19 sentyabr 2018 00:50
2333

Vətənə, dövlətə və dövlətçiliyə on il şərəfli xidmət

Bu gün “Səs” İnformasiya Agentliyinin 10 illik yubileyidir. Ötən 10 il ərzində Azərbaycanın digər kütləvi informasiya vasitələri arasında özünəməxsus dəst-xətti və mövqeyi ilə seçilən "Səs" İnformasiya Agentliyi hörmətli həmkarımız Bəhruz Quliyevin rəhbərliyi ilə iş prinsiplərini zamanın tələblərinə uyğun quraraq cəmiyyət həyatının bütün sahələrini, ictimai maraq kəsb edən aktual mövzuları həmişə diqqət mərkəzində saxlayıb, milli dövlətçilik ənənələrinin əsl təbliğatçısı olub, öz oxucu auditoriyasının informasiya ehtiyacını ödəməyə çalışıb.

Demokratik düşüncəli, Azərbaycanın müstəqilliyi yolunda əzmlə çalışan ziyalıların tribunasına çevrilmiş “Səs” İnformasiya Agentliyinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvəffəqiyyətlə davam etdirdiyi siyasətin, həyata keçirilən genişmiqyaslı islahatların, qazanılan uğurların ölkə daxilində və beynəlxalq aləmdə təbliğində böyük xidmətləri var.

Biz fəaliyyət göstərdiyi bu 10 il ərzində amallarına sadiq qalmış "Səs" İnformasiya Agentliyinin kollektivinin bundan sonra da həqiqət carçısı olacağına, ictimai maraqların, milli dövlətçilik mənafelərinin qorunmasında yüksək peşəkarlıq və prinsipiallıq göstərərək, jurnalistikanın mütərəqqi ənənələrini layiqincə davam etdirəcəyinə inanır və sizə perspektiv fəaliyyətinizdə uğurlar arzulayırıq!

Hörmətlə,

“İki sahil” qəzetinin kollektivi adından

Baş redaktor Vüqar Rəhimzadə