24 sentyabr 2018 22:59
3090

NATO-Azərbaycan dialoqu: zəngin potensial, böyük perspektiv

Ən müasir silahlarla, texnika ilə,  Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin  müəssisələrində istehsal olunan hərbi təyinatlı məhsullarla təmin edilən  ordumuzun  qüdrəti  artır, potensialı güclənir. Son illərdə  yaradılan 20-dən çox hərbi zavodda istehsal olunan 1200 adda hərbi təyinatlı müxtəlif məhsullarla  təchiz edilən ordumuzun aprel döyüşlərində, Günnüt əməliyyatında  qazandığı uğurlar ölkədə ordu quruculuğu  istiqamətində aparılan islahatların ünvanlı tətbiqinin nəticəsidir.   Müdafiə  Sənayesi Nazirliyinin istehsalı olan hərbi təyinatlı məhsulların beynəlxalq sərgilərdə  nümayiş etdirilməsi, böyük marağa səbəb olması,  ixracı ölkəmizin müdafiə qüdrətinin göstəricisidir.

“Son illər ərzində ən müasir texnika və silahlar alınıbdır. Onların arasında yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən sistemlər, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi nəqliyyat, nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, ən müasir artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri - bütün bunlar bizim hərbi gücümüzü artırır. Deyə bilərəm ki, ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir” söyləyən  Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, güc  dünya siyasətinin əsas amilidir.  Bunu nəzərə alan, iqtisadi imkanları artan  Azərbaycanın  qüdrətli dövlətlərdə tətbiq olunan ən müasir  silah və texnika almaq istəyi  mövcud  maliyyə resurslarının və güclü iradənin nəticəsidir.

 Beynəlxalq hərbi ekspertlərin də qeyd etdikləri kimi, dünyanın ən qüdrətli 50 ordusu arasında   yer alan  Azərbaycan Ordusu, yüksək döyüş əhval-ruhiyyəsində olan  Silahlı Qüvvələrimizin əsgər və zabitləri respublikanın təhlükəsizliyini, əhalinin əmin-amanlığını və mühafizəsini təmin etmək,  sərhədlərimizi sudan, qurudan, havadan qorumaq,  Ermənistan silahlılarının nəzarət etdikləri  torpaqlarımızı işğaldan azad,  ərazi bütövlüyümüzü bərpa etmək iqtidarındadır.   Atəşkəs rejiminə əməl etməyən  Ermənistanın intensivləşən hərbi müdaxilələrinin  qarşısını alan, 2014-cü ilin  iyul-avqust aylarında, həmçinin 2016-cı ilin  aprel döyüşlərində  ermənilərin  təxribat-kəşfiyat qruplarının təmas xəttində törətdikləri xəyanət nəticəsində yaranan hərbi qarşıdurmada düşmənə ağır zərbə vuran,  Ermənistana layiq olduğu  dərsi verən Azərbaycan  əsgərlərinin mətanəti göstərdi ki, dünya birliyində nüfuzu  getdikcə  artan,  mövqeləri möhkəmlənən, siyasi və diplomatik əlaqələri genişlənən Azərbaycan  həm də güclü müdafiə qüdrətinə malikdir. Bu baxımdan  ən güclü, siyasi -hərbi təşkilat NATO-nun ölkəmizlə əməkdaşlıqda maraqlı olması təbiidir. 

 Belçika Krallığına  səfərdə olarkən NATO-nun mənzil qərargahında  keçirilən görüşlərdə iştirak edən Prezident İlham Əliyevlə birgə mətbuata bəyanat verən  Şimali Atlantika  Alyansının  Baş katibi  Yens Stolterberqin “NATO ilə Azərbaycan  arasındakı tərəfdaşlığın başlanğıcı uzun illər bundan öncəyə təsadüf edir. Bu tərəfdaşlığın təməli demokratik  dəyərlərə və prinsiplərə sadiqlik əsasında qoyulub”   sözləri qurumla Azərbaycan arasında  uğurla davam etdirilən, qarşılıqlı  faydalı əməkdaşlığın göstəricisidir. 

  ABŞ və Avropanın bir neçə dövlətini birləşdirən NATO-nun Lissabon, Brüssel, Çikaqo, Uels, Vaşinqton zirvə görüşlərində,  nüvə təhlükəsizliyi  məsələsinə həsr olunmuş Koreya, Çikaqo sammitlərində, Münxen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağla  əlaqədar məsələnin müzakirəsi,  bəyanatların qəbulu, həmin sənədlərdə  Azərbaycanın ərazi bütövlüyünün tanınması  dünya birliyində etibarlı tərəfdaş kimi dəstəklənən ölkəmizə etimaddan irəli gəlir. NATO PA-nın “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” mövzusunda 86-cı Rouz-Rout seminarının Bakıda keçirilməsi də ölkəmizə önəmli tərəfdaş kimi verilən   xüsusi dəyər idi. 

1992-ci ildən əsası qoyulan, 1994-cü ildən etibarən “Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşularaq NATO ilə   əməkdaşlıq edən ölkələrlə  qarşılıqlı əlaqələri  möhkəmləndirən Azərbaycan  Alyansın bütün tədbirlərində  iştirak edərək ordu quruculuğu sahəsində  mühüm nailiyyətlər qazanır. Hərbçilərimiz münaqişə bölgələrində,  sülhməramlı əməliyyatlarda fəal iştirak edir, beynəlxalq sülhün və sabitliyin bərqərar olunmasına töhfəsini verir. Azərbaycan sülhməramlıları NATO-nun “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyası” çərçivəsində Əfqanıstanda vəzifələrini şərəflə yerinə yetirirlər. NATO-nun əməliyyatlarında ( KFOR, İSAF) iştirak edən Azərbaycan   Qətiyyətli Dəstək Missiyasına, Milli Etimad Fonduna  töhfə verir. Nizam-intizamı, hərbi təchizatı ilə dünyanın ən qüdrətli orduları sırasında adı çəkilən   əsgərlərimizin döyüş qabiliyyəti, hazırlığı , nizam -intizamı ilə əlaqədar ölkəmizə minnətdarlıq məktublarının göndərilməsi subut edir ki, Azərbaycan  bölgənin ən güclü ordusuna malikdir.  NATO-ya üzv dövlətlərin iştirakı ilə keçirilən   zirvə görüşlərində   Azərbaycanın ərazi bütövlüyünü, süverenliyini və müstəqilliyini dəstəkləyən kommunikenin, bəyanatların qəbulu isə xüsusilə  əhəmiyyətlidir. Cənubi Qafqazda mövcud olan münaqişələrin məhz beynəlxalq hüququn  prinsipləri və normaları, BMT Nizamnaməsi və  Helsinki Yekun Aktı əsasında  həllinin dəstəkləndiyi bu  sənədlər danışıqlar prosesində nəzərə alınır.

 Bu günlərdə ölkəmizə səfəri çərçivəsində Prezident İlham Əliyevlə,  Azərbaycan Respublikasının Birinci  vitse-prezidenti Mehriban Əliyeva ilə görüşlər keçirən NATO Baş katibinin müavini xanım Rouz Qotemöllerin Azərbaycan -NATO əməkdaşlığına böyük önəm verməsi Şimal Alyansın ölkəmizdə ordu quruculuğu sahəsində aparılan islahatlara verilən  dəyərdir.

 Səfər çərçivəsində bir neçə tədbirdə iştirak edən xanım Rouz Qotemöllerin qeyd etdiyi kimi 2002-ci ildən NATO hərbçiləri ilə Əfqanıstanda sülhyaratma missiyasını layiqincə yerinə yetirən, Qətiyyətli Dəstək Missiyasında iştirak edən Azərbaycan sülhməramlılarının sayı 120 nəfərə çatdırılmışdır. Azərbaycanın Əfqanıstanın milli ordusuna göstərdiyi maliyyə yardımını, logistika və  nəqliyyat problemlərinə həllini,  Əfqanıstan ordusunun şəxsi heyəti üçün təlimlərin təşkili Şimal Alyansla ölkəmiz arasındakı qarşılıqlı əməkdaşlığın uğuru kimi, dəyərləndirilir. Prezident İlham Əliyevin cari ilin iyul ayında  Brüssseldə  NATO Zirvə toplantısı çərçivəsində  Alyansın Baş katibi Yens Stortenberqlə keçirilən görüşün əhəmiyyətini diqqətə çatdıran Birinci vitse-prezident Mehriban Əliyeva onu da vurğulamışdır ki,  NATO-ya üzv dövlətlər tərəfindən Azərbaycanın suverenliynin və  ərazi bütövlüyünün dəstəklənməsi respublikamızın beynəlxalq sülhə verdiyi dəyərin qiymətləndirilməsi deməkdir.

 Bu günlərdə   Bakıda  “Qadınlar, sülh və təhlükəsizlik” mövzusunda konfransın keçirilməsi NATO-nun humanitar siyasətinin respublikamızda yüksək qiymətləndirilməsinin təzahürüdür.  NATO-nun fəaliyyət istiqamətlərindən olan  gender məsələlərinə, qadınlar, sülh və  təhlükəsizlik  mövzusuna göstərdiyi diqqət də dünyada sülhün qorunmasına xidmət edir. “Çox xoşdur ki,  bu mövzuya həsr olunan  konfrans bu günlərdə Azərbaycanda keçirilib” söyləyən Mehriban Əliyeva Ermənistanın torpaqlarımızı işğalı nəticəsində  qadın və uşaqların üzləşdikləri çətinlikləri, adi yaşayış hüquqları pozulan Azərbaycan vətəndaşlarının problemlərini qonağın diqqətinə çatdıraraq vurğulamışdır ki,   BMT və bir çox beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qətnamələrdə işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz  çıxarılması tələb edililsə də münaqişənin ədalətli, beynəlxalq hüququn norma və  prinsipləri əsasında həllində israrlı olan ölkəmizin ərazi bütövlüyü hələ də bərpa  olunmayıb, qaçqın və köçkünlərin doğma yurdlarına qayıtmaq problemləri həllini tapmayıb.  

 Birinci  vitse-prezident qonaqların diqqətinə çatdırmışdır ki, 100 il bundan əvvəl yaranan Azərbaycan Xalq Cümhuriyyətinin humanist addımlarından olan və Şərqdə ilk demokratik respublika kimi ölkəmizdə qadınlara seçki hüququnun verilməsi insan hüquqlarının qorunmasına töhfə idi. Müstəqilliyimizin bərpasından sonra cəmiyyətin aparıcı qüvvələri olan qadınların ölkənin ictimai -siyasi həyatındakı rolundan bəhs olunan görüşdə vurğulanmışdır ki,   Azərbaycan Silahlı Qüvvələri tərkibində  qadınların xidmət göstərməsi gender bərabərliyinin ifadəsidir.

  Azərbaycan Respublikası Ərazilərinin Minalardan təmizlənməsi üzrə  Milli Agentlik ilə  NATO-nun Dəstək və Təchizat Agentliyinin (NSPA) Sülh Naminə Tərəfdaşlıq Etimad  Fondunun birgə həyata keçirdiyi “Geyrançöl ərazisinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi” birgə  layihəsinə həsr olunan tədbirdə də Şimal Alyansla Azərbaycan arasındakı qarşılıqlı əməkdaşlığın tərəflərə verdiyi faydalardan ətraflı danışılmışdır.  Layihəni təhlükəsizlik  baxımından vacib amil kimi dəyərləndirən, əməkdaşlığın məntiqi nəticəsi adlandıran Rouz Qotemöller bu prosesin davamlı olacağını da bildirmişdir.

 NATO ilə  ölkəmizin birgə maraq dairəsində olan prinsiplərdən ən başlıcası beynəlxalq terrorizmə qarşı mübarizədə birgə iştirakdan duyuluan məmnunluqdur. Dünyada sülhün , əmin-amanlığın  təminatına  xidmət edən qlobal beynəlxalq layihələrin təşəbbüskarı olan Azərbaycan  NATO ilə əməkdaşlığı  çərçivəsində  vədinə sadiqliyini  terrora qarşı birgə mübarizə sahəsində də  doğruldur.  Əfqanıstanın inkişafının təminatına  göstərdiyi hərtərəfli yardımlar, hava məkanından istifadə və tranzit marşrutları vasitəsilə  göstərdiyi siyasi dəstəyə görə ölkəmizə  minnətdarlığını bildirən NATO təmsilçiləri dəfələrlə  bildirmişlər ki,   XXI əsrdə  qloballaşan dünyada   təhlükəsizlik çağırışlarına dəstək göstərən rəsmi Bakı ilə əməkdaşlıqda israrlıyıq, dialoqumuzun və əlaqələrimizin güclü çərçivəsi vardır. İllərdən bəri Ermənistanın maliyyələşdirdiyi terror təşktlatlarının törətdikləri  faciələrdən əziyyət çəkən Azərbaycan  insanların kütləvi qırğınını, soyqırımları, miqrantlara qarşı göstərilən ədalətsizliyi cinayət  adlandıraraq siyasi, hərbi, ekoloji, mənəvi terroru  pisləyir.

 NATO-nun ən güclü  üzvü olan ABŞ Dövlət Departamentinin bu günlərdə  açıqlanan hesabatında  ölkəmizin 2017-ci ildə terrorçuluqla  mübarizəsindəki fəaliyyətinin yüksək qiymətləndirilməsi    beynəlxalq terrorizmə qarşı mübarizəni fəaliyyətinin əsas prinsipləri kimi  daim diqqətdə saxlayan NATO-nun ölkəmizə verdiyi dəyərlə  eynilik təşkil edir. Hesabatda bildirilir ki,  Azərbaycan ölkənin quru və  dəniz yolları ilə  insan, pul və mal daşınmasına yönəlmiş terrorçuluq fəaliyyətinin aşkar edilməsi və qarşısının alınmasında  fəal iş görüb. Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri terror hücumlarının qarşısının alınması, terrorçuların izlənməsi və həbsi ilə bağlı  əməliyyatları  müvəffəqiyyətlə davam etdirir.  Sənəddə vurğulanır ki, hesabat ilində Azərbaycan  NATO-nun antiterror təşəbbüslərini, “Asiyanın Qəlbi- İstanbul  Prosesi”nə həmsədrlik edərək Əfqanıstanda  təhlükəsizliyin və sabitliyn möhkəmlənməsi üzrə  səylərini davam etdirir.  Terrorla mübarizədə  öz sözünü vədinə sadiqliyi ilə bildirən Azərbaycana bu cür etimad ölkəmizin çoxtərəfli əməkdaşlığa da istənilən töhfəni verməyə hazır olduğunu  göstərir.

 Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji və nəqliyyat layihələrinə  dəstək olan NATO rəsmiləri “Cənub Qaz Dəhlizi”ni, TANAP-ı, Bakı-Tbilisi-Qars dəmiryolunun əhəmiyyətini diqqətə çatdırır: “Bu  Asiya və Avropa arasında ən qısa yoldur və Əfqanıstana təchizat bu  marşrut vasitəsilə daha asan və səmərəli olacaqdır.”

İllərin təcrübəsi göstərir ki, qurumun təlim məşqlərində, sülhyaratma missiyasında iştirak edən Azərbaycan öz Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində addımlar atır və Alyansın dəstəyindən yararlanır. Dünyada sülhün , əmin-amanlığın  təminatına  xidmət edən qlobal beynəlxalq layihələrin təşəbbüskarı olan Azərbaycanın  NATO ilə münasibətləri, Xəzər regionunda ölkəmizin ən iri beynəlxalq ticarət limanının tikintisi Avrasiyada  yeni əməkdaşlıq imkanları yaradacaq ki,  Əfqanıstan da bölgə dövləti kimi bu layihədən yararlanacaq.

Reallıq budur ki, Ermənistandan fərqli olaraq daxili, xarici siyasətində müstəqil olan Azərbaycan bölgə dövlətləri arasında  NATO ilə “Sülh Naminə Tərəfdaşlıq” Proqramı çərçivəsində  sıx əməkdaşlıq edir, iqtisadi qüdrəti ilə seçilən ən önəmli partnyordur və  əməkdaşlığının böyük potensialı vardır.

Xuraman İsmayılqızı, “İki sahil”