KÖŞƏ

Vəli İlyasov

Dağıdıcılar doğrudanmı gərəksiz olduqlarını hələ də anlamırlar?

09 yanvar 2018 23:05
1778

2017-ci il həmişəki kimi dağıdıcı müxalifət üçün uğursuz keçdi. Özünü “ana müxalifət” adlandıran Müsavatla AXCP-də daxili ziddiyyətlər bu qurumlardan yeni qopmalara səbəb oldu, partiyalararası münasibətlər daha da kəskinləşdi. Müsavat Partiyasında başqan Arif Hacılını bacarıqsızlıqda, siyasətdə naşılıqda, eqoizmdə, şəxsi mənafeyini üstün tutmaqda təqsirləndirən neçə- neçə funksioner etiraz əlaməti olaraq qurumu tərk etdi. Onlar partiyada hökm sürən fikir ayrılıqlarına və bəzi qaranlıq məqamlara izahat tələb etsələr də cavab ala bilmədilər. Bu tələblərdən biri Müsavat rəhbərliyinin “siyasi mühacir” biznesi ilə nə vaxtdan məşğul olmasının tarixinin açıqlanması idi. Lakin rəhbərlik susdu və cavab verib rüsvay olmaqdansa, məsuliyyəti səssiz-səmirsiz öz üzərinə götürməyi daha münasib saydı. Ona görə də fikir ayrılıqlarını qəbul etməyən başqan müavini Elman Fəttah keçən ilin sonlarında bəyanat verərək partiyanı tərk etdi. Müsavat Divanının üzvü Alya Yaqublu isə partiyada baş verənlərin səbəbini Arif Hacılının orada avtoritar rejim yaratması ilə əlaqələndirdi və bir çox suallarına konkret cavab gözlədi. O, veriləcək cavabı hələ də gözləyir.

Belə məlum olur ki, Müsavatın bir neçə funksioneri öz şıdırğı alverləri ilə məşğuldurlar və hətta başqan müavinlərinin sual və tələblərini qulaqardına vurub cavab verməyi belə caiz bilmirlər. Çünki partiyanın parçalanıb dağılması onları o qədər də maraqlandırmır, təki cibləri dolsun.

Dağıdıcı müxalifətin “analığa” digər iddialı qurumu olan AXCP-də də oxşar hadisələr davam etməkdədir. Ancaq bir fərq var ki, Əli Kərimli “siyasi mühacir” alverində daha fəaldır. O, hətta Fransanın Strasburq şəhərində bu sahədə şəbəkə də yaradıb.

Keçən il Əli Kərimli manevr etməyə, müxalifətin əsas fiquru olmağa çalışdı və bu yolda çıxarmadığı hoqqa qalmadı. Ona görə də hamının qarşısında gözükölgəli olan partiya rəhbəri ötən il ərzində cəmi bir dəfə jurnalistlərin qarşısına çıxıb müsahibə verdi. O, opponentlərinə məhz özünün “ana müxalifət” olduğunu sübut etmək üçün populyarlaşmağa can atdı. Bunun üçün sosial şəbəkələri seçdi. AXCP-çilər sosial şəbəkələrdə başqalarının adına açılmış saxta profillərlə paylaşdıqları statusları “layk” etməklə məşğul oldular. Əli Kərimlinin tapşırığı ilə vətəndaşların səhifələrinə cürbəcür yalan məlumatlar yerləşdirildi və Əli Kərimlinin çirkin təbliğatı aparıldı. Onun tərəfdarları indi də “feysbuk”da status paylaşmaqla məşğuldurlar. Həmin statuslarda gah xalqdan imdad diləyən, bu baş tutmadıqda təhqir edən, “ana müxalifət” “postunu” ələ keçirmək məqsədi ilə iqtidara və xalqa müxalifət yolunu seçən kərimliçilər xarici ağalarının tapşırıqlarını yerinə yetirmək üçün hər cildə girirlər.

2017-ci ildə “Məhsul” stadionuna beş-on nəfəri yığa bilməyən müxalifətçilər yenə də kompüter arxasına keçərək “mübarizə” aparırlar. “Feysbuk”da haray-həşir salırlar ki, guya onların səhifələrini ələ keçiriblər. Xalqı çaşdırmaq üçün saxta profillərin sayını isə artırmaqdadırlar. Məqsəd aydındır: insanları aldatmaq və xarici ağalarına bu barədə hesabat vermək. Təbii ki, bu “hesabatın” arxasında külli miqdarda pullar durur. Həmin pulların qədərini isə bir Əli Kərimli bilir, bir də pulu verən xarici ağalar.

Təəccüblü orasıdır ki, görəsən bunların özlərinin cəmiyyətdə qəbul olunmadıqlarından xəbərləri yoxdurmu? Doğrudanmı xalqa gərəksiz olduqlarını hələ də anlamırlar?