KÖŞƏ

Vəli İlyasov

İki yolun ayrıcında çaşbaş qalan Ermənistan

31 oktyabr 2018 23:59
3264

“Etiraf etməliyik ki, Ermənistandakı antirusiya tendensiyası getdikcə güclənməkdədir.” Bu sözləri tanınmış rusiyalı ekspert Qriqori Tromifçuk jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu ilin aprel ayından başlayaraq, çoxsaylı erməni fəalı öz adlarını gizlətmədən, açıq mətnlə öz vətəndaşlarını rus təşkilatları ilə əməkdaşlıqda,  qrant, ianə və s. vasitəsilə pul almaqda ittiham edirlər. Onlar demokratiyanın verdiyi imkanlardan istifadə edərək qorxub-çəkinmədən bu işləri hətta ölkənin paytaxtı Moskva şəhərində də davam etdirirlər.

“Aydındır ki, erməni fəallar bunun üçün hamının başa düşə biləcəyi sadə əsaslara istinad edirlər: Serj Sarkisyan dövrünün məmurları birbaşa Moskva  və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əlaqələndirilir və bu təşkilatın Ermənistanı qoruyacağına şübhə ilə yanaşırlar”, - ekspert bildirib. Trofimçukun sözlərinə görə, müşahidəçilər postsovet məkanındakı bütün çevrilişlərin yerli millətçilik və rus mədəniyyəti, dili ilə mübarizəyə çevrildiyi fikrində həmrəydirlər: “Ermənistan hazırda bu istiqamətdə hərəkətə yenicə başlayıb. Rus Dram Teatrı ilə bağlı məlum vəziyyət bu barədə çox şeyi deyir. Mən deyərdim ki, teatrın taleyi burada sözün əsl mənasında faciəyə çevrilir. Rus Dram Teatrının bağlanmasının vacibliyi ilə bağlı aşkar tələblər eşidilən bugünkü Ermənistanda bu çağırışları edənlər arasında həmin teatrın bədii rəhbəri vəzifəsinə namizəd də var ki, bu da xarakterik haldır”.

Ekspertin fikrincə, İrəvanda Rus Dram Teatrı hazırda mədəniyyətin deyil, siyasətin stimuluna çevrilib: “Bununla yanaşı, teatrın hələ də öz həllini tapmayan iqtisadi və maliyyə məsələləri siyasətdən daha tez öz işini görə bilər”.

Rusiyalı eksperti narahat edən təkcə İrəvandakı Rus Dram Teatrının bağlanması deyil, Ermənistanda antirusiya əhval-ruhiyyəsinin gündən-günə güclənməsidir. Rusiya əleyhinə genişlənən hərəkat rusları dərindən narahat edir. Çünki Ermənistanı itirməklə Rusiya Cənubi Qafqazda sonuncu dayağını da itirə bilər. Prezident Armen Sarkisyanın Moskvaya səfərindən sonra Rusiyameyilli siyasət aparmağa cəhd etməsi sübut edir ki, artıq Ermənistanda bu məsələ ətrafında kəskin fikir ayrılıqları var və bu tendensiya getdikcə güclənməkdədir. Təbii ki, Armen Sarkisyan ciddi müqavimətlə qarşılaşır və hələlik diqqəti cəlb edəcək heç bir iş görə bilmir.

Qeyd etmək lazımdır ki, Ermənistanda Nikol Paşinyanın hakimiyyətə  gəlməsi ilə antirusiya dalğası açıq xarakter alıb. Rusiya ilə Qərbin maraqlarının bu ölkədə çarpazlaşması isə məlum hadisələrə rəvac verib. Hazırda ölkəni iflic vəziyyətə salmış hakimiyyət böhranı acı bağırsaq kimi uzanır. İndi Ermənistan iki yolun ayrıcında çaşbaş vəziyyətdə qalıb yolunu azan yolçuya  bənzəyir.