19 iyul 2018 22:08
1416

“Təhsil avtobusu–2018” Masallıda

Təhsil Nazirliyinin həyata keçirdiyi "Azərbaycan üçün öyrət" təhsil proqramı çərçivəsində təşkil olunan “Təhsil avtobusu-2018” iyulun 19-da Masallıya gəlib.

Masallıdakı “ASAN həyat” kompleksində keçirilən yay məktəbinin açılış mərasimində layihənin təşkilatçıları ilə yanaşı, rayon təhsil şöbəsinin nümayəndələri, Xallıcalı, Meşəkənar və Təkdam modul tipli kənd məktəblərinin şagirdləri iştirak ediblər.

Layihənin meneceri Ülviyyə Axundova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, iyulun 23-dək davam edəcək "Təhsil avtobusu-2018" yay məktəbinin məqsədi bölgələrdəki modul tipli və orta məktəblərinin şagirdlərinin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşlərinin formalaşmasına təsir etmək, onların dərsə maraqlarının artırılmasına şərait yaratmaqdır. “Təhsil avtobusu” Bakı-Quba-Masallı-Şəmkir-Şəki-Qəbələ-Bakı marşrutu üzrə səyahət edəcək.

Yay məktəbinə ölkəmizin 5 bölgəsindəki məktəblərin akademik göstəriciləri zəif və orta olan VII-IX sinif şagirdləri cəlb olunacaqlar. Məktəblilərin hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən keçiriləcək fərdi inkişaf təlimləri və intellektual yarışlarda iştirak edəcəklər.

Masallıda keçirilən yay məktəbində təlimçilər Ramal Verdiyev "Mənim uğurlu karyeram", Nərmin Qəhrəmansoy “Kommunikasiya bacarıqları”, Çingiz Səlimov və Elvin Məhərrəmov “Robotlarla iş", Elçin Mehdiyev "Sığorta” mövzularında çıxış ediblər.

Yay məktəbinin iştirakçıları arasında "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib. Təlimlər və oyunlarda fəal iştirak edən şagirdlərə sertifikatlar verilib.

Qeyd edək ki, “Təhsil avtobusu–2018” yay məktəbi layihəsi Təhsil Nazirliyinin təşkilatçılığı, “Engin” LTD MMC, “Kapital Bank”, “Ekspo 2025 Bakı”, “Bakcell”, “GoldenPay”, “Microsoft Azərbaycan” və “PAŞA Sığorta” şirkətlərinin dəstəyi, “1News.az”, “Azərbaycan İntellektual Klublar Assosiasiyası”, “ARB TV”, “ASAN xidmət”, “Bir” Tələbə-Könüllü proqramı, “Code Tusi”, “Edumap” təhsil portalı, “Edutainment.az”, “Engineering For Kids”, “SABAH” qrupları, “Şərq-Qərb” ASC, “Təhsil TV və “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə həyata keçirilir.

“Təhsil avtobusu–2018” yay məktəbinin növbəti ünvanı Şəmkir rayonu olacaq.