07 avqust 2018 22:38
1248

Avropa ölkələri üçün yeganə yeni mənbə Azərbaycandır

Dövlətimizin başçısı dünyanın biznes icmasına Azərbaycanı nəinki mühüm coğrafi mövqeyə və təbii sərvətlərə malik, o cümlədən islahatlara, dəyişikliklərə və şaxələndirməyə sadiq ölkə kimi təqdim etməyin vacibliyini bildirir

“Enerji şaxələndirilməsi istiqamətində atılan addımlarımız öz bəhrəsini verir. Çünki bu da çox önəmlidir. Azərbaycanın icra etdiyi layihələr, onların üstünlüyü ondan ibarətdir ki, bizdə həm marşurutlar, həm mənbələr çoxşaxəlidir. Çünki bu gün bizim üçün əsas bazar Avropa bazarıdır və Avropa üçün də yeni mənbələr böyük əhəmiyyət daşıyır. Əlbəttə, marşurutlar da önəmlidir. Ancaq əsas enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi deyəndə, ilk növbədə, yeni mənbələr nəzərdə tutulur. Avropa ölkələri üçün yeganə yeni mənbə Azərbaycandır.” Dövlətimizin başçısı İlham Əliyev uğurlarımıza söykənərək bildirir ki, Azərbaycan dünyada neft-qaz hasil edən, bazarlara ixrac edən etibarlı tərəfdaş kimi tanınır. Azərbaycanın malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayan Beynəlxalq Xəzər neft-qaz sərgilərinin iştirakçılarının sayının artması, həmçinin sərgidən sərgiyə, yəni bir ildə Azərbaycanın enerji sektorunda əldə olunan uğurlara baxış və yeni əməkdaşlıq üçün istiqamətlərin müəyyənləşdirilməsi, ölkəmizin regional əməkdaşlığın aparıcı qüvvəsi kimi dünyanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələri bir daha bu reallığı ortaya qoyur ki, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi nüfuz qazanıb. Bunu son zamanlar ölkə Prezidenti İlham Əliyevin Belçika və Fransaya, eyni zamanda İtaliya Prezidenti Sercio Mattarellanın ölkəmizə səfəri çərçivəsində aparılan müzakirlər, imzalanan sənədlər də təsdiqlədi. İmzalanan “Tərəfdaşlığın priorietləri” sənədində Azərbaycanın dünyanın enerji təhlükəsizliyinə verdiyi töhfələr önə çəkilərək “Cənub Qaz Dəhlizi”nin bu töhfələrin miqyasının daha da genişlənməsi üçün stimul olduğu bildirilir. “Cənub Qaz Dəhlizi”nin açılışı, onun əsas seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsi, həmçinin istifadəsi 2020-ci il üçün nəzərdə tutulan TAP çoxtərəfli əməkdaşlığın inkişafına xidmət edən mühüm addımlar kimi təqdir olunur. Reallaşan hər iki layihənin Bakıda və Türkiyənin Əskişəhər şəhərində keçirilən açılış mərasimlərində də ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ilə bağlı səsləndirilən ürəkaçan fikirlər bütünlükdə Azərbaycanın daxili və xarici siyasətinə verilən dəyər kimi qəbul olundu. Neft-qaz sahəsində görülmüş işləri tarixi hadisə adlandıran, əhəmiyyətini yüksək dəyərləndirən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, bunlar Azərbaycanın regional əməkdaşlıq istiqamətində apardığı siyasətin uğurudur. “Həm “Cənub Qaz Dəhlizi”nin, həm TANAP layihəsinin istifadəyə verilməsi tarixi hadisələrdir. Bunlar dünyada da çox böyük əks-səda yaradan layihələrdir” söyləyən ölkə Prezidenti İlham Əliyevin vurğuladığı kimi, XXI əsrin möcüzəsi adlandırılan “Cənub Qaz Dəhlizi”nin dörd seqmentindən üçünün - “Şahdəniz-2”, “Cənubi Qafqaz Kəməri” və TANAP layihəsinin reallaşması, 2020-ci ildə istifayə verilməsi nəzərdə tutulan TAP-ın inşasının cədvəl üzrə icrasının davam etməsi tərəfdaşlıq formatının müsbət nəticələrindəndir.

Məlumdur ki, dövlətimizin başçısı İlham Əliyev 2014-cü ildə “Əsrin müqaviləsi”nin 20 illiyində “Cənub Qaz Dəhlizi”nin təməlinin qoyulması mərasimində bu mühüm hadisəni bu günə qədər görülən işlərin zirvəsi kimi dəyərləndirmişdir. Qeyd olunmuşdur ki, BTC və BTƏ neft-qaz layihələri olmasaydı, bu gün “Cənub Qaz Dəhlizi”ndən danışmaq qeyri-mümkün idi. Reallaşan və gündəmə gətirilən yeni-yeni layihələr Azərbaycanın sabitlik diyarı və böyük investisiyalar məkanı kimi mövqeyini möhkəmləndirir. Son 15 ildə ölkə iqtisadiyyatına yatırılan sərmayələrin həcmi 231 milyard dollardan artıqdır ki, bunun böyük əksəriyyətini xarici investisiyalar təşkil edir. Təbii ki, bu da ölkəmizə olan diqqətin və inamın göstəricisidir.

Ölkəmizin rolu artdıqca imkanları, beynəlxalq nüfuzu, təsir imkanları da genişlənir. Getdikcə ölkəmizin tərəfdaşlarının coğrafiyası genişlənir. İmzalanan yeni müqavilələr sözsüz ki, əməkdaşlıqda yeni istiqamətlərin müəyyənləşdirilməsində stimulverici amildir. Azərbaycan liderlik mövqeyini nümayiş etdirməklə Avropanın enerji xəritəsini yenidən tərtib edir. Dünya enerji bazarında mövqeləri möhkəmlənən Azərbaycanın imkanlarının tükənməzliyi ölkəmizin alternativ layihələrinin gerçəkləşməsi təşəbbüsünün şaxələndirilməsi imkanlarını artırır. Bölgədə siyasi sabitliyin qorunmasında, dövlətlər arasında iqtisadi, siyasi əməkdaşlığın möhkəmlənməsində böyük xidmətləri olan Azərbaycan neft-qaz, nəqliyyat layihələrinin reallaşmasında təşəbbüskar bir dövlət kimi vədinə sadiqliyini bəyan edir. Ölkə Prezidenti bir daha qeyd edir ki, “Cənub Qaz Dəhlizi”nin reallaşması iqtisadi və siyasi imkanlarımızı daha da genişləndirəcək. Bu məqam da xüsusi vurğulanır ki, bütün bu işləri ona görə edirik ki, ölkəmiz daha güclü, mövqelərimiz daha möhkəm olsun, dünyada daha böyük nüfuza malik olaq və ən önəmlisi, Azərbaycan xalqı daha da yaxşı yaşasın.

“Hazırda bizim əsas prioritetimiz qeyri-neft sektorunun inkişafıdır. Biz neft sektorunda əldə etdiyimiz təcrübəni, xüsusilə xarici sərmayədarlarla əməkdaşlıq təcrübəmizi indi qeyri-neft sektoruna da tətbiq etməyə çalışırıq və bu sahədə də uğurlara nail ola bilmişik” söyləyən dövlətimizin başçısı İlham Əliyev bu bu reallığı diqqətə çatdırır ki, əgər o vaxt “Əsrin kontraktı” imzalanmasaydı, Azərbaycanda neft-qaz sahəsinə investisiyalar, “Şahdəniz” yatağına heç bir sərmayə qoyulmazdı. Əgər neft-qaz kəmərləri tikilməsəydi, bu gün “Cənub Qaz Dəhlizi” icra edilə bilməzdi. Əgər nəqliyyat layihələri icra olunmasa idi, bu gün Bakı-Tbilisi-Qars layihəsinə heç kim vəsait qoymazdı. Məhz “Əsrin kontraktı”nın uğurla icra edilməsi imkan verdi ki, neftdən əldə olunan vəsait insan kapitalına, qeyri-neft sektoruna, infrastruktur layihələrinə yönəldilsin. Ölkə Prezidenti, eyni zamanda, bildirir ki, əslində bizim fəaliyyətimizin əsas istiqamətləri daxili tələbatı yerli istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarətdir. Sahibkarlığın inkişafına xidmət edən addımların davamlılığı da bu məqsədə xidmət edir. Qiymətlərin tənzimlənməsi, idxala mane olan süni maneələrin aradan qaldırılması istiqamətində görülən tədbirlər sayəsində inhisarçılıq, korrupsiya halları aradan qaldırılır. Xarici investisiyaların ölkəmizə cəlbi istiqamətində önəmli addımlar atılır. İnvestisiya cəlbediciliyinə görə xarici iş adamlarının maraq göstərdiyi Azərbaycanda ixracın təşviqi sistemi yaradılır, dünya bazarına çıxarılan məhsulların keyfiyyəti beynəlxalq standartlara uyğunlaşdırılır. Bu, onu göstərir ki, son illər ərzində ölkə iqtisadiyyatının güclənməsinə imkan yaradan sahələrə böyük həcmli investisiyalar qoyulub, dövlət dəstəyi gücləndirilib. “Azərbaycan olduqca münbit sərmayə mühitini yaradıb” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi hesabına davamlı və sabit iqtisadi inkişafa nail olunması, ÜDM-nin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması, bütün bölgələrin sosial-iqtisadi vəziyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili və maddi rifah halının yaxşılaşdırılması, orta təbəqənin formalaşdırılması və cəmiyyət həyatında rolunun artırılması insan amilinə verilən dəyərin göstəriciləridir. Son illərdə Sahibkarlığın İnkişafı Fondunun xətti ilə sahibkarlara dövlət tərəfindən 2 milyard manatdan çox güzəştli şərtlərlə kredit verilmişdir. O da bildirilir ki, bu kreditlər, eyni zamanda, sahibkarların qoyduqları vəsaitlər hesabına icra edilən layihələr bu gün deməyə əsas verir ki, biz qeyri-neft ixracımızı artırırıq. Çünki əgər bu kreditlər olmasaydı, bir çox layihələr icra edilməmiş qalardı və bu gün nəinki ixrac potensialımızın artırılmasından, ümumiyyətlə, daxili tələbatın ödənilməsindən söhbət gedə bilməzdi. Ona görə dövlət siyasəti, sahibkarlığa göstərilən həm siyasi dəstək, mənəvi dəstək, maliyyə dəstəyi və sahibkarlığın inkişafı üçün aparılan ciddi islahatlar və onlara edilən güzəştlər bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verən əsas amillərdən biridir.

Hazırda qeyri-neft sektoru iqtisadiyyatın təxminən 75 faizini təmin edir. Dövlətimizin başçısı bildirir ki, qarşıda dayanan əsas vəzifə ixracda da şaxələndirməyə nail olmaqdır. Göründüyü kimi, ölkəmizin iqtisadi böhrandan ən az itki ilə çıxması üçün yerli resurslardan istifadə imkanları və daxili potensialı tükənməzdir. Bu əsas məqam da nəzərə almalıyıq ki, əgər bizdə bu güclü təbii resurs olmasaydı, qeyri-neft sektoru nəyin hesabına inkişaf etdirilə bilərdi? Daxili investisiyaların həcmi artmaqdadır. Bu, sözsüz ki, dövlətimizin sahibkarlığın inkişafına diqqət və qayğısından irəli gəlir. Cənab İlham Əliyev bildirir: “İnvestisiya təşviqi mexanizmi özünü tam doğruldub... İnvestisiya təşviqi mexanizmi qədər bizə investisiya gətirən ikinci amil yoxdur. Ona görə, sahibkarlar da bunu yüksək qiymətləndirirlər. İş yerləri də açılır və gözəl iqtisadi sənaye potensialı yaranır.” Dövlətimizin başçısı dünyanın biznes icmasına özümüzü nəinki mühüm coğrafi mövqeyə və təbii sərvətlərə malik, o cümlədən islahatlara, dəyişikliklərə və şaxələndirməyə sadiq ölkə kimi təqdim etməyin vacibliyini diqqətə çatdırır. “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədirlər haqqında” fərmandan irəli gələn vəzifələrin uğurlu icrası sözsüz ki, bu məqsədə öz böyük töhfəsini verəcək. Eyni zamanda “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmana uyğun olaraq tərtib olunan yol xəritələri hədəflərə çatmaqda stimuldur. Bu xəritələr milli iqtisadiyyatın perspektivini, neft-qaz sənayesinin inkişafını, kənd təsərrüfatı məhsullarının istehsalı və emalını, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalını, ağır sənaye və maşınqayırmanın, ixtisaslaşmış turizm sənayesinin, logistika və ticarətin, uyğun qiymətə mənzil təminatının, peşə təhsili və təliminin, maliyyə xidmətlərinin, telekommunikasiya və informasiya texnologiyalarının, kommunal xidmətlərin inkişafını nəzərdə tutur. Ümumilikdə, atılan addımlar “Made in Azerbaijan” brendinin dünyada şöhrət qazanmasını şərtləndirir.

Yeganə Əliyeva, “İki sahil”