13 iyul 2018 16:23
1274

Heç bir qüvvə Azərbaycanı inkişaf yolundan döndərə bilməz

Məlum olduğu kimi, iyul ayının 10-da bir qrup radikal dini yönümlü şəxslər Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərdilər. Amma onların bu cəhdlərinin qarşısı qətiyyətlə alındı. Göründüyü kimi, Azərbaycanın əldə etdiyi uğurlar, ölkəmizin istər region, istərsə də qlobal səviyyədə həyata keçirilən siyasətin formalaşdırılmasında söz sahibi olması bəzi siyasi qüvvələri narahat edir və buna görə də respublikamıza qarşı təzyiqlər edilməsinə, müxtəlif təxribatlar törədilməsinə cəhd göstərirlər.

Sözügedən hadisə ilə bağlı bir neçə paytaxt sakini arasında sorğu keçirib onların bu cür təxribatlara qarşı fikirlərini öyrəndik.

Jalə Tofiqqızı, Binəqədi rayonu Rəsulzadə Bələdiyyəsi sədrinin köməkçisi:

- Azərbaycanın müstəqil siyasət yürütməsini gözü götürməyənlər, onu həzm edə bilməyənlər, eyni zamanda, erməni lobbisi və onun havadarları nailiyyətlərimizə kölgə salaraq ölkəmizdə qarışıqlıq yaratmaq istəyiblər. İyul ayının 10-da bəzi qüvvələrin Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə təxribatçıların əli ilə törədilən qanlı olaylar bundan əvvəl ölkəmizdə yaşanan üç mühüm hadisə ilə bağlı idi. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, Milli Ordumuzun möhtəşəm paradı, Naxçıvanda Günnüt əməliyyatı nəticəsində torpaqlarımızın azad edilməsi Azərbaycan dövlətçiliyinə qənim kəsilən radikal qüvvələri iğtişaşlar törətməyə vadar etdi. Ancaq iğtişaş törətməyə can atanlar unudurlar ki, bu gün Azərbaycan dövləti çox güclüdür, bütün təxribatların qarşısını almağa qadirdir. Azərbaycan xalqı yüksək etimad göstərdiyi Prezident İlham Əliyevə güvənir və onun arxasındadır, pozucu qüvvələrə heç bir zaman meydan verməz. XXI əsrin əsas probleminə çevrilmiş terror bütün bəşəriyyət əleyhinə yönəldilmiş bir aksiyadır. Azərbaycan dövləti  bu cür qanlı hadisələrlə  dəfələrlə qarşılaşmış və həyatın bu ağır sınağından milli birlik nümayiş etdirərək alnıaçıq, üzüağ çıxmışdır. Bu dəfə də belə oldu. Heç bir xarici qüvvə Azərbaycan xalqının iradəsini qırıb, onun milli birliyini poza bilməz.

Günel Hacıyeva, həkim:

- Son günlər Gəncədə baş verən hadisələr məni çox sarsıtdı. İlk öncə Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdin hazırlanması, ardınca iyul ayının 10-da bir qrup radikal tərəfindən şəhərdə asayişin pozulması, hər zaman xalqın diqqətini çəkən, xalqın qulluğunda duran, xalqın keşiyini çəkən iki polis zabitinin hansısa bir şərəfsizlər tərəfindən qətlə yetirilməsi həqiqətən bizləri çox təəssüfləndirdi. Mən inanıram ki, Azərbaycanın dövlət orqanları tərəfindən bunlar layiqli cəzalarını alacaqlar. Hər ikisinə Allahdan rəhmət diləyirəm. Bu qanlı hadisəni törədənlərin hamısına ar olsun!

Nuranə Quliyeva, müəllimə:

- Bu günlər Gəncədə baş verən hadisələri bir vətəndaş olaraq çox böyük ürək ağrısı ilə izlədim. Azərbaycanda heç vaxt iğtişaşın olmasını istəmirəm. Bu xəbəri eşidəndə çox pis oldum. Hətta məyus oldum ki, Gəncədə təxribatçıların əli ilə baş vermiş hadisələr zamanı iki polisimiz şəhid oldu. Biz bu acınacaqlı olaya ictimai-siyasi qiymət verməliyik, mövqeyimizi birmənalı bildirməliyik. Bu, əsl mənada dövlətə və dövlətçiliyə zərbə vuran terror hadisəsidir. Heç bir terror, heç bir qüvvə müstəqil Azərbaycanı inkişaf  yolundan döndərə bilməz.

Mənsumə Babayeva,

“İki sahil”