24 avqust 2017 23:35
1517

Güclü ordu güclü dövlət deməkdir

Xalqın təkidli tələbilə hakimiyyətə qayıtmaqla ordu quruculuğu sahəsindəki islahatları ilə müdafiə qüdrətimizi gücləndirən ümummilli lider Heydər Əliyev vurğulayırdı ki, müstəqilliyin əbədiliyi, sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır. 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra ilk növbədə ölkənin iqtisadi qüdrətinin möhkəmlənməsinə çalışan Ulu Öndərin ordu quruculuğu istiqamətində həyata keçirdiyi islahatların məntiqi nəticəsi Azərbaycan Silahlı Qüvvələrinin dünyada fərqlənən 10 ordu sırasında yer almasıdır. Lələtəpədə dalğalanan bayrağımızdır, Ermənistanın viran qoyduğu Cocuq-Mərcanlı kəndində qısa müddətdə yaşayış üçün hər cür şəraitin yaradılması, şəhər simasının verilməsidir, aprel döyüşlərində düşmənə öldürücü zərbə vuran Azərbaycan əsgərinin şücaətidir, hərbi potensialımızın NATO standartlarına uyğun təkmilləşdirilməsidir. Müdafiə Sənayesi Nazirliyinin (MSN) hərbi təyinatlı məhsullarının beynəlxalq sərgilərdə nümayiş etdirilməsi, maraq doğurmasıdır. 15-dən artıq beynəlxalq sərgidə iştirak edən paytaxtımızda təşkil olunan 2014-2016-cı illərdə MSN-in “ADEX” beynəlxalq müdafiə sərgilərinə ev sahibliyi etməsidir...

MSN-in yaradılması sayəsində bu gün ordumuzu təchiz edən silah-sursatlar Azərbaycanda istehsal olunur. Təhlükəsizlik sisteminin konseptual əsasını təşkil edən müdafiə siyasətinin məqsəd və prinsiplərinin dövlət siyasətinə uyğun müəyyənləşdirilməsi baxımından aparılan islahatların nəticəsidir ki, atəşkəsin pozulmasını intensivləşdirən Ermənistan qüdrətli Azərbaycan Ordusunun şücaəti qarşısında gücsüzlüyünü etiraf etməyə məcburdur. Bakıda keçirilən NATO PA 86-cı sessiyasında qeyd olunduğu kimi, müasir standartlara uyğun təkmilləşən Azərbaycan Ordusunun təlimlərdə peşəkarlıq göstərməsi, Alyansla əməkdaşlığın güclənməsi ölkəmizdə ordu quruculuğuna göstərilən diqqət və qayğının ifadəsidir. Sülh və təhlükəsizliyin təmin edilməsində Alyansın ən fəal tərəfdaşı kimi ölkəmizin sülhyaratma missiyasına sadiqliyini davam etdirdiyini diqqətə çatdıran hərbi ekspertlər bölgədə qüdrəti, nizam-intizamı, hərbi hazırlığı ilə tanınan, münaqişə ocaqlarında sülhyaratma prosesində iştirak edən Azərbaycan əsgəri haqqında müsbət rəy bildirirlər.

Ordumuzun güclənməsini danışıqlar prosesində mövqeyimizin möhkəmlənməsi kimi dəyərləndirən Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, bu amillər nəticəsində istəyimizə nail olacağıq, ədaləti, Azərbaycanın suverenliyini bərpa edəcəyik.

Qoşunların təmas xəttində keçirdiyi müşavirələrdə, əsgərlərlə görüşlərində  Azərbaycan Ordusunun döyüş qabiliyyətindən razı qaldığını bildirən dövlət başçısı, Ali Baş Komandan vurğuladı ki, faşist, xunta rejimi ilə idarə olunan, korrupsionerlər ölkəsi Ermənistanın təxribat qruplarının mövqelərimizə müntəzəm müdaxiləsinin qarşısı qətiyyətlə alınır. Ermənistanın təmas xəttində törətdiyi təxribatların qarşısını alan əsgər və zabitlərin peşəkarlığının, hərbi hazırlığının gücləndirilməsi üçün həyata keçirilən tədbirlərin davam etdiriləcəyini bildirən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan ərazilərimizi azad etmək üçün imkanlarını artırması müstəqil Azərbaycanın daxili işidir və bu sahədə kənardan müdaxilə yolverilməzdir. Qələbə uğrunda döyüşlərə hazır olan Azərbaycan əsgərinin ruh yüksəkliyi, vətənpərvərlik hissləri çox yüksədir.

Ordunun döyüş hazırlığının NATO standartları səviyyəsinə qaldırılması üçün islahatların davamlı olacağını vurğulayan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin başlıca prioritet kimi daim diqqətdə saxlanıldığını diqqətə çatdıran Prezident İlham Əliyev qürurla bildirir ki, ordu quruculuğu prosesi uğurla gedir, islahatlar dərinləşir, əsgər və zabitlərimizin döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Cəbhə bölgələrində keçirilmiş hərbi təlimlər gücümüzü nümayiş etdirməklə hərbi kontingentin döyüş hazırlığının istənilən səviyyədə olduğunu göstərir.

Əslində Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının (TŞ) Nizamnaməsinə uyğun olaraq yaranan imkanlardan istifadə etməklə torpaqlarını işğaldan azad etmək hüququna da malikdir. Ölkəmizin ərazi bütövlüyünü tanıyan BMT-nin qəbul etdiyi 4 qətnamədə bildirilir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməlidir. Qurumun Nizamnaməsinin 42-ci maddəsinə əsasən qəbul olunmuş qətnamələr istənilən nəticəni vermədikdə TŞ-nın qərarı ilə güc tətbiqi barədə qərar qəbul oluna bilər.

Bu gün güclü Azərbaycan siyasi, iqtisadi bataqlığa məhkum olmuş Ermənistan ilə istənilən dildə danışmaq qüdrətinə malikdir. Azərbaycan bölgədə sabitliyi qorumaq üçün hələ ki, danışıqlar yoluna üstünlük verir. Çünki Azərbaycan regionda sabitləşdirici, çox böyük nüfuza malik dövlətdir. Ölkəmizin razılığı olmadan bölgədə heç bir təşəbbüs, heç bir layihə icra edilə bilməz. Ona görə sabitliyi qorumaq, məsələni sülh yolu ilə həll etmək üçün hələ ki, danışıqlara üstünlük verilir.

Bu da bəllidir ki, iqtisadiyyatı bərbad olan Ermənistanla müqayisədə Azərbaycan gündən-günə güclənir, dünyada mövqeyi müqayisə edilməz dərəcədə artır. Düşməni istənilən istiqamət üzrə 10 dəfədən çox üstələyən, düşünülmüş perspektivləri, inkişaf yolu, strategiyası olan Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. Bu inkişafdan təlaşa düşən, gərginlik içərisində qalan Ermənistanın mövcud status-kvonu qoruyub saxlamaq siyasətinin əsasında gücsüzlüyü, başqalarının əlində vasitəyə çevrilməsi amili dayanır.

Ermənistanın bütün iqtisadiyyatı əsasən Rusiyanın, kiçik bir hissəsi isə erməni lobbisinin və hakimiyyətdə təmsil olunmuş ayrı-ayrı mafioz şəxslərin nəzarətindədir. Heç bir daxili resursu, xarici investisiya qoyulmayan, bütün regional layihələrdən kənarda qalan Ermənistan ciddi maliyyə sıxıntılarının, sosial və demoqrafik gərginliyin məngənəsindədir. Belə bir qüvvələr nisbətində Azərbaycan dəfələrlə bəyan edib ki, məsələnin sülh yolu ilə həll olunmasına tərəfdardır. Ermənistan və bu məsələ ilə məşğul olan vasitəçilər də bilməlidirlər ki, Azərbaycanın səbri də tükənməz deyildir. Körpə Zəhranı, 13 yaşlı Ramini, digər mülki vətəndaşları qətlə yetirib, dinc əhalini yaralamaqla təskinlik tapan, aranı qarışdıran ermənilər Azərbaycan əsgərinin gücünü görsə də başqalarının diktəsi ilə hərəkət etdiyi üçün sonda məğlub da işğalçının özü olacaq.

Ordumuzun təmas xəttində əldə etdiyi üstünlük artıq reallıqdır. Azərbaycan cəmiyyətində, Azərbaycan Ordusunda ruh yüksəkliyi müşahidə olunur. Azərbaycan müstəqil siyasət aparır, güclənir, regionda liderdir. İqtisadi gücü hərbi gücə çevirən Azərbaycanın prinsipial mövqeyinin əsas mənbəyi xalqdır, onun iradəsi, güclü ordusudur. Azərbaycan xalqı öz ordusuna, öz dövlətinə inanır və güvənir. Türkiyə ilə Azərbaycanın ortaq ordu yaratması barədə səslənən fikirlər işğalçını qorxuya salsa da əsgərlərimizin qələbə əzmini daha da artırır. Məsələyə münasibət bildirən ekspertlərin rəyi belədir ki, Azərbaycan ilə Türkiyənin birgə ordu birliyi yaratması hər iki dövlətin mənafeyinə, siyasətinə uyğundur və strateji maraqlarına cavab verir. Rusiya-Ermənistan birgə ordusundan fərqli olaraq, Azərbaycan və Türkiyə bu məsələdə bərabərhüquqlu tərəflər kimi çıxış edəcək. Rusiya hərbi-texniki baxımdan Ermənistanda dominantlıq təşkil edir. Ermənistanın isə bu məsələdə bərabərlik hüququ sadəcə kağız üzərindədir.

Azərbaycan və Türkiyə tərəfindən birgə ordu birliklərinin yaradılması ölkəmiz üçün çox faydalı olar. Bu, ordumuza türk ordusu ilə birlikdə fəaliyyət göstərməyə imkan verməklə yanaşı, NATO standartlarına daha çox uyğunlaşmağa da imkan yaradar. Bu baxımdan belə bir ordu birliyinin yaradılması bir neçə baxımdan faydalı və məqsədəuyğundur.

Xuraman İsmayılqızı, “İki sahil”