22 iyul 2018 18:34
2329

Niyaz Niftiyev: Media sektoru kifayət qədər uğurlu yol qət edib

"İstər ümummilli lider Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin mətbuata münasibəti yüksək səviyyədə olub"

“Bu gün Azərbaycan mediası kifayət qədər demokratik, azad və dinamik inkişaf mərhələsinə qədəm qoyub. Peşəkar jurnalist kontingenti formalaşır. Media 15-20 il bundan əvvəl olduğu kimi ayrı-ayrı siyasi partiyaların istək və arzularına deyil, oxucuların maraqlarına xidmət edir. Ümummilli məsələlərdə həmrəylik nümayiş etdirən, dövlətin və millətin maraqlarını korporativ istəklərdən və çirkin niyyətlərdən öndə tutan KİV orqanlarımız, jurnalistlərimiz çoxluq təşkil edir”.

Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında “Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev dedi. Onun fikrincə, problemlərimiz olsa da onların həlli istiqamətində fəallıq nümayiş etdirilir: “Bu problemlər daha çox reklam məsələləri və ixtisaslaşma ilə bağlıdır. Onların da zamanla həll olunacağına, jurnalistikanın sağlam rəqabət şəraitində daha da inkişaf edəcəyinə inanıram. Əlbəttə, çoxları iddia edə bilər ki, medianın inkişafı ölkənin ümumi inkişaf tempinə tərs mütənasibdir. Amma elə deyil, media sektoru kifayət qədər uğurlu yol qət edib”.

N.Niftiyev vurğuladı ki, istər ümummilli lider Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin mətbuata münasibəti yüksək səviyyədə olub: “Heydər Əliyev media üzərindən senzurani qaldıran, İlham Əliyev isə mətbuata dövlət qayğısını əsirgəməyən dövlət başçıları kimi tarixə düşüb”.

Ötən bu illərdə media qanunvericiliyi təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırıldığını deyən baş redaktor əlavə etdi ki, Prezident İlham Əliyevin Sərəncamı ilə KİV-in İnkisafi üçün Dövlət Dəstəyi Konsepsiyası qəbul edilib, KİV-ə Dəstək Fondu yaradılıb: “Həmin Fondun vasitəsilə çap mediasına davamlı yardımlar göstərilir. Eyni zamanda jurnalistlər arasında ildə bir neçə dəfə müxtəlif mövzuları əhatə edən yazı müsabiqələri təşkil olunur. Fond həmçinin bu prosesə digər dövlət qurumlarını da cəlb edir. Bütün bunlar həm jurnalistlərin yaradıcılıq imkanlarını genişləndirir, həm də onların maddi vəziyyətlərini qismən də olsa yaxşılaşdırır”.

N.Niftiyev hesab edir ki, Prezident İlham Əliyevin mətbuata dəstəyinin ən bariz nümunəsi isə əlbəttə, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atdığı addımlardır: “Bu nəcib təşəbbüs sayəsində yüzlərlə həmkarımız evlə təmin olunub.

Düşünürəm ki, Prezident İlham Əliyev ölkədə medianın azad və müstəqil inkişafı üçün hər şeyi etməyə hazır olan bir lideridir”.

Məhərrəm Ağalaroğlu,

“İki sahil”