11 sentyabr 2018 14:14
1824

Azərbaycan müxtəlif sivilizasiyaları, dinləri özündə birləşdirən ölkədir

Dövlətimizin başçısı İlham Əliyevin son səfərləri və səfərlər çərçivəsində imzalanan sənədlər əlaqələrin yeni istiqamətlər üzrə inkişafına yol açır

Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurları belə ümumiləşdirir: “Beləliklə, apardığımız uğurlu xarici siyasət nəticəsində Azərbaycan demək olar ki, bütün ölkələrlə, bütün güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qura bilmişdir. Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında qurulur. Beləliklə, ölkəmizin uğurlu inkişafı üçün çox gözəl beynəlxalq mühit mövcuddur. Deyə bilərəm ki, bu mühiti biz yaratmışıq. Əminəm ki, bundan sonra da bu istiqamətdə ardıcıl siyasət aparacağıq.”

Xarici siyasətin əsas tərkib hissələrindən olan ikitərəfli əlaqələrin qurulması və münasibətlərdə yeni prioritetlərin müəyyənləşdirilməsi sahəsində Azərbaycanın əldə etdiyi uğurların miqyası genişdir və bunu dövlətimizin başçısı İlham Əliyevin son səfərləri, səfərlər çərçivəsində tərəfdaşlığın inkişafına yönələn sənədlərin imzalanması bir daha təsdiqləyir. Nəzərə alaq ki, qonşu, eyni zamanda, Avropa dövlətləri ilə əməkdaşlığın daha da inkişafı əsas prioritetlərdəndir. Bu baxımdan ölkə Prezidenti İlham Əliyevin Rusiya, Belçika, Fransa və Xorvatiyaya səfərləri, eyni zamanda, İtaliya Prezidenti Sercio Mattarellanın və Almaniyanın Federal Kansleri Angela Merkelin ölkəmizə səfərləri xarici siyasətdə uğurlarımıza, eyni zamanda, Azərbaycana beynəlxalq dəstəyə geniş işıq salır. Bu gün yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə hər bir səfər çərçivəsində keçirilən görüşlərdə əsas diqqət yetirilməsi, ölkəmizin mövqeyinin dəstəklənməsi düşünülmüş və məqsədyönlü siyasətimizin uğurlarındandır.

Qeyd etdiyimiz kimi, qarşılıqlı səfərlər fonunda bu əlaqələr daha da möhkəmlənir, tərəfdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir. “Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşların münasibətləridir. Bu münasibətlər həyatımızın bütün sahələrini əhatə edir “ söyləyən Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan bütün qonşu dövlətlərlə sıx, dostluq və qardaşlıq münasibətləri qurur və əlaqələrin inkişafı üçün potensial imkanlar mövcuddur. Münasibətlərin inkişaf səviyyəsindən razılığını ifadə edən ölkə Prezidenti İlham Əliyev vurğulamışdır ki, siyasi, ticari-iqtisadi, humanitar sahələrdə  əməkdaşlıq üçün imkanlar genişlənir. Yəni münasibətlərimiz çoxşaxəlidir. Qədim dostluq və mehriban qonşuluq ənənələrinə söykənən Rusiya-Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini bildirən Rusiya Federasiyasının prezidenti Vladimir Putin bu əminliyi ifadə etmişdir ki, münasibətlərin bundan sonra da  inkişaf etməsi regional sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması, Cənubi Qafqazda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsi, xalqlarımızın əsaslı maraqlarının reallaşması üçün xüsusi əhəmiyyət kəsb edir. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri, ATƏT-in Minsk qrupunun həmsədri dövlət kimi Rusiyanın mövqeyi təbii ki, ölkəmiz üçün önəmlidir. Dövlətimizin başçısı İlham Əliyevin Rusiyaya rəsmi səfərində də V.Putin bu bəyanatla çıxış etmişdir ki, Minsk qrupunun həmsədri kimi Rusiya bu münaqişənin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməyi göstərməkdə davam edəcək.

Son üç ayda Rusiya Prezidenti ilə 3 dəfə görüşdüyünü xatırladan cənab İlham Əliyev bildirmişdir ki, müntəzəm əlaqələr çox möhkəm bazaya əsaslanan münasibətlərə dinamizm verir. Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşların münasibətləridir.

Ötən ay Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın imzalanmasında da sahilyanı ölkələr arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi rol oynadı. Uzun illərdən bəri davam edən danışıqlar prosesi sonda bütün tərəfləri razı salan, ən əsası beynəlxalq hüquq normalarına əsaslanan sənədin imzalanması ilə yekunlaşdı. Konvensiyanın imzalanması və onun müddəalarının reallaşdırılması beş Xəzəryanı ölkənin hər birinin mənafelərinə uyğundur.

Atılan hər bir addım, imzalanan sənədlər özlüyündə münasibətlərin inkişafına əlavə imkanlar yaradır. Azərbaycan Prezidentinin Rusiya səfəri çərçivəsində neft-qaz sahəsində əməkdaşlığa dair mühüm sənədlər imzalanmışdı. “Bu, bizim əməkdaşlığımızın ənənəvi sahəsidir” söyləyən cənab İlham Əliyev bildirmişdir ki, bu sahədə çox yaxşı potensial və perspektivlər vardır.

Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın xarici siyasətində Avropa istiqamətinin xüsusi yeri vardır. Son səfərlər də bunu deməyə əsas verir. Avropa İttifaqına üzv olan ölkələrə ardıcıl səfərlər, eyni zamanda, yuxarıda qeyd etdiyimiz kimi, İtaliya və Almaniyanın dövlət başçılarının ölkəmizə səfərləri münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Məlumdur ki, cənab İlham Əliyevin Belçikaya səfəri zamanı Avropa İttifaqı ilə ölkəmiz arasında “Tərəfdaşlığın prioritetləri” sənədi imzalanmışdır ki, bu sənəddə ayrı-ayrı sahələr üzrə əlaqələrin inkişafına stimul verən imkanlar öz əksini tapmışdır. Avropa İttifaqı ilə münasibətlərin sağlam təməl əsasında qurulmasının nəticəsidir ki, ölkəmiz hazırda bu təşkilatın bir çox proqramlarında fəal iştirak edir. Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur. Dövlət başçısının son səfərlərində də bu fikir xüsusi qeyd olunmuşdur ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı və investorlarından biridir. “Tərəfdaşlıq prioritetləri” sənədində də bildirilir ki, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur.

Ölkə Prezidentinin Xorvatiyaya səfəri də həm ikitərəfli, həm də Avropa İttifaqı səviyyəsində əlaqələrin inkişafına böyük stimul verir. Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç əlaqələrin inkişafından razılığını ifadə etmişdir. İki ölkə arasında enerji sahəsində əməkdaşlığın inkişafı üçün mövcud imkanlardan geniş bəhs olunmuşdur.

Səfərlər çərçivəsində diqqət göstərilən sahələrdən biri də Azərbaycanın demokratik islahatlar sahəsində qazandığı uğurlardır. Ölkəmizdə insan hüquqlarının qorunması, mətbuat azadlığının təmin edilməsi istiqamətində atılan addımlardan geniş bəhs edən dövlətimizin başçısı İlham Əliyev hər görüşdə bu əminliyi ifadə etmişdir ki, Azərbaycan bundan sonra da demokratik islahatları davam etdirəcək, ölkəmizin davamlı inkişafı təmin ediləcək. İtaliya Prezidentinin, həmçinin Almaniya Kanslerinin ölkəmizə səfərləri çərçivəsində keçirdikləri görüşlərdə də ölkəmizin demokratik, multikultural dəyərlərin inkişafı istiqamətində atdığı addımlar təqdir olunmuşdur. Bu fikir xüsusi vurğulanmışdır ki, Azərbaycan ənənələri olan ölkədir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin yüksək səviyyədə qeyd olunduğu, ən əsası “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyi 2018-ci ildə keçirilən tədbirlər ölkəmizin bütün istiqamətlərdə əldə etdiyi təcrübələrin nümunə olmasına işıq salır.

Bu baxımdan bir məqamı da qeyd etməliyik ki, Azərbaycanın xarici siyasətində müsəlman ölkələri ilə əməkdaşlıq da xüsusi önəm daşıyır. Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə səfəri də bu baxımdan əhəmiyyətlidir.  İki ölkə arasında münasibətlər qədim tarixə malikdir. Bu günümüzün əsas çağırışlarından birinin İslam həmrəyliyinin möhkəmləndirilməsi olduğunu nəzərə alsaq səfərin əhəmiyyəti daha geniş çərçivədə aydın olar. Sirr deyil ki, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub, İslam dininin yayılmasında və eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynayıb. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir. Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib və bunlar davamlıdır. Ölkəmizin İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapıb.

Ölkələr, xalqlar arasında oynadığı dostluq korpüsü roluna daim yeni-yeni əlavələr edən Azərbaycanın Prezidentinin bu və ya digər xarici ölkələrə, eyni zamanda, digər ölkələrin dövlət başçılarının ölkəmizə səfərləri təhlil edilərkən, sözsüz ki, bu mövqeyi daim yüksək dəyərləndirilib. Azərbaycan müxtəlif sivilizasiyaları, dinləri özündə birləşdirən ölkədir. Bu müxtəliflik onun tolerant ölkə olmasının nümayişidir. Tacikistan Prezidenti Emoməli Rəhmon ölkəsinin xalqlarımız arasında tarixi-mədəni birliyə və çoxəsrlik ənənələrə əsaslanan dostluq əlaqələrini yüksək dəyərləndirdiyini qeyd etmişdir: “Bu gün Tacikistan-Azərbaycan münasibətləri getdikcə inkişaf edir. Biz qarşılıqlı maraq doğuran əməkdaşlığımızın bütün istiqamətləri üzrə məhsuldar fəaliyyətimizin genişləndirilməsində və dərinləşdirilməsində maraqlıyıq. Əminəm ki, bu gün əldə edəcəyimiz razılaşmalar çoxşaxəli tərəfdaşlığımızı yeni məzmunla zənginləşdirəcək, daha yüksək və keyfiyyətli səviyyəyə çıxaracaq.” Azərbaycanın müstəqillik tarixində qazandığı uğurları yüksək dəyərləndirən Tacikistan Prezidenti ölkəmizin beynəlxalq arenada mövqeyinin möhkəmlənməsindən məmnunluğunu ifadə etmişdir. Ölkəmizə beynəlxalq baxışın yüksək səviyyədə olmasını şərtləndirən amillərdən söz açan E.Rəhmon bildirmişdir ki, ölkənin uğurunun parlaq nümunəsi onun paytaxtının simasının ildən-ilə dəyişməsidir: “Bakı bu gün haqlı olaraq dünyanın ən gözəl və müasir şəhərlərindən biri sayılır. Bütün bu nailiyyətlər Sizin cəmiyyət tərəfindən daha çox və hərtərəfli dəstəklənən uğurlu dövlət siyasətinizlə əlaqədardır.” Regional əməkdaşlığa davamlı töhfələr verən Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyi əlaqələrin yeni-yeni istiqamətlər üzrə inkişafında stimulverici amildir. Qeyd etdiyimiz kimi,  hər bir səfər münasibətlərin inkişafında yeni bir mərhələnin başlanğıcıdır.

Cari ilin ötən dövründə reallaşdırılan səfərlərdən, beynəlxalq əhəmiyyətli tədbirlərdən bəhs edərkən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitini xüsusi qeyd etməliyik. Dövlətimizin başçısı Sammitdə Azərbaycanın bütün türkdilli dövlətlərlə sıx əlaqələr saxladığını, əlaqələrin gündən-günə möhkəmlənməsi üçün imkanların mövcudluğunu diqqətə çatdırmışdır. VI Zirvə görüşünün iştirakçılarının çıxışlarında, eyni zamanda qəbul olunan Bəyannamədə bu inam ifadə olunmuşdur ki, türkdilli dövlətlər arasında dostluq, qardaşlıq daha da möhkəmlənəcək, əməkdaşlıq əlaqələri genişlənəcək. Əməkdaşlıq Şurasının növbəti Sammitinin gələn il Bakıda keçirilməsi barədə qəbul olunan qərar bir daha ölkəmizin bu birliyə töhfələrinin miqyasının nə qədər geniş olduğuna aydınlıq gətirir.

Azərbaycanın xarici siyasətdə uğurlarından bəhs edərkən YUNESKO-nun Ümumdünya İrs Komitəsinin növbəti 43-cü sessiyasının Bakıda keçirilməsi ilə bağlı qəbul olunan qərarı da xüsusi qeyd etməliyik. Bu mühüm qərar Azərbaycanın milli mənəvi dəyərlərimizin, tarixi-mədəni irsimizin qorunması və təbliği, eyni zamanda, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək olmaq istiqamətində atdığı addımların uğurlu nəticəsidir.

Qısa təhlil əsasında Azərbaycanın cari ilin ötən dövründə xarici siyasət sahəsində uğurlarının miqyasının nə qədər geniş olduğunu görürük. Qarşılıq hörmət və maraqlar prinsipini həyata keçirdiyi siyasətin önündə saxlayan Azərbaycan böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər qurur.

Yeganə Əliyeva, “İki sahil”