Universitetində olub

Bakı Slavyan Universitetinin (BSU) mətbuat xidmətinin təşkilatçılığı ilə imtahan sessiyasının gedişini izləmək üçün ictimai monitorinq keçirilib.

Mətbuat xidmətindən bildirilib ki, monitorinq BSU-nun rektoru, professor Nurlana Əliyevanın 2016-2017-ci tədris ilinin yay imtahan sessiyasında şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə verdiyi əmrə əsasən təşkil olunub.  

Universitetin müxtəlif fakültələrində keçirilən monitorinqdə təhsil ekspertləri Nadir İsrafilov, Şahlar Əsgərov, Kamran Əsədov və KİV nümayəndələri iştirak ediblər. Ekspertləri və media nümayəndələrini qəbul edən Nurlana Əliyeva 2016-2017-ci tədris illərində BSU-da baş verən yeniliklər, yenidənqurma işləri, universitetdə keçirilən beynəlxalq və respublika konfransları, universitetin rəsmi qonaqları, beynəlxalq müqavilələri barədə ətraflı məlumat verib. N. Əliyeva bildirib ki, mayın 2-dən BSU-da yay imtahan sessiyasına start verilib. Universitetdə imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını, imtahanların gedişinə nəzarət, yarana biləcək münaqişə və şikayətlərin yerində operativ həll edilməsini təmin etmək məqsədi ilə universitetdə fəaliyyət göstərən valideynlər şurasının, Tələbə Gənclər Təşkilatının, tələbə və magistrantlardan formalaşan “Kölgə kabineti”nin, “Tələbə dünyası” qəzetinin nümayəndələrindən ibarət operativ qərargah yaradılıb. Qonaqlar qərargahın işi ilə tanış olub.

Monitorinq çərçivəsində 23 qrup üzrə imtahan yazı otaqlarına baxış keçirilib, imtahan prosesinin gedişi ilə əlaqədar tələbələrin  fikirləri, onları maraqlandıran suallar dinlənilib. Media və ictimaiyyət nümayəndələri Beynəlxalq münasibətlər, Pedaqoji, Filologiya, Tərcümə fakültələrinin imtahanlarında iştirak ediblər.