17 oktyabr 2017 16:26
602

Yeni Azərbaycan Partiyası xalqın inam və güvənc yeridir

Ötən gün Yeni Azərbaycan Partiyası (YAP) Qobustan rayon təşkilatının təhsil şöbəsi ərazi ilk partiya təşkilatı partiyanın yaradılmasının 25-ci ildönümü  münasibətilə tədbir keçirib. Rayon Təhsil şöbəsi ərazi ilk partiya təşkilatının sədri Solmaz Rəsulova partiyanın yaranma tarixi ilə bağlı ətraflı məlumat verib.

YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev bildirib ki, partiyanın ölkəmizin çətin və böhranlı dövründə tarixi zərurətdən meydana çıxdığını iftixar hissi ilə söyləyirik: “Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi nəcib amalı özünün siyasi idealı, əsas  strateji xətti seçən partiya müstəqilliyimizlə yanaşı addımlayıb”.

Daha sonra YAP Qobustan rayon təşkilatı İdarə Heyətinin üzvü Mahir Soltanov, rayon Şurasının üzvü Sevil Kərimova və digərləri çıxış edərək vurğulayıblar ki, çox ağır və çətin şəraitdə yaradılan partiya şərəfli yol keçərək cəmiyyətin aparıcı siyasi təşkilatına çevrilib. Qeyd olunub ki, bu müddət ərzində ölkəmizin müstəqilliyi qorunub saxlanıb və beynəlxalq aləmdə mövqeyi güclənib.

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə növbəti tədbir partiyanın Qobustan rayon təşkilatının SES ərazi ilk partiya təşkilatında “Dünənimizin, bu günümüzün və gələcəyimizin partiyası - Yeni Azərbaycan Partiyası” mövzusunda keçirilib.

Qobustan SES silsiləsinin rəisi Ramiz Hümbətov partiyanın yaranma tarixi, inkişaf mərhələləri, ölkənin ictimai-siyasi həyatındakı müstəsna rolu barədə geniş məlumat verib.

YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev partiyanın yaranma tarixi və Azərbaycan dövlətçiliyinin inkişafında oynadığı rol barədə  danışıb. Qeyd edib ki, YAP 25 ildir ki, ölkəmizin inkişafında, uğurlu layihələrin həyata keçirilməsində aparıcı və mütəşəkkil siyasi qüvvə kimi iştirak edir.

YAP Qobustan rayon təşkilatı SES ərazi ilk partiya təşkilatının sədri Yasər Alıyev bildirib ki, Azərbaycanın ictimai-siyasi həyatında çoxşaxəli fəaliyyətilə xüsusi yer tutan partiyamız 25-ci ildönümünü qeyd edir: “Lakin tarixə nəzər salarkən bu 25 ilin heç də asan keçmədiyini müşahidə etmiş oluruq. 1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı və bununla da Azərbaycan inkişaf yoluna qədəm qoydu”.

Cavid Əkbərov,

“İki sahil”