16 fevral 2018 21:47
1993

İmzatoplama kampaniyası ruh yüksəkliyi ilə həyata keçirilir

YAP Pirallahı rayon təşkilatı imzatoplama kampaniyasını ruh yüksəkliyi ilə  həyata keçirir

Məlum olduğu kimi, aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyası (YAP) ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin prezidentliyə namizədliyini rəsmi olaraq irəli sürüb. Namizədliyi Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınan cənab İlham Əliyevin imzatoplama kampaniyasına dünəndən  start verilib. Seçki qanunvericiliyinə uyğun olaraq  50 mindən artıq  imza toplanmalıdır.

Ölkəmizin hər yerində olduğu kimi, Pirallahı rayonunda da 2018-ci il aprel ayının 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq yüksək səviyyədə aparılıb. Bu cür hazırlıq seçkilərin şəffaf və ədalətli keçəcəyini deməyə əsas verir. Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatında partiyadan namizədliyi irəli sürülmüş ölkə Prezidenti cənab İlham Əliyevin seçkiqabağı kampaniyasına dəstək məqsədilə YAP Mərkəzi Seçki Qərargahının Pirallahı rayon şöbəsi yaradılıb.

YAP Mərkəzi Seçki Qərargahının Pirallahı rayon şöbəsi  və partiyanın rayon təşkilatının sədri Hikmət Şikarov «İki sahil» qəzetinə açıqlamasında bildirib ki, YAP Pirallahı rayon təşkilatının fəalları ilə görüşlər təşkil edilib, imza toplayacaq şəxslərlə treninqlər keçirilib.

H.Şikarov bildirdi ki, fevralın 16-da prezident seçkiləri zamanı prezidentliyə namizədin müdafiəsi üçün seçici imzalarının toplanmasına start verilib: «Seçici imzalarının toplanması haqqında Təlimatın 2.3 bəndinə əsasən YAP Pirallahı rayon təşkilatının seçici imzaları toplayacaq fəalları tədris müəssisələri və yaşayış yerlərində olublar. Fəal partiya üzvlərimiz üzərinə düşən vəzifəni lazımi səviyyədə yerinə yetirməyə, hər mərhələnin uğurla həyata keçirilməsinə öz töhfəsini verməyə çalışırlar. Bütün üzvləri ilə YAP Pirallahı rayon təşkilatı imzatoplama kampaniyasını ruh yüksəkliyi ilə həyata keçirir. Ümumilikdə rayon üzrə 350 imza toplamaq üçün 7 nəfər YAP üzvü imzatoplama kampaniyaya cəlb olunub.»

Orxan Vahidoğlu, «İki sahil»